Hamı qəzəblidir, amma xəbər yoxdur

İlham və Fərizənin məzarının təhqir olunması Şəhidlər Xiyabanına gələn ziyarətçiləri sarsıdıb



Dünən şəhidlərimizin ziyarətinə getdim. Sizə asan görünə bilər, amma mən çiyinlərimdə ağır bir məsuliyyət hiss etdim. Xiyabana daxil olarkən insan sanki vicdanı ilə baş-başa qalır. Dərin bir kədər bürüyür insanı. Amma tezliklə bu kədər qürurla əvəz olunur. Səbəb burda yatan nakam arzulu, cəsur ürəkli şəhidlərimizdir. Xiyabana gəlməyim sadəcə ziyarət məqsədi ilə deyildi. Bu günlərdə Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin məzarları üzərində təhqiramiz hərəkətlər edilib. KİV-də geniş yer alan bu xəbər cəmiyyətdə də etiraz doğurub. Bundan sonra Şəhidlər Xiyabanının ciddi mühafizə olunması və ora nəzarət kameralarının quraşdırılması təklifləri irəli sürülüb. Şəhidlər Xiyabanına baş çəkib vəziyyətlə tanış olmaq qərarına gəldim. Açığı, bura gələrkən ziyarətçilərin çox olacağını təxmin etmədim. Amma gördüklərim məni sevindirdi. Xiyabanda olduğum vaxt ərzində iş saatı, həm də havanın isti olmasına baxmayaraq, ən azı 15-20 nəfər vardı. Gələnlər arasında istər uşaq, istərsə yaşlı nəslin nümayəndəsini görmək olardı. Xiyabanda kameraların quraşdırılması barədə deyilənləri dəqiqləşdirmək üçün ətrafa nəzər saldım. Yalnız Xiyabanın girişində müşahidə kameraları gözə dəyirdi. Şəhid məzarları ilə kamera olan yerin məsafəsi isə yüz metrdən artıq olardı. Kameralar düz yolun yaxınlığında yerləşir.


Həmin kameraların şəhid məzarları olan ərazini görüntüyə almaq imkanının olub-olmadığını isə dəqiq deyə bilmərəm. Ziyarətə gəlib-gedənlərin olmasına rəğmən Xiyabanda dərin bir sakitlik hökm sürürdü. Diqqətimi ilk çəkən şəhid məzarlarına qalxan pilləkəndə dayanıb, şəhidlərimizin ruhuna dua oxuyan xanım oldu. Yuxarı qalxıb, xanımın yanında dayandım və "Allah dualarınızı qəbul eləsin” deyib, ona yaxınlaşdım. Xanımın üzündə qəribə hüzn vardı, gözləri də yaşlı idi. Hansısa yaxınını ziyarətə gəldiyi o dəqiqə hiss olunurdu. Marağıma güc gəlib, əvvəlcə xanımdan İlham və Fərizənin məzarları üzərində edilən təhqiramiz hərəkət barəsində xəbərdar olub-olmadığını soruşdum. Sualı verən zaman hər ikimiz İlhamla Fərizənin məzarının yanında dayanmışdıq. Xanım da sualıma elə onlara baxa-baxa cavab verdi: "Əvvəla, cəmi şəhidlərimizə qəni-qəni rəhmət diləyirəm. Hər birinin ruhu şad olsun. Onlar bizim qəhrəmanlıq salnaməmiz, qürurumuz, fəxrimizdir. İlham və Fərizə ilə bağlı mən də oxudum. Çox dəhşətli və üzücü bir hadisədir. Heç bir Azərbaycan övladı şəhid məzarlarına qarşı bu cür hərəkət etməz. 25 ildir ki, şəhidlərimiz bu torpaqda uyuyurlar. Bu ötən illər ərzində şəhidlərimizə qarşı bu cür nankorluq edən bir kəs olmayıb. Düşünürəm ki, bu hadisə düşmənlərimizin əli ilə bizə qarşı edilən təxribatdan başqa bir şey deyil. Başqaları necə düşünür deyə bilmərəm, amma mənə elə gəlir ki, burada düşmən əli var. Həmin hərəkəti edənin azərbaycanlı olduğuna heç cür inanmaq istəmirəm”.































