Ağır cəza olacaq

“Məmur oğlunun peşmançılığı, əzab çəkdiyini deməsi, onun başqa çıxış yolunun olmamasını göstərir”



Bu ilin mart ayında avtomobil qəzası nəticəsində həyat yoldaşı və azyaşlı nəvəsini itirən Xalq artisti Ağasəlim Abdullayev hadisədə təqsirli bilinən "Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovu bağışlamayıb. Xalq artisti təqsirkar X.Mədətovun peşman olmasına baxmayaraq, onun tərəfindən təklif olunan kompensasiyanı qəbul etməyib:

"Onun bağışlanmasından söhbət gedə bilməz. Heç vaxt bağışlamayacağam. X.Mədətov kompensasiya ödəmək istədiyini deyir. Ailə üzvlərimdən iki nəfər ölüb, mənə o boyda zərbə dəyib. Milyonlarla pul itirdiklərimi geri qaytaracaqmı? Kompensasiya mənim nəyimə lazımdır?”.

Hadisəyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay deyib ki, avtomobil qəzası zamanı baş verən ölüm halları motiv baxımından, yəni hadisəni törədən şəxsin məqsədi baxımından digər ağır cinayətlərə münasibətdə daha yüngül cinayət hesab olunur: "Əksər avtoqəzalar konkret olaraq planlaşdırılmış, düşünülmüş, cinayət sayılmır. Çünki bir çox hallarda qəzalarda qəsdən təşkiletmə, kiminsə həyatına qəsdetmə amilləri olmur. Amma elə avtomobil qəzaları var ki, həmin hadisələrdə qəsdli və qərəzli motivlər olur. Məsələn, ölümlə nəticələnən bədbəxt hadisə avtoxuliqanlıq, sürətin həddindən artıq aşılması, içkili vəziyyətdə idarəetmə və s. səbəblərdən baş verə bilər. Hətta bəzən hadisəni törədən sürücü zərərçəkmişi yerdə qoyub qaçır və təcili yardıma zəng etmir. Bütün bu amillər istintaqın gedişində və məhkəmə prosesində əhəmiyyətli rol oynayır. Zərərçəkənin qohumlarının təqsirkarı bağışlayıb-bağışlamaması da məhz həmin bu prinsiplərdən asılıdır. Yəni zərərverən tərəfin günahı nə qədər az olarsa, zərərgörən tərəfin bağışlama ehtimalı da bir o qədər yüksək olar”. İ.Altayın sözlərinə görə, hadisəni törədən X.Mədətovun peşmançılığı, əzab çəkdiyini deməsi  təqsirkarın başqa çıxış yolunun olmamasını göstərir: "İttiham olunan şəxs gördü ki, istintaq orqanları heç bir güzəşt etmədən, onun məmur övladı olduğunu nəzərə almadan sükan arxasında sərxoş əyləşdiyini aşkarlayaraq fakt kimi ortaya qoydular. Həm də istintaq və məhkəmə prosesində ona qarşı çox sərt mövqe sərgiləndiyinin şahidi oldu. Ona görə də, indiki şəraitdə X.Mədətovun yalvarmaqdan, bağışlanmasını diləməkdən başqa çarəsi yoxdur. Əgər peşmançılığı və etirafı səmimidirsə, bu, ilk növbədə zərərçəkmişin valideynlərinin yanaşmasından, ikinci növbədə isə məhkəmənin götür-qoyundan asılıdır. Yəni peşmançılığa görə, nə qədər güzəşt mümkündürsə, hakimlər onu edəcəklər. Ancaq nəzərə almaq lazımdır ki, bu hadisə ictimaiyyətdə böyük rezonans doğurdu. Burda zərərçəkən tək A.Abdullayev və onun ailəsi deyil, eyni zamanda xalqımızdır. Çünki hadisə tanınmış xalq sənətçisinin, böyük sənətkarın başına gəlib. Yəqin ki, məhkəmə bunu nəzərə alacaq. Şəxsən mənim fikrimcə, məhkəmənin yekun qərarı elə də yumşaq olmayacaq”.

İsmayıl