Sumqayıtda 21 gün öncə oğurlanan uşaq tapılıb

“Saxlamaq üçün oğurlamışdım, satmaq üçün yox”



Sumqayıtda oğurlanan körpə Bakıda tapılıb. Sumqayıt Şəhər Polis İdarəsindən verilən məlumata görə, avqustun 13-də oğurlanan 2 aylıq körpə ötən gün tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin birgə apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan körpə, 2014-cü il iyunun 6-da anadan olan Aylin Rasim qızı Əhmədli Binəqədi rayonu, 6-cı mikrorayon, ev 4a, mənzil 120-də tapılıb. Uşağı oğurlamaqda şübhəli bilinən 1968-ci il təvəllüdlü Xırda Əli qızı Babayeva saxlanılıb.

Qeyd edək ki, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu bir müddət əvvəl Sumqayıt şəhərində 2 aylıq körpənin oğurlanması faktı ilə bağlı birgə məlumat yayıblar.

Yayılan məlumatda avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədovanın DİN-in "102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki "Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirdiyi qeyd olunub.

Həmin faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.

Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşağı oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü "İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb. Orada vətəndaş Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parkda gəzintiyə çıxıb. Yaranmış fürsətdən istifadə edən X. Babayeva körpəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Sumqayıt şəhər Baş Polis İdarəsində avqustun 13-də iki aylıq körpəsi oğurlanan Aysel Səfərova ilə uşağı oğurlamış Babayeva Xırda Əli qızının üzləşməsi keçirilib. APA TV-nin məlumatına görə, körpənin anası Aysel Səfərova hadisənin təfərrüatlarını belə açıqlayıb: "Qadın getmək istəmirdi, məni yubandırırdı, elə hey deyirdi ki, indi gedəcəyik, bir azdan gedəcəyik. Axırda oğlum dedi ki, ana, gedək yelləncəyə minək. Bizi parka apardı, sonra uşağımı oğurladı”.

Xırda Babayeva sualları cavablandırmaqdan imtina edib: "Mənə artıq suallar verməyin, uşağı övladım olmadığına görə götürmüşəm. Eşitdim ana ola bilməyəcəyəm, süni mayalanma da olmaz, bu addıma əl atdım. Bu əməlin cinayət tərkibli olduğunu bilmirdim. Gözümü yumub bu işin dalınca getmişəm. Uşağı saxlamaq niyyəti ilə götürdüm. Mən oğru deyiləm, belə şeyləri bacarmıram”.

Gah hönkürtü ilə ağlayan, gah tam sakit görünən Xırda Babayevanın sözlərinə görə, uşağı 6-cı mikrorayon ərazisində kirayə yaşadığı mənzildə saxlayıb. Körpəni satmaq niyyətində olmadığını təkrarlayan qadının yerini Sumqayıt və Binəqədi rayon polis idarələrinin əməkdaşları müəyyən ediblər. Qadının tam dəqiq ünvanı bəlli olandan sonra əməliyyata start verilib. Mənzilə daxil olan əməliyyatçılar uşağı azad ediblər.

Sumqayıt şəhər Baş Polis İdarəsinin şöbə rəisi Zaur Quliyevin sözlərinə görə, uşağın tanınması üçün üzləşmə keçirilib: "Anası uşağı tanıdı, səhhətində heç bir problem olmadığı dəqiqləşdi, daha sonra körpə valideynlərinə təhvil verildi”

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü, adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. İstintaq araşdırmaları davam edir.