Şeyxin kamera ilə dindarları izləməsi cəfəng fikirlərdir

“Bütün bunlar din xadimlərinə, xüsusən də QMİ-yə qarşı müəyyən etimadsızlığın yaranmasına hesablanmış addımlardır”



Son günlər mediada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə bağlı ilginc məlumatlar yer almaqdadır. Gündəmə daşınan iddialara görə, Şeyxülislam QMİ rəhbərlərini gizli kameralarla izləyirmiş. Hətta deyilənə görə, kameraları idarə edən şəxs bir müddət əvvəl İsveçrəyə mühacirət edib və belə iddia olunur ki, həmin şəxs özüylə həyata keçirdiyi gizli çəkilişlərin bütün bazasını aparıb.

Yayılan məlumatlarda qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-də axundların otaqlarında, Bakı İslam Universitetinin rektoru və müəllimlərinin otaqlarında, müavini Hacı Salmanın otağında və Həccə sənəd toplama idarəsində gizli kameralar yerləşdirib. İddiaya görə, Qafqaz Müsəlmanları İdarəsində qarşılıqlı münasibətlər həddindən artıq gərgin və şeyx tərəfindən gizli kameralarla izləndiklərindən xəbərdar olan QMİ işçiləri şeyxə qəzəb püskürürlər. Şeyxin öz əməkdaşlarını dinləməsi bir ay əvvəl ortaya çıxıb və hazırda QMİ-də hər kəs düşünür ki, şeyxin əlində onlar barədə ciddi kompramatlar var.

Hətta QMİ-də düşünürlər ki, şeyx kompramatları başqa əllərə də düşüb. Çünki bir müddət əvvəl həmin kameraları yerləşdirən şəxs İsveçrəyə mühacirət edib və hazırda həmin ölkədə yaşayır. Şeyx və izlənən insanlar isə haqlı olaraq düşünürlər ki, həmin şəxs bütün bazanı internet vasitəsi ilə əvvəlcədən İsveçrədə yerləşdirib. O üzdən Şeyx özü də artıq ciddi narahat olmağa başlayıb. Çünki həmin şəxsin əlində olan kompramatlar vasitəsi ilə Azərbaycanın bütün dini elitası şantaj oluna bilər. Həmçinin şeyx barədə də mühacir edən şəxsin əlində ciddi kompramatları olduğu qeyd olunur. Həmin kompramatlar açıldığı zaman şeyxin bütün karyerası məhv ola bilər.

Qeyd edək ki, QMİ Şeyxülislamın idarədə gizli kameralar quraşdırması məsələsinə rəsmi cavab verib. QMİ-nin mətbuat xidmətindən verilən məlumatların əsassız olduğu və həqiqəti əks etdirmədiyi deyilib: "Bəzi saytlarda idarə ilə bağlı yayılan provokativ xarakterli yazılar QMİ-nin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan təxribatdır: Qafqaz Müsəlmanları İdarəsi və onun yerləşdiyi Təzəpir məscid kompleksi protokol məkanlar sırasına daxildir. QMİ sədri, Şeyxülislam dövlət tərəfindən qanuna uyğun olaraq mühafizə olunan şəxsdir, mühafizə xidməti ilə təmin edilmiş ictimai xadimdir. Bu baxımdan, idarənin və onun rəhbərinin mühafizəsi, habelə kompleksin təhlükəsizliyinin qorunması məqsədilə dini mərkəzin binası uzun illərdir ki, təhlükəsizlik kameraları ilə təchiz olunub. Həmçinin, məscidlər kütləvi tədbirlərin keçirildiyi məkan olduğundan bu yerlərdə təhlükəsizlik kameralarının quraşdırılması zəruridir. İdarə daxilində hər hansı izləmə və ya gizli müşahidə ilə bağlı informasiyalar isə həqiqətəuyğun deyil.

İlahiyyatçı Hacı Şahin də bu hadisənin ayrı-ayrı din xadimlərinə qarşı təxribat ola biləcəyini düşünür: "Bildiyim qədər QMİ məlumatı təkzib edib. Bu isə o deməkdir ki, QMİ-dəki gizli kameralarla bağlı mediaya sızdırılan xəbərlər provakasiya xarakterli olub”. Bu cür məlumatların hansı səbəbdən mətbuatda yer almasına gəldikdə isə ilahiyyatçı vaxtaşırı olaraq ayrı-ayrı dini şəxsiyyətlərin nüfuzdan salınması məqsədi ilə müxtəlif qruplar tərəfindən bu cür addımlar atıldığını vurğulayıb: "Bütün bunlar din xadimlərinə, xüsusən də QMİ-yə qarşı müəyyən etimadsızlığın yaranmasına hesablanmış addımlardır. Bütün yayılanları qeyri-ciddi xəbər kimi dəyərləndirirəm. Hesab edirəm ki, QMİ-də hər hansı gizli kameraların quraşdırılmasından və din xadimlərinin izlənilməsindən söhbət gedə bilməz. Bu xəbər sadəcə olaraq, məqsədli şəkildə din xadimlərini gözdən salmaq üçün mətbuata ötürülüb”.

Şəymən