Daxildə Poroşenkoya müqavimət güclənib

Atəşkəs hazırda rəsmi Kiyevə hava-su kimi lazımdır




Rusiya prezidenti Vladimir Putinlə Ukrayna rəhbəri Petro Poroşenko arasında telefon danışığı baş tutub. Deyilənlərə görə, danışıqlarda Donbas regionunda (Donetsk və Luqansk regionları) daimi atəşkəs barədə razılıq əldə olunub. Onlar sülhə aparan addımlar barədə qarşılıqlı anlaşmaya gəliblər.

Moskva və Kiyev arasındakı gərginliyin səngidiyi bir vaxtda Ağ Ev vəziyyəti yenidən kəskinləşdirmək istəyir. Belə ki, ötən günlərdə ABŞ prezidenti Barak Obama Rusiyanın əleyhinə sərt bəyanat verib. Ukraynadakı hadisələrdə Moskvanı günahlandıran B.Obama deyib ki, Rusiyanın aqressiyası ona baha başa gələcək. Rusiyanın Ukraynaya hücumuna diqqət çəkən Amerika lideri bunu nasistlərin İkinci Dünya Müharibəsindən əvvəlki addımlarına bənzədib. "Gördüklərimiz millətçi hisslərə köklənmiş aqressiyadır. Bu, tarix boyu Avropa üçün ən böyük təhlükə olub. Rusiyanın aqressiyası ona baha başa gələcək. Rusiya artıq ciddi iqtisadi itkilərlə üzləşib və bu, gələcəkdə də davam edəcək”.

Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında bildirib ki, daimi atəşkəs barədə razılığın əldə olunması məlum deyil: "Telefon danışığı olub. Putin Monqolustana səfəri çərçivəsində 7 maddədən ibarət təklif irəli sürüb. Poroşenkonun həmin təkliflərə müsbət cavab verməsi barədə heç bir məlumat yoxdu. Putin özü də deyir ki, əmin-amanlığın bərqərar olması üçün Ukrayna Rusiya ilə deyil, separatçılarla razılaşmalıdır”.

Ekspert vurğulayıb ki, separatçılar Ukrayna ordusuna ciddi zərbə vurub. Ona görə də Poroşenkonun durumu çətindir: "Atəşkəs rəsmi Kiyevə hava-su kimi lazımdır. Oktyabrda Ukraynada parlament seçkiləri keçiriləcək. Həm də Poroşenkoya qarşı daxili müqavimət güclənib”.

Amerikanın mövqeyinə gəlincə, E.Şahinoğlu qeyd edib ki, bu, rəsmi Vaşinqtonun birinci sərt bəyanatı deyil. Proseslər yenicə başlanandan ABŞ davamlı olaraq sanksiyalar verir: "Amerika Baltikyanı ölkələrdə NATO-nun hərbi bazalarını yerləşdirəcək. Obamanın Estoniyaya səfəri də buna hesablanıb. Qərb, Amerika və Avropa Birliyi ölkələri ilə Rusiya arasında istiləşmənin olacağı gözlənilmir. Gərginlik bundan sonra da qala bilər”. Ola bilsin ki, proseslərə bir qədər fasilə verilsin. Oktyabrda Ukraynada parlament seçkiləri keçiriləcək. Poroşenkoya sabitlik lazımdı. Həm də daxildə Poroşenkoya qarşı müqavimət artıb”.

Ayyət Əhməd