“İlk təqaüdümə anama “Quran” alacam”

700 bal toplayan qız maraqlı etiraflar və arzular söylədi




Bu il dövlət imtahanlarında fərqlənərək 700 bal yığan abituriyenlərdən biri də Qurbanlı Könül Yusif qızıdır. Bu uğura nail olması üçün üzləşdiyi çətinliklər və qatlandığı əziyyətlər barədə xanım qəhrəmanımızın da fikirlərini öyrəndik. "Şərq”ə müsahibəsində 700 bal toplamağın sirlərindən danışan Q.Qurbanlı söylədi ki, orta məktəbi əla qiymətlərlə başa vurub: "Bakı şəhəri, "Zəngi” liseyinin məzunuyam. Bu uğura nail olmaq üçün əlimdən gələni etmişəm. Qabağımızı kəsən bütün maneələri əzmkarlıqla aşmışam. Məktəb müəllimlərimin də üzərimdə böyük xidmətləri olub”.

- Liseydə keçirilən dərslər imtahana hazırlaşmağınız üçün kifayət edirdimi?

- Liseydə yaxşı dərs keçirilirdi. Yüksək intellektual potensiala malik müəllimlərimiz vardı. Amma yuxarı siniflərdə dərsə gələnlər az olurdu. Dərslər boş qalırdı. Ona görə də məcbur qalıb, son iki ili daha mükəmməl hazırlaşmaq üçün "Araz” kurslarına getdim. Kursda müəllimlərin tapşırıqlarına məsuliyyətlə yanaşırdım. Nəyi tələb edirdilərsə, yerinə yetirirdim.

- Hazırlaşan vaxtlar maksimal bal toplayacağınız barədə düşünürdünüzmü? Bu barədə qarşınıza məqsəd qoymuşdunuzmu?

- Aşağı siniflərdən müəllimlərim, evdə valideynlərim deyirdi ki, 700 bal toplayacaqsan. Yəni bir növ məni buna inandırmışdılar. Mən də fikirləşirdim ki, niyə də olmasın. Elə 700 bal toplamağı qarşıma məqsəd qoyaraq arzuma da çatdım.

- Hazırlaşan vaxtlarda vaxt itkisinə səbəb olan nə kimi vasitələri özünüzdən uzaqlaşdırdınız. Özünüzə hansı qadağaları qoydunuz?

- "Facebook” səhifəmi və "Wotsap”ı bağladım. Sosial şəbəkələrə girmirdim. Televizora demək olar ki, baxmırdım. Bütün gücümü verilən vəsaitlərin hazırlanmasına sərf edirdim. Mobil telefonu 15 yaşımdan sonra alıblar. Amma onunla da çox maraqlanmırdım.

- Xəbəri eşidəndə hansı hissləri yaşadınız?

- Sevincimin həddi-hüdudu yox idi. Elə bircə o yadımdadır ki, "ura” deyərək qışqırdım.

- Hansı ixtisas qrupu üzrə hazırlaşmışdınız?

- I qrup.

- Niyə məhz bu qrup?

- Uşaqlıqdan texniki fənlərə marağım çox idi. Xüsusilə riyaziyyatı çox yaxşı qavrayırdım. Ona görə bu qrupa üstünlük verdim.

- Hansı fakültəni seçdiniz?

- Azərbaycan Diplomatiya Akademiyasının İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi fakültəsini.

- Uşaqlıqdan bu sahəni seçəcəyinizi müəyyənləşdirmişdiniz? Yoxsa bu fikir sonradan formalaşıb?

- Çox adam kimi uşaqlıqda mən də həkim olacağımı düşünürdüm. Böyüyəndə gördüm ki, bu peşə xarakterimə uyğun deyil. O potensialı özümdə hiss edə bilmədim. Soyuqqanlı ola bilmərəm. Və mühəndis olmağa qərar verdim. Özümə münasib fakültə kimi bu sahəni seçdim.

- Maraqlıdır, niyə mühəndis? Ailənizdə bu peşənin sahibi varmı?

- Anam mühəndisdir. Amma çox təəssüf ki, işləmir.

- Atanız razı olmur?

- Hə, o razı olmayıb işləməyinə.

- Atanız harda çalışır?

- Hərbiçidir.

- Xaricdə təhsil almaq, işləmək fikriniz varmı?

- Bakalavr təhsilini ölkəmizdə alıb magistraturanı xaricdə oxumağı planlaşdırıram. Hətta öz sahəm üzrə Azərbaycanı xaricdə layiqincə təmsil etmək kimi böyük bir iddiam var.

