Ərdoğanın İrəvana mesajı önəmlidir

Amma Qarabağ probleminin həlli təkcə Türkiyədən asılı deyil
Türkiyə ilk növbədə problemin ağırlaşmasına mane olur, münaqişənin Azərbaycanı zəiflətməsinə imkan vermir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı müzakirə olunan əsas mövzulardan biri, hətta birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi oldu. Ərdoğan xüsusi olaraq bəyan etdi ki, qardaşlığın zirvəsi sayılan Dağlıq Qarabağ münaqişəsi Türkiyənin xarici siyasətdə ən mühüm məsələdir və siyasi gündəliyin başlıca müddəasıdır. Dağlıq Qarabağ problemi həll olmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmayacağını ifadə edən Ərdoğan NATO sammitində Dağlıq Qarabağ məsələsinin gündəmə gətiriləcəyinə də söz verdi: "Sammitdə bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana verilən vədlərin də yerinə yetirilməsi vacibdir. Bu, Azərbaycanın haqqıdır. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha göstərəcəyik”.

Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə dövlətinin rəhbərinə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində göstərdiyi səylərə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə görə öz minnətdarlığını bildirib. Prezident qardaş ölkənin dəstəyinin Azərbaycan üçün çox önəmli olduğunu vurğulayıb: "Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparıb və daim Azərbaycanın, haqqın, ədalətin və beynəlxalq hüququn yanında olub. Güclü Türkiyə dövlətinin dəstəyi bizim üçün olduqca əhəmiyyətli və zəruridir”. Qeyd edək ki, Türkiyə mətbuatında Prezident Ərdoğanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamaları və sərgilədiyi qətiyyətli mövqeyi geniş müzakirə mövzusuna çevrilib. Prezidentlərin Bakıdakı görüşü və verilən bəyanatlar Qərb ölkələrində də təhlil edilib. Avropalı analitiklər indiki nüfuzlu Türkiyənin Dağlıq Qarabağ probleminin həllində əsas fiqur kimi mühüm rol oynayacağını vurğulayıblar.

Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərini dəyərləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, minillik dövlətçilik təcrübəsinə malik olan, dünyanın ən nüfuzlu ölkələrindən sayılan Türkiyənin inkişafı, qüdrəti və dəstəyi Azərbaycan üçün çox vacibdir: "Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında bildirdi ki, "Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”. Cənab Ərdoğan öz çıxışında hər zaman qardaş Azərbaycanın yanında olacağını və yalnız işğal faktına son qoyulduqdan sonra Ermənistanla münasibətlərin yaxşılaşacağını, sərhədlərin açılacağını dedi. Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyini bir daha konkret olaraq bildirməsi əlbəttə, bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.

A.Mirzəzadənin sözlərinə görə, təsiretmə imkanına malik olan Türkiyə kimi güclü bir dövlətin bu cür mövqe nümayiş etdirməsi münaqişənin həllinə çox müsbət təsir edir: "Birincisi, Ermənistan bu məsələdə qarşısında bir yox, iki dövlətin olduğunu görür. İkincisi, Ermənistanla Türkiyənin sərhədlərinin bağlı olması düşmən ölkənin iqtisadiyyatına və bölgədəki vəziyyətinə çox ciddi mənfi təsir göstərir. Üçüncüsü də, xaricdən Ermənistanı dəstəkləyən bəzi dairələr Türkiyənin mövqeyini nəzərə almış olurlar. Bütün bu amillər problemin həllini yaxınlaşdırır və Azərbaycanın mövqeyini daha da gücləndirir”. "Əgər Türkiyə istəsə, münaqişənin həllində həlledici rol oynaya bilər” iddialarına isə politoloq belə cavab verib: "Məsələ burasındadır ki, Dağlıq Qarabağ probleminin həlli təkcə Türkiyədən asılı deyil. Digər dövlətlərin və ya xüsusi mərkəzlərin mövqeyindən çox şey asılıdır. Ancaq Türkiyə ilk növbədə problemin ağırlaşmasına mane olur, münaqişənin Azərbaycanı zəiflətməsinə imkan vermir. Həmçinin, Ermənistanın və erməni millətçi dairələrinin türk dünyasına qarşı səlib yürüşü başlatmasının qarşısını alır. Əgər Türkiyə Minsk Qrupunun həmsədrlərindən biri olsaydı, problemin həlli xeyli yaxınlaşmış olardı. Ancaq təəssüflər olsun ki, texniki şərtlərə görə bunu etmək mümkün olmur. Eyni zamanda Ermənistan Dağlıq Qarabağı və ətraf zonaları işğal etməklə faktiki olaraq özünün dövlətçilik bünövrəsini dağıtmış sayılır. Tarix sadəcə 20-30 ildən ibarət deyil. Hər bir dövlət öz siyasətini yüzilliklərlə irəliyə istiqamətləndirir. Azərbaycan və Türkiyənin qətiyyətli mövqeyi, yaxın münasibətləri Ermənistanın həmin yüzillik siyasətini puç etmiş olur”.

İsmayıl