700 bal toplayan tələbə Bakıda kirayədə qalacaq

“11-ci sinifdə müəyyən şeylərə qadağalar qoydum”
Nicat Qasımov: “Sosial şəbəkələrə girmirdim, bilirdim ki, vaxtımı alacaq”



Bu ilə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) Ali məktəblərə qəbul üçün keçirdiyi dövlət imtahanlarında 7 nəfər maksimum - 700 bal toplayıb. Onlardan biri də Ağsu rayon sakini Nicat Qasımovdur. Gələcək planları barədə N.Qasımovun fikirlərini öyrəndik. O, "Şərq”ə müsahibəsində bildirdi ki, buna müvəffəq olması üçün kitabı əlindən düşürməyib: "Bütün günü çalışırdım. Kitabı əlimdən yerə qoymurdum. Gecələri kitabla yatıb, səhərləri kitabla açırdım. Sonunda da bəhrəsini gördüm.

- İlk olaraq bu xəbəri kimdən eşitdiniz və sizi ilk təbrik edən kim oldu?

- Özüm SMS göndərmişdim. Cavab gəlmədi. İş nömrəmi riyaziyyat müəllimim Tahir Xasıya da vermişdim. Tahir müəllim kompyuterlə baxıb, bildirmişdi. Elə ilk olaraq da o, təbrik etmişdi.

- Uğurunuza daha çox kimlər sevindi?

- Əlbəttə, öz ailəm. Atam daha çox sevincli idi. Sevincindən göz yaşlarını saxlaya bilmədi. Bütün ailə üzvlərim sevinirdi.

- İmtahanlara hazırlaşmaq üçün repetitor yanına gedirdinizmi? Yoxsa özünüz müstəqil şəkildə hazırlaşdınız?

- Düzdü, repetitor yanına getmişəm. Amma məktəbdə də yaxşı oxuyurdum. Yoldaşlarımdan seçilirdim. Həmişə oxuyan şagird kimi barmaqla göstərilirdim. Məktəb müəllimlərimində üzərimdə çox böyük əziyyəti olub.

- Sizi kitaba, təhsilə, tədrisə kökləyən kim və ya nə olub? Hansı maraqlar sizi bu sahəyə sövq edib?

- Bizdən əvvəl bitirib, ali məktəbə qəbul olunanalara baxıb, daha da həvəslənirdim. Düşünürdüm ki, mən də onlar kimi olmalıyam. Özümə həmişə bu sualı verirdim ki, qəbul olanlar məndən hansı məziyyətlərinə görə fərqlənirlər. Sonra deyirdim ki, heç nəylə. Oxumağım üçün valideynlərim lazımi şərait yaratmışdılar. Özüm də hiss edirdim ki, oxuyub qəbul ola bilərəm. Özümdə o potensalı və gücü görürdüm. Adətən, bizim məktəbi qurtarıb, tələbə adını qazananlar müəllimlərimizə baş çəkirdilər. Müəllimlərimiz də onları bizə örnək göstərirdilər. Onları məktəbdə gördükcə, kitaba olan marağım daha da artırdı. Ona görə də qarşıma məqsəd qoydum ki, mən də ali təhsil almalıyam. Həm də ali təhsilli, intellektual insanlara cəmiyyətdə də çox fərqli yanaşma var. Düzdü, bunu özləri deməsələr də kənardan görünür. Düşündüm ki, bir halda ki, buna potensialım yetər niyə də olmasın. Bundan sonra başladım bütün günü kitablarla uğraşmağa. Nəticə də göz önündədir.

- Hazırlaşanda 700 bal toplayıb, digər yoldaşlarınızdan fərqlənəcəyinizə inanırdınızmı?

- Ötən illərdə 700 bal toplayanlara həmişə həsrətlə baxırdım. Fikirləşirdim ki, görəsən necə toplayıblar. Elə onlardan bir neçəsinin açıqlamasını oxumuşdum. Bildirmişdilər ki, bunun üçün yalnız oxumaq və ya kitabı əlindən düşürməmək lazımdı. Mən də o cür edirdim. Maksimum balı toplayacağıma tam əmin olmasam da içimdə elə bir hiss yaşadırdım.

- Kitab yoluna valideynlərinizmi təhrik edib? Yoxsa özünüzmü seçmisiniz?

- Oxumağım üçün heç kim təsir etməyib. Düzdü, valideynlərim deyirdilər ki, oxumaq, savad, intellekt, dərin zəka insanı cilalayır. Həyata hazırlayır. İnsana zəngin dünya görüşü bəxş edir. Oxuyan adama hər zaman hər yerdə iş olur. İctimaiyyətdə tanınır. Söz sahibi olur. Bir məsələni dərk edirdim ki, savadsızlıq bütün pisliklərin anasıdır. Valideynlərim də bunu tez-tez deyirdilər. Valideynlərimin tövsiyyələrini qulaq ardına vurmurdum. Dediklərinə əməl edirdim. Nəticələr çıxarırdım. Yenə deyirəm oxumağım üçün heç bir təsir olmayıb.

- Qeyd etdiniz ki, tibb sahəsini seçmisiniz? Niyə məhz bu sahə?

- Tibb özüm üçün də maraqlıdır. Atam və anam həkimdi. Ola bilsin onların da təsiri olub. Amma özümə maraqlı olmasaydı, seçməzdim. Bu sahə mənim üçün də maraqlıdır.

