Mehdiabadda bir boş qəbir var

İmkanlı bir adam qəbiristanlığın yola yaxın, ən rahat yerində özünə torpaq sahəsi alıb, hasarlayıb, ortasında da özü üçün qəbir qazdırıb



Həmkarımız Rufik İsmayılov Mehdiabad qəsəbə qəbiristanlığında maraqlı faktla qarşılaşıb. Demə, bu qəbiristanlıqda bir nəfər özü üçün əvvəlcədən məzar yeri götürüb, bununla kifayətlənməyib qəbir də hazırlatdırıb. Jurnalist həmin məzarın fotosunu dünən Facebook-da paylaşıb. Və bunları yazıb:

"Babamın rəhmətə getməsinin bir ili tamam olması ilə əlaqədar bu günlərdə Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlığa getmişdim. Müxtəlif məzarlar arasında qeyri-adiliyi ilə fərqlənən biri diqqətimi çəkdi. Yaxınlaşıb oradakı mollalardan soruşdum ki, üstündə heç bir məlumat yazılmayan bu məzarın sahibini tanımırsınız? Kimdir burda dəfn edilən, hansı millətin nümayəndəsidir, hansı adət-ənənəyə uyğun dəfn edilib? Mollalardan yaşlı birisi gülərək dedi ki, həmin qəbir boşdur və orada hələlik heç kim dəfn edilməyib. "Sadəcə imkanlı bir adam qəbiristanlığın yola yaxın, ən rahat yerində özünə torpaq sahəsi alıb, hasarlayıb, ortasında da özü üçün qəbir qazdırıb, hər cür şərait yaradıb ki, nə vaxtsa bu dünyadan köçsə, yaxınları əl-ayağa düşmədən, əziyyət çəkmədən gətirib onu burada basdırsınlar. Bilmirəm başqaları buna nə deyəcək, amma mənim fikrimcə, bu adam hər kimdirsə, bütün imkanlarına rəğmən dünyadan 3-cə metrlik kəfəndən başqa bir şey aparmayacağını dərk edənlərdəndir...”
































Qeyd edək ki, məzarın olduğu ərazi kifayət qədər genişliyi ilə diqqəti çəkir. Görünür, qəbir yeri tədarükü görən kimdirsə, təkcə özünü deyil, ailə üzvlərini, yaxın qohum-əqrəbasının gələcəyini də bəri başdan düşünür.

Bəs islamda əvvəlcədən qəbir yeri sifariş verməyə necə baxılır?

Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında insanın əvvəlcədən özünə qəbir yeri müəyyənləşdirməsinin şəriətdə savab əməl sayıldığını dedi:

- Şəriət baxımından burada heç bir qəbahət yoxdur. Hətta savab da sayılır. Müsəlmanın dəfn olunacağı yeri əvvəlcədən təyin etməsi, özünün son mənzilini - qəbir yerini hazırlaması müsbət qarşılanır. Bir şərtlə ki, həmin yer qəsb edilmiş ərazi olmasın. Ümumun istifadəsində olan ərazini öz ehtiyacı üçün istifadə etmək olmaz. Düzgün deyil. Amma əgər torpaq sahəsi şəxsin mülkiyyətinə daxildirsə, bunu təsdiqləyən sənədlər varsa, ətrafdakılar da bunu təsdiqləyib, şahidlik edirlərsə, o zaman bu ərazidə qəbir yeri hazırlatdırmağın heç bir günahı yoxdur. Şəriət də buna icazə verir. Hətta belə əməllər o baxımdan savab sayılır ki, insan övladlarının, ailəsinin üzərində yük qoymur, sonradan onları çətin vəziyyətə sala biləcək bir məsələni sağlığında ikən özü həll edir.

Qeyd edək ki, insanların əvvəlcədən özlərinə qəbir yeri alması Azərbaycan cəmiyyətində o qədər də müsbət qarşılanmır. H.A.İsmayılov cəmiyyətin bu məsələyə aqressiv yanaşmasını dini bilgilərin zəifliyi və qəbir yerlərinin çox baha qiymətə satılması ilə bağlı olduğunu dedi:

- Birincisi, əhalinin çox hissəsinin dini bilikləri azdır. Şəriəti də əksəriyyət bilmir. Digər tərəfdən məlumdur ki, qəbir yerləri baha qiymətə satılır. Həm də qəbir yerləri ümumiyyətlə, məhduddur. Bunun səbəbi də məzar daşlarının təmtəraqlı hazırlanması, məzarların üzərində böyük məqbərələrin tikilməsi, bir nəfərin məzarının həddindən artıq geniş ərazini əhatə etməsidir. Ona görə məzarlar üçün ayrılan sahələr daralır, qəbiristanlıqların əraziləri məhdudlaşır. Qəbirlər normal ölçüdə, dinimizin qaydalarına uyğun olaraq bəzək-düzəksiz, təmtəraqsız olsa, insanları dəfn etmək üçün ərazilər də geniş olar. Heç kəs heç kəsin haqqına girməz. İmkanlı şəxslər pul ödəyib qəbir yeri alır, imkansızlarsa bir yaxını, doğması rəhmətə gedəndə məzar yeri üçün çalışıb-vuruşmalı, xahiş-minnət etməli olurlar. Ona görə də cəmiyyətdə əvvəlcədən özü üçün qəbir yeri alanlara münasibət birmənalı deyil, hətta neqativdir. İnsanlar bu əməli anlayışla qarşılaya bilmir, aqressiv olurlar.

Məlahət Rzayeva