Qaldı ki, xanımın üzündə gördüyüm hüznün səbəbinə, hisslərimdə haqlı çıxdım. Şəhid ailəsi olduğunu deyən Nəbiyeva Almaranın həyat yoldaşı Yanvar, Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib: "Bu gün bizim Abdalgülablı kəndinin işğal günüdür. Gəlmişəm, həyat yoldaşımla kəndimizin digər şəhidlərinin məzarını ziyarət edib, ruhlarına dua oxuyum. Hər dəfə Xiyabana gələndə onlarla yanaşı, "20 Yanvar” şəhidlərini də ziyarət etməmiş getmirəm”. Yeri gəlmişkən, İlham və Fərizə Allahverdiyevlərin məzarı üzərində xeyli sayda təzə qərənfillər düzülmüşdü. Bu, son günlər baş verən hadisədən sonra şəhidlərin qəbrini ziyarət edənlərin olduğuna sübut idi. Ərazi təmizlənmiş, silinib-süpürülmüşdü. Ziyarətçilər arasında olan balaca Nihatın Xiyabana gəliş səbəbi də məndə maraq doğurdu. Əlləri ilə şəhidlərimizi göstərib, qəhrəmanlarımızı ziyarətə gəlmişəm deyən, Nihat 12 yaşı olmasına baxmayaraq, böyük düşünürdü. Əmisi Tural bəy Nihatın rayondan qonaq gəldiyini dedi. Onun sözlərinə görə, Nihat israrla Şəhidlər Xiyabanına getmək və kitablarda haqqında oxuduğu ziyarətgahı gözləriylə görmək istəyib. Xiyabanın alt hissəsində, Qarabağ döyüşlərində həlak olanların məzarı yaxınlığındakı yaşıllığı sulayan orta yaşlı bir kişiyə yaxınlaşıb, ondan İlhamla Fərizənin məzarına qarşı törədilən hadisəni xəbər aldım. İşçi bundan təəssüf hissi keçirdiyini dilə gətirsə də, hadisə barəsində tam məlumatlı olmadığını dedi: "Açığı, özüm görmədim həmin çizgiləri. İnternetdə yazıldığını eşitdim və çox pis oldum. Çox güman ki, bu cür şərəfsizliyi kimsə bilərəkdən edib. Allah hər kimdisə, bəlasını versin, qızım, başqa nə deyim”. Yaşıllığı sulayan işçiyə minnətdarlığımı bildirib üzü Xiyabana tərəf qalxmaq istəyirdim ki, bayaqdan arxa tərəfdə dayanıb bizi dinləyən gənc işçi yaxınlaşıb: "Hadisəni eşidəndə mən də çox pis oldum. İnsanlar necə bu qədər nankor, şərəfsiz olurlar? Axı, onların hər biri bizim üçün şəhid olub. Hər gün şəhidlərin məzarını ziyarət edib, onların ruhuna dua oxuyub, gül qoymaq əvəzinə, bu cür çirkin işlərlə məşğul olurlar. Hadisə barədə bizdə elə bir məlumat yoxdu. Sizə qəbiristanlığa baxan Cəmiyyəti göstərim, onlardan soruşun”. Gənc işçinin müşayiəti ilə üzüyuxarı pilləkənləri qalxa-qalxa Xiyabana gün ərzində təxminən nə qədər adamın gəldiyini soruşdum: "Mən xiyabanda işləmirəm. Aşağıdakı parka baxıram, oradakı yaşıllığı sulayıram. Amma hərdən yuxarı da qalxıram. Hər gün bura insan axını olur. Baxmayaraq ki, 20 Yanvar günü deyil. Günün müxtəlif saatları boyunca ən az 100-150 nəfər adam gəlir”.