- Bu nailiyyətlərinizdə müəllimlərinizin rolunu necə dəyərləndirirsiniz? Üzərinizdə hansı müəllimlərinizin daha çox əziyyəti olub?

- Bütün müəllimlərimə təşəkkür edirəm. Hamısı sağ olsun. Bilik verməklə yanaşı, tövsiyyə xarakterli mənəvi dəstək də verirdilər. Onların böyük əməyi olmasyadı, mən 700 bal toplaya bilməzdim. Fizika və kimya müəllimlərim hər dəfə mənə deyirdilər ki, 700 balı yığacaqsan. Artıq bu fikri beynimə oturtmuşdular. Müəllimlərimin belə israrla danışması, məndə özünəinamı daha da gücləndirdi. Bəlkə də elə ona görə maksimum bal yığdım.

- Mətbuatda belə informasiyalar yer alıb ki, Bakıda kirayədə qalacaqsınız. Bu doğrudurmu?

- Bəli, özüm açıqlama vermişəm. Doğrudur. Bakıda kirayədə qalacam.

- Təhsil sahəsində fərqlənən bir gənc kimi evlə təminatınız barədə hökumətə müraciət etmək fikriniz varmı?

- Bəli müraciət edəcəm.

- Kirayə pulunun ödənilməsi üçün ailənizin maddi imkanı yetərlidirmi?

- Bu, bir az çətindi. Amma neyləyək, çətinliklə də olsa ödəyəcəklər. Çox keşməkeşli əziyyətlər hesabına bu uğuru qazanmışam. Valideynlərim də məcburdur ki, təhsilimi davam etdirməyim üçün mənə dəstək olsunlar.

- Məktəblilərə nəyi tövsiyyə edirsiniz? 700 bal toplamaq üçün nə etməlidirlər? Hansı çətinliklərə sinə gərməlidirlər?

- Elmin ağası olmaq üçün oxumağın qulu olmaq lazımdı. Qarşılarına məqsəd qoysunlar ki, yüksək bal yığacam. Məktəb dərslərini yaxşı oxusunlar. Vaxt itkisinə səbəb ola biləcək bütün amillərdən uzaqlaşsınlar. Başlıca olaraq müəllimlərinin və valideynlərinin onlara göstərdiyi diqqət və qayğıya laqeyd yanaşmasınlar. Müəllimlərin və valideynlərin sözünə əhəmiyyət versinlər. Baxın, elə sinif yoldaşlarım vardı ki, oxumurdular. Artıq 11-ci sinifə gəlib çatanda, çox peşmançılıq hissi keçirirdilər. Deyirdilər ki, zamanında müəllimlərimizin sözünə baxmadıq. Valideynlərimizi eşitmədik. İndi çox peşmanıq. Həyatı dərk edəndən sonra oxumağın nə dərəcədə vacib olmasını anladılar. Bu peşmançılığın isə heç bir faydası yox idi. Axı sonrakı peşmançılıq fayda vermir. Ona görə məktəblilərə məsləhətim odur ki, valideynlərinin və müəllimlərinin sözlərinə fikir versinlər. Kitab yolunu tutsunlar.

- Məsələn, özünüzə hansı məhrumiyyətlər qoymuşdunuz? Nələrdən uzaqlaşdırmışdınız?

- 10-cu sinifdə tam sərbəst idim. 11-cu sinifə başlayanda müəyyən şeylərə qadağalar qoymağa başladım. İnternetdən yalnız tədris işləri üçün faydalanırdım. Sosial şəbəkələrə girmirdim. Düzdü, müəyyən yoldaşlar vardı ki, "facebook” sosial şəbəkəsinə dəvət edirdi. Bilirdim ki, orda vaxt itirəcəm. Girmirdim. Bahalı və ya çoxfunksiyalı telefon almırdım. Özüm istəmirdim. Bilirdim ki, mənə mane olacaq. Vaxtımı alacaq bütün məsələlərdən kənarlaşmışdım. Bəzən dostlarım əylənməyə gedirdilər. Məni də dəvət edirdilər. Vaxt tapıb, gedə bimirdim. Bəzən də özüm getmirdim. Ona sərf edəcək zamana oturub test yazırdım. Əlavə materiallara göz gəzdirirdim. Əyləncələrə müəyyən müddət fasilə verdim. Bir də düzgün qidalanmaq lazımdır.

- Gələcək planlarınız nədi? Hansı işləri görmək istəyirsiniz?

- Prezident təqaüdünü saxlamaq istəyirəm. Hansısa xarici dillə bağlı sertifikat almağa çalışacam. Hələ ki, bunları qarşıma məqsəd kimi qoymuşam. Düzdü, bəzi abituriyentlər qəbul olduqdan sonra kitabın üstünə daş qoyurlar. Oxumurlar. Mən əksini düşünürəm. Hesab edirəm ki, universitet illərindən maksimum yararlanmaq lazımdı. Müəllimlərin verdiyi bilikləri dərindən mənimsəmək lazımdır. Belə də edəcəm. Universiteti bitirəndən sonra hər o diplomu əlimə alanda biləcəm ki, bu diplomun altında savad və bilik yatır. Məncə hər bir tələbə buna çalışmalıdır.

Ayyət Əhməd