79 yaş az deyil ki?

Atanın uşaqlardan imtinası, onun yaşı ilə də bağlı ola bilər



Bu gün ailələrdə uşaqlara münasibət fərqlidir. Övladları qarşısında öz məsuliyyətini dərk edən valideynlərlə yanaşı, bu hissi olmayanlar da var. Elə bu səbəbdəndir ki, hər il onlarla uşağın həyatı sual altına düşür. Onların həyatını sual altına qoyan isə ailədəki sosial çətinlikləri, maddi imkansızlığı bəhanə edərək uşaqlarından imtina edən valideynlərdir.

Bu günlərdə dünyaya gələn və doğulduğu gün anaları tərəfindən elə doğum evindəcə taleyin ümidinə tərk edilən Nəzərovların əkizləri bizi yenidən bu mövzuya qayıtmağa vadar edib. Masallıda tükürpədici hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib.

Hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz - qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana qəribə hərəkət edib. O, övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb. 79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı - 2 oğlu, 1 qızı var. Əkizlərdən imtina etməsinə isə ər və arvad dolanışıqlarının ağır keçməsini səbəb gətirib. Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.

Qeyd edək ki, cəmiyyətdə əkizlərdən imtina edən ailəyə qarşı münasibət birmənalı deyil. Bu addımı atdığı üçün onu qınayanlar, hətta sosial şəbəkələrdə söyüşlə təhqir edənlərlə yanaşı, burada sadəcə atanı günahlandırmağın doğru olmadığını düşünənlər də yox deyil. Belələri hesab edir ki, sözügedən ailənin bu addımı atmasında məqsədi probleminə diqqət cəlb etmək olub. Bu hadisəni heç də atanın övladından imtina etməsi kimi başa düşməməliyik. Bu məsələ sırf uşaqla əlaqəlidir. Adətən ailələrdə sosial-iqtisadi problemlər olanda, onlar son çarə kimi dövlətə üz tutur. Məhz bu addımda da məqsəd aidiyyəti strukturlara lazımi mesajın göndərilməsidir. Bu artıq övladını saxlaya bilməyən atanın son variantıdır. Odur ki, onu qınamaq problemə doğru yanaşma olmazdı.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, konkret olaraq, o ailədə baş verənləri anlamadan, dinləmədən valideynləri ittiham etmək problemə köklü yanaşma deyil: "Görünür, əkizlər həmin ailə üçün arzulanan olmayıb. Mediada, sosial şəbəkələrdə, istəmirdilər dünyaya gətirməzdilər kimi tənqidi fikirlər səslənir. Amma bu adam öz dili ilə deyib ki, əkizlərdən imtina səbəbi sosial problemlər, dolanmalarının ağır olmasıdır. Deməli, bu ailənin vaxtında abort etdirməyə də imkanı olmayıb. Ola bilər ki, vaxtında hamiləlikdən xəbər tutmayıblar, sonra isə gec olub. Həmin ailə ilə şəxsən əlaqədə olmadığım üçün baş verənlərlə bağlı konkret heç nə deyə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, atanın uşaqlardan imtinası, onun yaşı ilə də bağlı ola bilər. 79 yaş az deyil ki? Ola bilər, yaşlı ata həmin əkizləri böyüdə 
bilməyəcəyini düşündüyü üçün belə bir addım atıb. Yəni sabahkı gün uşaqların ortalıqda qalmasından qorxan ata indidən onlardan imtina qərarı ala bilər. Ata bəri başdan bilir ki, o öldükdən sonra ananın sosial durumu həmin körpələri böyütmək üçün yetərli olmayacaq. Uşaqlar üçün ayrıca müavinətlər olmadığı üçün də haqsız sayılmaz əslində. Hesab edirəm ki, yaş meyarı psixoloji problem olaraq onları narahat etdiyi üçün həmin ailə uşaqların gələcəyini indidən sığortalamaq üçün belə bir addım atmağa vadar olub. Biz heç kimi qınaya bilmərik. Həmin uşaqların dünyaya gəlişi planlı olmadığı üçün valideynlərdə şüuraltı qorxu formalaşıb və onlar bu hissdən yaxa qurtara bilmir. Az qala bütün ictimaiyyət sosial şəbəkələrdə, mətbuatda onları qınayır. Halbuki biz həmin ailədə nə baş verdiyini bilmirik”.

Şəymən