Təhlükəli situasiya yaranıb

Bu durum III dünya savaşına gətirib çıxara bilər



Son günlər Rusiya-Ukrayna münasibətlərindəki gərginlik daha da şiddətlənib. Ukraynanın cənub-şərqində Moskvanın diktəsi ilə hərəkətə gətirilən separatçılarla ordu arasındakı qanlı toqquşmalar ara vermir. Hər iki tərəfdən xeyli ölən və yaralananlar var. Demək olar ki, proseslər müharibə fazasına keçib.

Hətta Ukraynanın müdafiə naziri Valeri Qeleteyi də müharibənin başladığına işarə verib. Nazir deyib ki, döyüş qapılarının qarşısına gəlib. "Təəssüf ki, belə bir döyüşdə itkilər yüzlərlə deyil, minlərlə və on minlərlə olacaq.” Rusiya isə Ukraynanın və Qərbin iddialarını rədd edərək Ukraynadakı üsyançılara əsgər və təchizat köməyi etmədiyini ifadə edir”. Hətta ölkə başçısı Pyotr Poroşenko da, Rusiyanı ölkəsinə açıqca hücum etməkdə günahlandırıb. Ölkə başçısı hökumət güclərinin son günlərdəki məğlubiyyətindən sonra Amerika və bir sıra Qərb ölkələrinə Ukraynaya canlı qüvvə göndərmələri barədə müraciət edib.

Ukraynadakı vəziyyəti dəyərləndirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə bildirib ki, proseslər artıq müharibə mərhələsinə qədəm qoyub: "Bütün savaşlar bu cür başlayıb. Öncə proseslər konfliktlər səviyyəsində olur. Daha sonra dərinləşərək müharibəyə çevrilir. İkinci Dünya savaşı da Hitlerin Avstriyanı tutmasından başladı. İndi də Rusiya həmin qaydada iş aparır. Xırda silahlı toqquşmalar törətməklə beynəlxalq ictimaiyyəti vəziyyətə alışdırır”.

Təşkilat sədrinin fikrincə, hadisələrin bu pilləyə qalxmasının günahkarı beynəlxalq ictimaiyyətdir: "Problemin ədalətli həllinə zamanında maraq göstərilmədi. Təhlükəli situasiya yaranıb. Bu durum III dünya savaşına gətirib çıxara bilər”.

S.Cəlaloğlunun qənaətincə, Ukrayna hadisələrində Amerika və Avropanın maraqları kəsişmiş: "Bəzi Avropa ölkələri Moska ilə münasibətlərini korlamır. Özlərinin müdafiə xərclərini artırmaq istəmirlər. Bu ciddi sosial problemlərə yol aça bilər. Avropa və ABŞ eyni mövqedən çıxış edə bilmir. Ona görə Rusiyaya qarşı sanksiyalar effektsizdir”.

Təşkilat sədri qeyd edib ki, Ukrayna meydanda tək qalmasa da, vəziyyətdən böyük itkilərlə çıxacaq: "Amerikanın Ukraynaya müəyyən dəstəyinin olması gözləniləndir. Amma bu heç də Poroşenkonun yarasını sağaltmayacaq”.

Politoloq Qabil Hüseynli də düşünür ki, Rusiya-Ukrayna arasında savaş çoxdan başlayıb: "Xeyli müddətdir ki, Moskvanın ordusu Ukrayna ərazilərinə daxil olub. Rusiya bunu gizlədə bilmir. Döyüşlər nizami ordu hissələri tərəfindən aparılır. İtkilərin sayı da çoxalıb. Ukrayna ordusu rus əsgərləri qarşısında hələ ki dayana bilmir. Əsas diqqət 4-5 sentyabrda UELS-də baş tutacaq toplantıya yönəlib. Orda Ukrayna və Rusiya ilə bağlı məsələlər müzakirə edilib, qərarlar qəbul edilməlidir. Həmin qərarlar proseslərin gedişinə aydınlıq gətirəcək”.

Ekspert vurğulayıb ki, Ukraynadakı prosesləri alovlandıran Qərb indi Kiyevə yardım göstərmir: "Məsələlərin sülh məcrasına yönəldilməsi üçün lazımi səylər yoxdur. Amerikanın quru-quru bəyanatları Rusiyanı dayandırmayacaq. NATO kimi bir qurum hələ də qorxaq bəyanatlar verməklə başını girləyir. Qərbin və məxsusi olaraq rəsmi Vaşinqtonun süstlük nümayiş etdirməsi, Kremlin istila iştahasını daha da gücləndirir. UELS sammiti də bir nəticə ortaya qoya bilməsə, proseslər daha da gərginləşəcək. Putin "Kiyevə qədər gedəcəyəm” sözünü yerinə yetirə biləcək”.

Q.Hüseynlinin dediyinə görə, hazırda Kiyevin köməyə ciddi ehtiyacı var: "Yalnız maliyyə deyil, hərbi dəstəyi də lazımdır. Qərb Ukraynanı meydanda tək buraxmalı deyil. Rusiyanın təşəbbüsü ələ almasına mane olunmalıdır”.

Siyasi təhlilçi deyib ki, Moskva özünü təmizə çıxarmaq istəsə də, addımlarını bütün dünya görür: "Putin müəyyən hiylələrə əl atır. İddialarının heç bir əsası yoxdur. Hər kəs bilir ki, separatçıları silahlandıran Rusiyadır. Ukrayna ordusu Rusiya ordusu ilə döyüşür. Putin açıqlama verir ki, bir dənə rus tankı belə Ukraynaya daxil olmayıb. Amma peykdən çəkilən görüntülər var. Ukrayna kəşfiyyatının çəkilişi mövcuddur. Bu, Kreml rəhbərinin həyasızlığıdır. Nə qədər ki, Amerika susacaq, Putin əməllərini davam etdirəcək”.

Ekspert onu da əlavə edib ki, Ukrayna Avropa və Amerikadan lazımi köməyi ala bilmir: "Başda Barak Obama olmaqla, digər üzdə olan ölkə liderləri buna maraq göstərmirlər. Amerika camaatı tovlayıb, meydanlara çıxardı. İndi də qırğına verir. Heç bir yardım etmir. Bundan sonra heç bir xalq ABŞ-a inanmayacaq”.

Ayyət Əhməd