- Qızların belə bir uğura imza atması cəmiyyətimizə həm də bir örnəkdir. Adətən qız uşaqları ev işlərində anasına daha çox yardım edir. Sən necə, ali məktəbə hazırlaşarkən evdə də işlərə kömək edirdinmi?

- Demək olar ki, yox. Valideynlərim, xüsusilə anam bu məsələdə mənə daha çox dəstək olub. Anam bütün ev işlərini özü görməyə razı idi, bir şərtlə ki, mən oxuyum. Mənim işim kitab oxumaq idi.

- Belə anladım ki, oxumağınız üçün evdə hər bir şərait yaradıblar

- Elədir, amma...

- Nə amma?

- Valideynlərim mənim təhsil almağım üçün çox əziyyət çəkiblər. Deyərdim ki, çox şeydən özlərini məhrum ediblər. Sözün açığı, elə vaxt olub evimizdə mən dərs oxuduğuma görə, televiziyada xəbərlərə belə baxa bilməyiblər ki, səs olmasın, mən oxuyum.

- Sən öz otağında hazırlaşmırdın ki, dərslərinə?

- Yox, bizim özümüzün evimiz yoxdur. Hərbiçi ailəsi olsaq da, illərdir kirayədə yaşayırıq. Mən dərslərimi adətən evdəkilərə mane olmamaq üçün mətbəxdə oxuyurdum.

- Atanız neçə ildir ki, hərbiçidir?

- 22 ildir. Biz əslində ev növbəsindəyik. Amma hələ ki ev verilməyib.

- Ailəniz neçə nəfərdən ibarətdir?

- Ailədə 4 nəfərik. Valideynlərim, məndən balaca bir qardaşım var.

- Ən böyük arzunuz nədir?

- Öz evimizdən universitetə getmək. Orta məktəbi kirayədə qala-qala oxudum. Əlbəttə, bu, ailəm üçün çox çətindir. İstəyirəm öz evimiz olsun. Öz evimizdən universitetə gedim-gəlim.

- İlk təqaüdünüzü hara xərcləyəcəksiniz?

- Anama "Quran” alacam.

- Eşitdiyimizə görə, liseydə ən yaxşı oxuyan şagirdlərdən olmusunuz. Hətta olimpiadaların da dəfələrlə qalibi olmusunuz. Bəs həmin liseydə ən sevdiyiniz müəllim kim idi?

- Bütün müəllimlərimi çox sevirəm. Bu uğuruma görə onların hər birinə borcluyam. Amma öz sinif müəllimim olan riyaziyyat müəllimi Rövşən müəllimə özümü daha çox borclu sayıram. Onun böyük əməyi var üzərimdə.

- Şübhəsiz ki, məktəb vaxtı rəfiqələriniz də olub. Onlarla vaxt keçirirdinizmi?

- Demək olar ki yox. Ancaq dərslərimə vaxt çatdırırdım.

- Onların arasında yüksək nəticə göstərənlər oldumu?

- Hə oldu, rəfiqələrimi də burdan təbrik edirəm.

- Özünüzdən sonrakı abituriyentlərə nə tövsiyə edirsiniz? Yəni 700 bal toplamaları üçün nələr etməlidirlər? Hansı yollardan keçməlidirlər?

- Çalışsınlar uşaqlıqdan bu fikri beyinlərinə yeritsinlər. Bu balı toplayacaqlarına həmişə iddia etsinlər. Bu iddianın gerçəkləşməsi üçün səylə çalışsınlar. Təkcə iddia etməklə uğur qazanmaq olmaz. Həm də çalışmaq lazımdır. Qarşılarına məqsəd qoysunlar. O məqsədə çatmaları üçün isə var güclərini ortaya qoyub, addımlasınlar. Hər şey özlərindən asılıdır. Çalışacaqlarsa, nail olacaqlar. Çalışmayacaqlarsa, arzuları reallaşmayacaq. Baza aşağı siniflərdən formalaşmalıdır. Yuxarı siniflərdə kurslara gedib həmin bazanı daha da zənginləşdirmək lazımdır. Eləsi var oxumur, düşünür ki, 2 il repetitor yanına gedəcək və hər şeyi mənimsəyəcək. Bu mümkünsüzdür. 11 ilin dərsini 2 ilə mükəmməl formada öyrənmək olmaz. Bir də onu məsləhət görürəm ki, hazırlaşan vaxtlar sosial şəbəkələrdən tamamilə uzaqlaşsınlar.

- Gələcək planlarınızla bağlı istərdim ki, fikirlərinizi öyrənim. Gələcək planlar barədə düşünmüsünüzmü?

- Magistratura təhsili də almaq istəyirəm. Bu pilləni də bitirdikdən sonra karyera quracam. Daha sonra evlənmək barədə düşünəcəm.

Ayyət Əhməd