“Bu adam sanki 50 qram içib, ağzına gələni danışır”

Şahbaz Xuduoğlu: “Gündə 2 kitab nəşr edən nəşriyyatı heç bir fakta əsaslanmadan ittiham etmək gülüncdür”




Tanınmış yazar Etimad Başkeçid "Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu zəif tərcümə əsərlərini yayımlamaqda ittiham edib. Yazıçının iddiasına görə, "Qanun” rəhbəri tərcümə əsərlərini diletantlara tapşırıb, professionallar isə kənarda qalıb.

"Ş.Xuduoğlu tələbələrə, ordan-burdan tapdığı adamlara iki-üç manat verib tərcümə elətdirir. Belə etmək həmin bədii əsərə və tərcümə sənətinə qarşı hörmətsizlikdir. Bu yolla o adam Azərbaycan tərcümə sənətinin gələcəyini şübhə altına alır. Tərcüməçilərin çörəyinə bais olur. Başa düşürəm, bu, biznesdir, puldur, amma ədəbiyyatı belə şeylərə alət eləmək olmaz”.

Yazıçının fikirlərinə münasibət bildirən Ş.Xuduoğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, qeyri-peşəkar yanaşmadır: "E.Baçşkeçid pis-yaxşı yazıçıdı. Onun da öz mövqeyi var. Amma bizim işimiz göz önündədi. Yaxşı tərcüməçi hesab etdiyi tərcüməçilərin əksəriyyəti bizdə çalışır. Bu baxımdan onun fikirlərini görülən işə pəl vurmaq kimi dəyərləndirirəm. Böhtandır. Baxın, elə adam var peşəkardı, amma tənbəldi. Peşəkar olub, tənbəllərdənsə, peşəkar olmayıb zirək olanlar daha yaxşı iş görür. Peşəkardı deyib, günə bir səhifə tərcümə edir. Mənə günə 10 səhifə tərcümə edən lazımdır. Məsələyə yanaşmamız belədir”.

Naşir bildirib ki, bu cür yanaşmanın heç bir əsası yoxdur:
"Elə tərcüməçilərimiz var ki, onlara heç qonorar verə bilmirik. Elə tərcüməçilər və redaktorlar mövcuddur ki, qonorar güdmədən tərcümələr edir. Kitab xatirinə bunu reallaşdırırlar. Maraqlıdır. E.Başkeçidi incidən nədir? Biz ona tərcüməmi verməmişik? Redaktəyə materialmı verməmişik? Tərcümə edəndə ona aşağımı qiymət demişik? Onun yanaşma tərzində daha çox şəxsi motiv görürəm. Bu iddialarda ictimai motiv yoxdur. Ortada fakt var. Bizlə çox tanınmış tərcüməçilər işləyir. Kim istəsə sübut edə bilərik. Nadir Qocabəyli, Nəriman Əbdürrəhmanlı, Mahir Qarayev, Aslan Quliyev, Samir Bulud və s. tərcüməçilərimiz yüksək səviyyədə tərcümələr ediblər. Bununla yanaşı gənclərə də yer ayırırıq. Əlimizdən səviyyəsiz, keyfiyyətsiz kitab çıxmayıb. Çıxa da bilməz. Mümkün deyil”.

Ş.Xuduoğlu onu da əlavə edib ki, yaxşı tərcümə olunmayan əsərlərimiz varsa, E.Başkeçid ortaya qoysun: 

"Əlində fakt varsa, ortaya qoy. De ki, bu tərcüməçi yaxşı tərcümə etməyib. Zay tərcümədi. İttiham edəndə əsaslandırmaq lazımdır. Motivasiya olmadan kiminsə fəaliyyətinə kölgə salmaq böhtandı. Onun söyləntilərinin heç bir əsası yoxdur. Bu adam sanki 50 qram içib, ağzına gələni danışır. Gündə 2 kitab nəşr edən nəşriyyatı heç bir fakta əsaslanmadan ittiham etmək gülüncdür”.

Ayyət Əhməd