“Yeni rəis gələndə məhbuslar pis fikirdə deyildilər...”

“Son günlər Qobustanda baş verənlərlə bağlı mənə də şifahi məlumatlar gəlir”



"Qobustan həbsxanasında 200-ə yaxın məhbus ağzını tikərək etiraz aksiyası keçirir. Onlar yeni rəis Fikrət Qafarovun məhbuslarla sərt davranmasına etiraz edirlər”. Bunu Qobustan qapalı həbsxanasında saxlanılan məhkumlardan birinin yaxını İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, işgəncəyə məruz qalan məhbuslar yaxınları ilə görüşmək istəmirlər: "Təzyiqlərə etiraz olaraq, məhbuslar aclıq aksiyası keçirirlər. Onlar yeməkdən və görüşdən imtina edirlər”. Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov isə yayılan məlumatları təkzib edərək Qobustan həbxsanasında heç bir aclıq aksiyasının keçirilmədiyini deyib. Məlumat üçün bildirək ki, bugünlərdə adı çəkilən həbsxanada 6 nəfər intihar məqsədilə özünü doğrayıb. Yeni rəisin sərt davranışlarına etiraz edən həmin məhbuslar qarın və qol nahiyələrini kəsici alətlərlə yaralayıblar.

Qobustan həbsxanasındakı aksiya söz-söhbətinə münasibət bildirən "Ömürlük Məhbusların Müdafiə Komitəsi”nin sədri Müslümət Rzaxanova bu barədə məlumat aldığını deyib: "Fikrət Qafarov Qobustan həbsxanasına rəis təyin olunanda biz məhbusların bir neçəsi ilə görüşüb, danışmışdıq. O zaman məhbusların əksəriyyəti yeni rəis barəsində pis fikirdə deyildilər. Məhbuslar həbsxanada qayda-qanun yaradılacağına inanırdılar. Ancaq görünür, proseslər cəza çəkənlərin arzuladığı istiqamətdə getməyib. Son günlər həbsxanada baş verənlərlə bağlı mənə də şifahi məlumatlar gəlir. Amma əlimdə təsdiqini tapmış yazılı informasiya olmadığı üçün 200 məhbusun ağzını tikməsi ilə bağlı konkret nəsə deyə bilmirəm. Şifahi söz söyləyəndə də mənə dərhal irad tuturlar ki, sən yalan danışırsan”. M.Rzaxanova bildirib ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Fikrət Qafarovu rəis təyin edərkən özü şəxsən Qobustan cəzaçəkmə müəssisəsində olub və həbsxananın durumu ilə yaxından maraqlanıb: "Yeni rəisin təyinatı əvvəlki özbaşınalıqları, işgəncələri aradan qaldırmaq üçün edilib. Bu baxımdan inanmıram ki, Qobustanda məhbuslara təzyiq edilməsi əmri yuxarıdan gəlmiş olsun. Belə versiya həqiqəti əks etdirmir. Ancaq onu da vurğulayım ki, əgər həbsxanada neqativ hadisələr olmasaydı, bu cür informasiyalar yayılmazdı. Nə qədər şişirdilsə də, adıçəkilən cəzaçəkmə müəssisəsində məhbusların təzyiqlərə məruz qaldığı bilinən həqiqətdir”.

İsmayıl