“Xaricdə kitab çap eləmək, hələ hər şey demək deyil”

“Bütün əsərlər sevgi, nifrət, müharibə, qəzəb üzərində yazılır. Əsas məsələ mövzuya yanaşmaqdan irəli gəlir”




Azərbaycanda son illərdə ədəbiyyata maraq azalıb. Demək olar ki, ölkədə heç bir ədəbi proses getmir. Ədəbi nəşrlər fəaliyyət göstərsə də, onları oxuyanların sayı həddindən artıq azdır. Bu məqam da istər-istəməz nəşrlərin fəaliyyətinə mənfi təsir göstərir. Ədəbiyyatla bağlı jurnal və qəzetlərin fəaliyyətində müəyyən dərəcədə zəiflik hiss olunur. Eyni zamanda yazılanların bir çoxunda zamanla ayaqlaşma istiqamətində problemlərin olduğu da diqqət çəkir. Sırf ədəbiyyatımızın inkişafı naminə iş görən çox az sayda ədəbi dərgi və internet portalları var ki, onlardan biri də "Kult.az” saytıdır. Son günlər mediada Azərbaycanın ilk mədəniyyət portalının satılması ilə bağlı məlumatlar yer alıb ki, bu da təbii olaraq Azərbaycan oxucusu tərəfindən maraqla qarşılanıb. Həm bu marağı nəzərə alaraq, həm də Azərbaycan ədəbiyyatında baş verən son prosesləri dəyərləndirmək üçün "Kult.az”ın yaradıcısı Zahir Əzəmətlə əlaqə saxladıq.

Onu çox adam "ədəbiyyat fədaisi” kimi tanıyır. İşlədiyi qəzetlərdə, yaratdığı saytlarda hər zaman ədəbiyyatın, kitabın təbliğatı ilə məşğul olub. Hər zaman gənc imzaların dərc olunmasına yardımçı olub.

Qeyd edək ki, portalın keçmiş rəhbəri "Kult.az”ı bağlamadığını, sadəcə bundan sonra oxuculara başqa adda təqdim edəcəyini deyib: "Kult.az” domeni satıldı, "Edebiyyat.biz” gəlir! Artıq gələn həftədən sayt "Edebiyyat.biz” ünvanında fəaliyyət göstərəcək. Sayt da indiyə qədər dərc olunan bütün materiallar yeni ünvandan əlçatan olacaq. "Kult.az” domeninin transfer prosesi başa çatandan sonra ətraflı məlumat veriləcək. Hələlik qarşı tərəf ad çəkilməsini istəmədiyi üçün heç nə deyə bilmərəm.

- "Kult.az”ı satmaq qərarınız nəylə bağlıdır?

- Biz məhz "Kult.az” vasitəsilə ədəbiyyat sahəsindəki bəzi problemləri aradan qaldırmağa səy göstərdik. Kifayət qədər istedadı və qələmi olan gənclər var idi ki, çap oluna bilmirdilər. Biz əlimizdən gəldiyi qədər bu boşluğu doldurmağa çalışdıq. Zənnimcə, fəaliyyətdə olduğu 7-8 il ərzində "Kult.az” qarşısına qoyduğu ənənəvi missiyasını başa vurmuş oldu. Bu gün yaxşı kollektivi, maliyyə imkanları olan kifayət qədər internet portalları fəaliyyət göstərir. Ədəbiyyata gələn heç bir gəncin çap olunmamaq kimi bir problemi yoxdu. Bu mənada biz öz məqsədimizə çatdığımız üçün "Kult.az” domeninə maraq göstərən həmkarlarımızın təklifini dəyərləndirməyi lazım bildik. Bilirsiniz ki, digər sahələrlə müqayisədə ədəbiyyat portalları o qədər də qazanclı sahə deyil. Düşündüm ki, "Kult.az”ı başqa bir adda çıxarıb, ona ödənilən məbləğdən görəcəyimiz işlər üçün istifadə edə bilərəm.

- "Ədəbiyyat. biz”də kimlərlə işləyəcəksiniz. Yeni koolektiv olacaq, yoxsa, əvvəlki işçilər...

