Etimad Başkeçid: “Şahbaz Xuduoğlu biznes naminə ədəbi tərcümə sənətinə ziyan vurur”





"Şərq”in ötən sayında naşir Şahbaz Xuduoğlu çap etdirdiyi kitabların tərcüməsi ilə bağlı Etimad Başkeçidin ittihamlarına cavab olaraq deyilənləri qeyri-peşəkar yanaşma hesab etmişdi. O, həmçinin gündə iki kitab dərc edən nəşriyyatı heç bir fakta əsaslanmadan ittiham etməyin gülünc olduğunu bildirərək fakt tələb etmişdi.

E.Başkeçid isə faktların kifayət qədər olduğunu açıqlayıb: "Bu haqda məqaləm dərc olunacaq. Orada hər şeyi, bütün dəlillərlə göstərəcəm. Mənim dediklərim doğrudur. Ədəbi mühitdə bunu hamı bilir, özümdən Amerika kəşf etmirəm”.

Yazıçının fikrincə, Ş.Xuduoğlu bunları deməklə kütlənin gözünə kül üfürmək istəyir: "Onun tərcüməçilərə verdiyi qonorarlar 3-4 manatdır. Orada yalnız bir qism maddi ehtiyaclara görə onunla çalışan peşəkar tərcüməçilər var. Digər yerdə qalanları isə professional deyillər. Həmin qeyri-peşəkarların əksəriyyəti türk dilindən tərcümə edənlərdir. Orijinal əsərlərlə tərcümələrin heç bir uyğunluğu yoxdur. Çoxlu sayda keyfiyyətsiz tərcümə əsərlər mövcuddur”. O, keyfiyyətsiz tərcümələri bununla izah etdi ki, onlar oxucuları müəlliflərin həqiqi üslubundan, onların təzkirəsindən, sintaksisdən uzaqlaşdırırlar: "Həmin şəxs biznes naminə ədəbi tərcümə sənətinə ziyan vurur”.

Vüqar Şahinoğlu