Birincilərin məktəb bazarlığı daha baha olacaq

15 sentyabrın “qiyməti” artıq bəllidir: 150-200 manat xərclənəcək


Yeni tədris ilinə 10 gün qalır. Və təbii ki, məktəb bazarlığının da qızğın vaxtıdır. Qiymətlərsə yenə əl yandıdır. Dükan-bazarı ələk-vələk edən valideynlər həmişəki kimi bahalıqdan şikayətçidirlər. 15 sentyabrın "qiyməti” də artıq bəllidir: 150-200 manat. Övladını məktəbə hazırlayan valideynin orta hesabla bu qədər xərci çıxır. Valideynlər xüsusən də birinci sinfə hazırlaşan uşaqların məktəb bazarlığının hədsiz baha başa gəldiyini deyirlər.

Digər siniflərlə müqayisədə burada mütləq məktəbli forması, yeni dərs ləvazimatları alınmalıdır. Bu mənada məktəbin dadını artıq bilənlərlə birincilər eyni deyil. "Köhnələr” ötənilki çantalarla da məktəbə getməyə razı olur, məktəbli formasını da evdə olanlarla birtəhər düzüb-qoşurlar. Yuxarı siniflərə rəngli qələm, şəkil albomu, hüsn-xətt dəftəri, heç iş dəftəri də lazım deyil. Amma birincilər fərqlidir. Burada hər şey təzə, yeni olmalıdır. Satıcılar da valideyn və uşaqların zəif nöqtəsini bildiklərindən al-əlvan dərs ləvazimatlarını piştaxtaya düzüb müştəri yığırlar. İlk baxışda ucuz səslənən qiymətlər toplananda böyük bir məbləğ edir. 10 qəpiyə satılan 12 vərəqli dəftərlər keyfiyyətsiz hesab edildiyindən valideyn məcburdur ki, 20 qəpiklik Rusiya istehsalı dəftərlərdən alsın. 1 manata 6 ədəd rəngli qələmlə kifayətlənmək istəməyənlər 12 ədədlik rəngli qələm qutusu almağı üstün bilirlər. Onun da qiyməti 4-5 manatdır. Bütün dərs ləvazimatlarında qiymətlər keyfiyyət və həcmə görə dəyişir. Məktəb çantaları da belədir. İstəyirsən ki, çanta uzun müddət - yəni, heç olmasa tədris ilinin sonunadək salamat qalsın, gərək bahalısından, 35-50 manatlıqdan alasan. Valideynləri təngə gətirən bir məsələ də iş dəftərləridir. Valideynlər sinif müəllimlərinin iş dəftərləri tələb etdiyini deyir. İş dəftərinin qiyməti isə 3-5 manat arasıdır.

Halbuki Təhsil Nazirliyi ötən illərdə bu məsələyə toxunub və iş dəftərlərinin məcburi olmadığını deyib. Bəs müəllimlər bunu niyə valideynlərdən tələb edir?

Bu məsələ, eləcə də məktəb bazarlığında xərcləri minimuma endirməyin yolları haqqında əməkdar müəllimə Almaz Həsrətin fikirlərini öyrəndik.

- Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, iş dəftərləri məcburi deyil. Müəllimlərin valideynlərdən iş dəftəri almalarını tələb etməsi qanunsuzdur. Burada könüllülük prinsipi var. Valideyn istəyirsə ki, övladı əlavə tapşırıqlar həll etsin, dərsə əlavə hazırlaşsın, iş dəftərlərini alıb istifadə edə bilər. İş dəftərləri sinifdə işləmək üçündür. Onlar həmişə sinifdə qalmalıdır. Şagird iş dəftəri ilə sinifdə işləməlidir. Amma bizim bəzi müəllimlərimiz sinifdə tədris proqramını tamamlaya bilmədiyindən iş dəftərindən tapşırıqları evdə həll etməyi tapşırır və şagird də məcbur olub bu dəftərləri çantasında gəzdirir. Dərsliklərsə ümumiyyətlə, pulsuzdur.

Məktəb ləvazimatlarının ailə büdcəsinə əhəmiyyətli təsirinə gəlincə, A.Həsrət burada da çıxış yolu olduğunu dedi:

- Şagird məktəbə əli cibində gedəsi deyil. Uşaq məktəbə gedirsə, təbii ki, bunun müəyyən xərcləri olacaq. Ancaq valideynlər qənaətcil olmağı öyrənməlidirlər. Uşaqlar da dərs ləvazimatları ilə düzgün rəftarı. Mən də övladlarımı məktəbə yola salmışam. Amma hər dəfə onlara rəngli qələm və ya həndəsə ləvazimatları almamışam. Bir qutu rəngli qələmlə uzun müddət şəkil çəkmək olur. Həndəsə ləvazimatı da hər dəqiqə xarab olan deyil. Tutalım, qələmyonan niyə hər dəfə yenilənməlidir? Bir qələmyonanı neçə il istifadə etmək olar. Eləcə də gündəlik üzlüyü, dəftər-kitab üzlükləri. Hər il təzə nəsə almaq lazım deyil. Qənaətcil olmaq lazımdır. Keyfiyyət baxımından razıyam ki, bəzi ləvazimatlar tez sıradan çıxır. Bazarlıq zamanı

bu da nəzərə alınmalıdır. Ucuzdur deyə, keyfiyyətsiz mal alan, bilməlidir ki, daha artıq xərci çıxacaq. Valideynlər qənaətcil və diqqətli olsalar, hesablarını düzgün aparsalar, ailə büdcəsinə zərbə vurmazlar. Bu büdcədə uşağın da payı var və o, səmərəli istifadə olunmalıdır.

Məlahət Rzayeva