Milli mediamızın məsuliyyətini dərk etməliyik

Müşavirədə səsləndirilən tövsiyələr yaxın günlərdə mətbuatın işində yeni keyfiyyət dəyişmələrinə gətirib çıxaracaq




Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi altında KİV nümayəndələri ilə keçirilən müşavirədə aktual məsələlərin müzakirəsi zamanı bir sıra ciddi problemlər üzə çıxıb. Bəlli olub ki, müharibə şəraitində olmağımıza baxmayaraq, bəzi media orqanları, əsasən də internet saytları rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatları yaymaqla məşğul olurlar.

Nəticə etibarı ilə aydın olub ki, Azərbaycanda heç də bütün elektron KİV-lər ekstremal situasiyada işləmək qabiliyyətinə malik deyil və bu sahədə kifayət qədər boşluqlar var. Belə boşluqlardan istifadə edən qeyri-peşəkarlar isə ucuz sensasiya xatirinə ölkəmizin milli təhlükəsizliyinə ciddi şəkildə təhdidlər yaradır. Belə vəziyyət informasiya təhlükəsizliyindəki problemlərin aradan qaldırılmasında qanuni müstəvidə görüləcək tədbirlərin təkmilləşdirilməsini zərurətə çevirir.

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu məsələ ilə əlaqədar verdiyi açıqlamada bildirib ki, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında media işçiləri ilə keçirilən müşavirə Azərbaycan milli mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir: "Biz medianın funksional vahid kimi ölkənin iqtisadi, siyasi və təhlükəsizlik sferasında nəyə qadir olduğunu bilirik. Ancaq onu da bilirik ki, media milli təhlükəsizliyə töhfələr verdiyi kimi, yanlış yönləndirilərsə, ziyan da verə bilər”. Baş redaktor qeyd edib ki, Azərbaycanda klassik media ilə bərabər sosial media da inkişafdadır: "İnternet resursları da informasiya ötürücüsü rolunda çıxış edirlər. Belə olan halda medianın xaotik informasiya mənbəyindən məsuliyyətli informasiya yayan məkana çevrilməsi və bu məkanın əsas paradiqmalarının məhz dövlətçilik və milli maraqlara yönəldilməsi vacib idi. Cəbhədə atəşkəsin pozulmasından sonra Azərbaycan mediasında baş verən hadisələr problemi bir daha aktuallaşdırdı. Müşavirədə Azərbaycan mediasının ünvanına səsləndirilən iradlar tamamilə haqlı idi. Çünki hər bir media mənsubu eyni zamanda vətəndaşdır, vətəndaşlıq məsuliyyəti var. Klassik mediada münasibətlər hüquqla tənzimlənir. Amma sosial mediada hüquqsuzluğun olduğunu görürük. Akademik haqlı olaraq xatırlatdı ki, sosial mediada da fəaliyyət göstərənlər Azərbaycan vətəndaşlarıdır. Azərbaycanın hüquq sistemi olduqca mükəmməldir və orada dövlət sirləri yaymaqla məşğul olanlar ən azından vətəndaş kimi məsuliyyətə cəlb oluna bilərlər”. H.Babaoğlu əlavə edib ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir: "İnformasiyadan manipulyativ vasitə kimi istifadə edirlər. Dövlətlərin daxilində gərginlik yaradırlar. Nəticə etibarı ilə Qərbdə bərqərar olmuş və həyata keçirilən idarəolunan xaosu milli dövlətlərin daxilinə transfer etməklə onların təhlükəsizliyini ciddi təhdid altına alırlar. Belə bir məqamda müşavirədə səsləndirilən fikirlər olduqca vacib idi. Azərbaycan mediası üçün xatırlatmadan çox, həm də bir xeyirxah xəbərdarlıq idi. Azərbaycan media mənsubları orada səsləndirilən hər bir fikrə diqqətlə yanaşmalı, təhlükəsizliyimizlə bağlı milli mediamızın məsuliyyətini dərk etməlidirlər. Heç bir halda Azərbaycanın dövlət maraqlarına zərər gətirə biləcək fəaliyyətlə məşğul olmamalıyıq”.

"Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədlinin sözlərinə görə, PA-nın rəhbərinin müşavirədə səsləndirdiyi fikirlər mətbuatın və eyni zamanda, informasiya ilə işləyən dövlət qurumlarının müəyyən nəticələr çıxarması üçün önəm daşıyır: "Fikrimcə, müşavirədə səsləndirilən tövsiyələr yaxın günlərdə mətbuatın işində yeni keyfiyyət dəyişmələrinə gətirib çıxaracaq. Həmçinin jurnalistlərin informasiya ilə təminatına da öz müsbət təsirini göstərəcək. Müşavirədə səsləndirilən əsas məsələlər ekstremal şəraitdə jurnalistlərin işləməsi və dövlət sirlərinin, maraqlarının qorunub saxlanmasıdır. Akademik Ramiz Mehdiyevin bəyan etdiyi fikirlər içərisində diqqətimi daha çox cəlb edən o oldu ki, hazırda müharibə şəraitində yaşayan ölkənin jurnalistləri birinci növbədə vətənpərvər olmalıdır. Vətən jurnalistlər üçün əsas amal olmalıdır. Jurnalistlər baş verən hadisələrə məhz bu aspektdən yanaşsalar, onda hər hansı neqativ hallar da üzə çıxa bilməz”. N.Məmmədli bildirib ki, jurnalist adından sui-istifadə edən,