Xiyabanın girişindəki gül satılan mağazanın yanına çatanda işçi mənə Cəmiyyətin yerini göstərib, geri qayıtdı: "Sizə yolu mənim göstərdiyimi deməyin. Əlinizdəki dəftər-qələmi də hələlik çantanıza qoyun. Jurnalist olduğunuzu bilsələr danışmayacaqlar”. Üzüyuxarı qalxan zaman qızı ilə Xiyabanı dolaşan bir adam diqqətimi çəkdi. Əslində onları Xiyabana yeni gələndə də görmüşdüm. Qarış-qarış Şəhidlər Xiyabanını qızına gəzdirib, geri qayıdan Qüdrət Əkbərova yaxınlaşdım. O, İlhamla Fərizənin məzarlarının başına gətirilən hərəkəti ilk dəfə eşitdiyini və çox təəssüfləndiyini dedi: "Ağlım kəsmir, belə də vəhşilik olar. Bu necə zəmanədir. İnsan hansı mənəviyyat sahibi olar bilər ki, şəhidlərimizə qarşı bu cür iyrənc addım atsın. Mən özüm rayon adamıyam. Qızım çoxdandır Şəhidlər Xiyabanını görmək istəyirdi, onu gətirmişəm”. Üzü yola tərəf olsa da, arxaya dönüb, gah yüksəkdə dalğalanan şanlı bayrağa, gah da şəhid məzarlarına tərəf boylanan Güneldən Xiyabanla bağlı ilk təəssüratlarını soruşdum: "Şəhidlər Xiyabanını görmək, Azərbaycanın müstəqilliyi, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarını ziyarət etmək çoxdankı arzum idi. Qismət bu günə imiş”. Nəhayət, "Qarabağ” Cəmiyyətinə gəlib çıxdım. Amma məsul şəxslərdən heç birini tapa bilmədim. Xiyabanda bərpa işləri ilə məşğul olan Firuz bəy də hadisədən çox təəssüfləndiyini və bu hərəkəti edənlərin tapılaraq, məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladı. Ərazidə kameraların quraşdırılması məsələsinə gəlincə, Xiyaban işçisi kameraların olmadığını, lakin ərazinin daim polis nəzarətində olduğunu deyib: "Şəhidlər Xiyabanı əvvəlki kimi post-patrul polis xidməti tərəfindən mühafizə olunur. Burada hər zaman polis olur. Xiyaban gecə-gündüz qorunur”. Məlumdur ki, 20 Yanvar şəhidlərinin, sevginin, sədaqətin simvoluna çevrilmiş İlham və Fərizənin qəbirlərinin təhqir edilməsi, ölkə insanını dərindən sarsıdıb. Hər kəs onlara qarşı bu kobudluğu edənin kimliyi ilə maraqlanır. Ancaq təəssüf ki, bu vandalizmin kimlər tərəfindən törədilməsinin üstü hələ də açılmayıb. Ölkə vətəndaşları isə bu vandalizmə qarşı öz etirazlarını bildirməkdədi. Ölkənin aktiv gəncləri birləşərək, "İlham və Fərizə” aksiyasına start veriblər.

Millətimizin ruhuna yönəlik xain qəsdə cavab vermək üçün onlar şəhidlərin məzarlarını ziyarət edib və özlərindən sonra hər biri 3 dostunu ziyarətə dəvət ediblər. Beləliklə, daha çox insanın Şəhidlər Xiyabanını ziyarət etmələri üçün aksiyaya başlayıblar. Qeyd edək ki, layihənin ideya müəllifi və təşkilatçısı jurnalist Təranə Xudabaxşiyevadır. Aksiyanın ilk mərhələsində QHT sədri Fuad Əsgərov, ekstrasens Həsən Həsrətli, dövlət məmuru Rövşən Məmmədov və jurnalist Mirvari Nəcəf iştirak ediblər. Layihənin məqsədi barədə "Şərq”ə danışan T.Xudabaxşiyeva deyib ki, belə bir aksiyaya start verməkdə məqsəd İlhamla Fərizənin məzarını yad etmək, onlara qarşı bu iyrənc əməli törədənlər adından onlardan üzr istəməkdir. İnanırıq ki, Xiyabana gələn hər gənc özü ilə yanaşı 3 dostunu da dəvət etsə, kampaniyamız böyük bir aksiya ilə nəticələnə bilər”. Kampaniya ilə bağlı mövcud durumun onları qane edib-etmədiyinə gəldikdə isə Təranə xanım nəticənin gözlədiklərindən də artıq olduğunu deyib: "Durum qaneedicidir. Artıq tanımadığımız, "facebook”dan bizi izləyən bir çox gənclər bizim aksiyaya qoşulur və bu bizi çox sevindirir. Çünki bizim məqsədimiz də məhz bu idi. Vətənpərvərlik ruhunda olan bütün gənclərin Xiyabanı, xüsusən də İlhamla Fərizənin məzarını ziyarət etməsinə nail olmaq. Aksiya hələ davam edəcək və inanıram ki, daha çox gənc bizim aksiyaya qoşularaq şəhidlərimizi yad edəcək. Həqiqətən vətənpərvər gənclərimiz var. Biz bunun bir daha şahidi olduq. Hətta bizə regionlardan da qoşulanlar var. İki gün öncə İsmayıllı gəncləri bizim aksiyaya qoşularaq İsmayıllıda olan Şəhidlər Xiyabanını ziyarət ediblər. Lənkəranda yaxın günlərdə belə bir tədbirin keçiriləcəyi ilə bağlı məlumat almışıq ki, bu da bizi qürurlandırır. Aksiyamıza məşhurlardan da reaksiya var. Parapsixoloq Həsən Həsrətli, müğənni Ayan Baxşəliyeva, reper Ramil Nabran, şairə Sahibə Rəşid də əllərində tər qərənfillərlə Xiyabana üz tutaraq, İlhamla Fərizənin məzarını ziyarət edib. Bu arada dünya çempionu karateçi Şahin Atamov, karate federasiyasının milli yığmasının məşqçisi Rəşad Hüseynov, Lider radiosunun əməkdaşları Anar İbrahimli və Sədaqət Cəfərova, "azvision” saytından Mirvari də aksiyaya qoşulub.

Şəymən