- Eyni sistem, eyni mexanizm davam edəcək. Kiçik. Lakin intellektual çevrə ilə işləmək mənim üçün başlıca şərtdir. Heç vaxt oxucu arxasınca qaçmamışam. Yenə də eyni xətti davam etdirəcəm. Ciddi müəlliflərlə gənc müəllifləri bir arada tutub, səviyyəli oxucularla ünsiyyət qurmağa davam edəcəyik.

- Maraqlıdır, müasir Azərbaycan ədəbiyyatının hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- İndiki situasiyada Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatında baş verən prosesləri öyrənmək və onunla ayaqlaşmaq mərhələsindədir. Daha doğrusu, buna cəhd edir. Çünki Azərbaycan ədəbiyyatının dünya ilə ayaqlaşması üçün qarşısında uzun bir yol var. Bunun üçün ədəbiyyatımız böyük və ağır proseslərdən keçməlidir. Daxili mexanizmlər bizdə tam formalaşmayıb. Ədəbiyyatla qurumlar arasındakı münasibətlər, kitabların aktuallığı, dünya ölkələri ilə əlaqələr bizim dünya ədəbiyyatı ilə ayaqlaşmağımızı xeyli ləngidir. Yəqin ki, hələ bunun üçün onilliklər lazım olacaq. Mövcud duruma sırf yaradıcılıq kontekstindən yanaşdıqda isə yenə eyni cür münasibət sərgiləyə bilərik. Müəyyən hərəkətlənmə hiss olunmasına, tərcümələr edilməsinə rəğmən hələ ki, durğunluq var. Dünyada yazılan son romanlarla yanaşı qoyula biləcək, kitab bazarında söz sahibi ola biləcək əsərlər hələ ki, bizdə qələmə alınmayıb. Bunun üçün də zamana ehtiyac var.

- Bəs ədəbiyyatın durumu cəmiyyətin vəziyyəti ilə əlaqəlidirmi? Onların bir-birinə təsir etmək imkanı hansı səviyyədədir?

- Cəmiyyətimizdə, iqtisadiyyatımızda durum necədirsə, ədəbiyyatımız da həmin vəziyyətdədir. Bütün sahələrin bir- birinə təsir imkanı var. Hesab edirəm ki, cəmiyyətimiz tam şəkildə formalaşdığı an ədəbiyyatımız da yüksək mərhələyə qədəm qoyacaq. Əks halda, dediyim kimi həmin yüksəkliyə çatmaq üçün bizə onilliklər lazımdır. Təbii ki, istisna deyil ki, indiki situasiyada Azərbaycan ədəbiyyatında bir ulduz parlasın və onun fitri istedadı bütün barielləri aşsın. 100-200 ildən bir Allahın ədəbiyyata bəxş elədiyi fitri istedadlar olur ki, onların yazdığı fövqəl əsərlər birdən-birə ədəbiyyatı ən yüksək mərhələyə qaldırır. Bugünkü mexanizmlər imkan vermir ki, yaxşı yazılmış hər hansı bir əsər Biləcəridən o tərəfə keçsin. Əslində Azərbaycan ədəbiyyatının internet vasitəsilə dünyaya çıxmaq imkanları var, sadəcə Azərbaycan dilimizin aryalı kiçik olduğu üçün müəyyən məhdudiyyətlər yaranır. Bunu aşmaq üçün isə hansısa dövlət qurumlarının dəstəyi ilə inkişaf etmiş dillərə tərcümə olunmalı və dünya naşirlərinə təqdim olunaraq onun piarı aparılmalıdır.

- Necə bir əsər yazmaq olar ki, Azərbaycan ədəbiyyatını dünya ədəbiyyatı ilə ayaqlaşdıra bilsin?

- Konkret olaraq, ad çəkmək çətindir. Ədəbiyyat sualçılığı sevmir. Həm də ki, ədəbiyyatın mövzuları onsuz da məhduddur. Bütün əsərlər sevgi, nifrət, müharibə, qəzəb üzərində yazılır. Əsas məsələ mövzuya yanaşmaqdan irəli gəlir. Müxtəlif dövrlərdə yazarlarımız fərdi şəkildə dünyaya çıxa bilsələr də, Azərbaycan ədəbiyyatı dünya kitab bazarında özünə yer tuta bilməyib. Xaricdə kitab çap eləmək hələ hər şey demək deyil. Türkiyə nümunəsi bizim üçün ən uyğunudur. Vaxtı ilə qardaş ölkədə Xarici işlər nazirliyi layihə təqdim etdi və 5 il içərisində dünyada minə yaxın türk yazarlarının əsərlərini çap etdirəcəyini və piarını aparacağını bəyan etdi. Layihənin başlamasından 2-3 il sonra Orxan Pamuk "Nobel” aldı, bir çox müəlliflərin kitabları dünya bazarında özünə yer tutdu. Azərbaycanda isə hələ ki, sadəcə daxili bazara yönəli müəyyən addımlar atılır, dünya ədəbiyyatının inciləri dövlət büdcəsi hesabına çap olunur. Amma Azərbaycan ədəbiyyatının dünya bazarına təqdim olunması istiqamətində müəyyən addımların atılmasına ehtiyac var. Yalnız bu halda bilmək olar ki, dünya oxucusu Azərbaycandan nə istəyir. Əgər biz bazara çıxa bilsək, artıq avtomatik olaraq, Azərbaycan ədəbiyyatı özü-özünü qəlibləyəcək.

- 10-12 il əvvəl gənc yazarlar ədəbiyyata "hay-küylü” gəlmişdilər. Bu ötən müddət ərzində onlar özlərini Azərbaycan oxucusuna təqdim edə bildimi? Aralarında sözün həqiqi mənasında yazıçı potensialına sahib olanı varmı?

- Əlbəttə, kifayət qədərdir. Əslində onlar üçün artıq gənc istedad mərhələsi kifayət qədər geridə qalıb. Onlar arasında bu gün 4-5 roman müəllifi olan yazar var. Bir şeyi deyim ki, bir yazar üçün 40 yaşa qədər olan dövr məşq mərhələsidir. Adətən yazıçılar 40 yaşdan sonra ciddi əsər ortaya qoya bilir. Çox nadir hallarda 20-25 yaşlı bir gəncin əsəri şedevr səviyyəsinə yüksəlir. Bu isə yalnız fitri istedadlarda olur. Kitab bazarı sistemində aktiv iştirakçılardan biri olaraq deyə bilərəm ki, bu gün Azərbaycanda azdan-çoxdan oxunan əsərlərin, satılan kitabların müəllifi, məhz həmin uşaqlardır. Bizi geri çəkən texniki çatışmazlıqlardır. Təsəvvür edin, bizim məhəlli mövzularda, köhnə texnika ilə yazılarımız bir ingilis oxucusu üçün nə qədər maraqlıdır? Deməli, Azərbaycan yazarlarının dünyaya çıxış "bilet”i dünya oxucusunun zövqünə bələd olmaqdır. Bu da ta əvvəldə dediyim kimi mexanizmlərin yoxluğuna söykənir. Azərbaycan ədəbiyyatının aparıcı dillərə tərcümə prosesi sürətləndirilməli, müəlliflərimiz tez-tez dünya turlarına göndərilməlidir. Onu da deyim ki, durumumuz qənaətbəxş olmasa da, pessimist də deyilik. Ən azından fərdi halda belə olsa, xaricdə öz əsərlərini çap etdirən yazarlara rast gəlmək olur. Əli Əkbər artıq öz romanlarının bir neçə ölkədə çap olunması ilə bağlı dəvətlər alıb. Seymur Baycanın bir neçə əsəri rus dilində çap olunub. Şairlərimiz arasında da şeirləri ölkə xaricində oxunanları var. Müstəqillik dövründə parlayan Kamal Abdullanın kitabları 10-a yaxın ölkədə çap olunub. Sadəcə bunlar fərdi qaydada olduğu üçün ümumi səviyyəyə təsir göstərmir. Dünya kitab bazarı xəritəsində ayrıca Azərbaycan adı yer almayana qədər fərdlərin parlaması çətin olacaq. Necə ki, Orxan Pamuk "Nobel” alana qədər Nazim Hikmət, Yaşar Kamal imzaları Türkiyə ədəbiyyatını dünyaya təqdim eləmişdi. Bu inkişaf mərhələ-mərhələ Orxan Pamukda öz zirvəsinə çatdı.

Şəymən