jurnalistika platformasında çıxış edən müxtəlif qüvvələr də var ki, onların böyük əksəriyyəti Azərbaycanı sevmirlər: "Bunlar sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparırlar. Dövlət öz maraqlarını müdafiə etmək və bu cür qüvvələrdən qorunmaq üçün qanunvericilik bazasına yenidən baxmağı nəzərdə tutur. Yəqin ki, bir sıra qanunlarda bu məsələlərə yenidən baxılacaq və daha da ciddiləşdiriləcək. Xatırladım ki, 2006-cı ildə də akademik R.Mehdiyevin iştirakı ilə bənzər müşavirə keçirilmişdi. Həmin müşavirə də mətbuatın inkişafına öz müsbət təsirini göstərdi və biz bunu işimizdə hiss etdik”. "Kaspi” qəzetinin baş redaktoru əlavə edib ki, ciddi və özünə hörmət qoyan mətbuat orqanı yalan informasiya yaymamalıdır: "Hesab edirəm ki, ciddi mətbuat orqanları atəşkəsin intensiv pozulduğu dövrdə peşəkarlıq qaydalarına uyğun fəaliyyət göstərdilər. Amma burada Azərbaycan informasiya məkanına daxil olmaq, ictimai rəyi çaşdırmaq istəyən müəyyən fəaliyyət də, jurnalist adından istifadə edən qüvvələr oldu. Bu tədbirlər də müstəqil mətbuatın fəaliyyətinin məhdudlaşdırılmasına deyil, məhz onlara qarşı yönələcək”.

"APA” informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı deyib ki, Administrasiya rəhbəri R.Mehdiyevin müşavirədə sadaladığı problemlərin həlli yollarının tapılması üçün Azərbaycan media nümayəndələri bir yerə toplaşmalı, müzakirə aparmalı, təkliflər paketi hazırlamalıdır: "Avqustun əvvəlində qoşunların təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribat xarakterli hərəkətlər bir daha göstərdi ki, müharibə şəraitində yaşayan ölkənin kütləvi informasiya vasitələri daim ayıq-sayıq olmalıdır. İstənilən anda qarşımıza düşmənin həm real, həm virtual, həm də informasiya təxribatı çıxa bilər. Bu baxımdan, hesab edirəm ki, müşavirənin keçirilməsi zamanında atılmış addım idi. Belə bir həyəcan təbilinin çalınması lazım idi. Çünki son proseslər zamanı, xüsusən də onlayn mediada yeni yaradılmış resurslar, saytlar və s. bəzən qeyri-peşəkarlıqdan, bir çox hallarda isə bu cür halla qarşılaşmadıqları üçün təcrübəsizlikdən irəli gələn qeyri-adekvat davranış nümayiş etdirdilər”. V.Mahirqızı jurnalistlərin peşəkarlığının artırılmasının və cəbhədə gedən proseslərlə bağlı gələcəkdə dezinformasiyaların, milli maraqlara zərər vuran təbliğatın qarşısının alınmasının bir sıra mümkün yollarını da göstərib: "Hesab edirəm ki, mövcud problemləri aradan qaldırmağın yollarından biri Azərbaycan jurnalistlərinin peşəkarlığının artırılması, bu məqsədlə seminarların keçirilməsidir. İkincisi, fikrimcə, qanunvericiliyə mütləq dəyişiklik etməliyik. Medianın fəaliyyəti "Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən tənzimlənir. Həmin qanunda istinad məsələsi barədə qeyd olunur ki, əgər bir KİV başqa KİV-ə və dövlət resursuna istinad edirsə, o zaman o, yaydığı məlumata görə məsuliyyət daşımır. Son proseslərdə biz müşahidə etdik ki, yenicə yaranmış, böyük oxucu auditoriyası olmayan bəzi saytlar dezinformasiya yaydılar, az-çox tanınan saytlar da həmin saytlara istinad etdilər, məlumatları tirajladılar, dezinformasiyanın şəbəkəsini daha da böyütdülər. Həmin saytların əməkdaşlarından nə üçün belə etdiklərini, yalan informasiya yaydıqlarını soruşduqda, onlar başqa bir KİV-ə istinad etdiklərini, bu səbəbdən heç bir məsuliyyət daşımadıqlarını deyirdilər. Doğrudan da, gələcəkdə məhkəmə perspektivi ortaya çıxdıqda onların üzərinə məsuliyyət düşmür. Çünki başqa bir KİV-ə istinad edirlər. Məlum proseslər zamanı təklif etdik ki, hərbi jurnalistika məktəbi yaradaq. Müxtəlif orqanlardan bu sahə ilə maraqlanan jurnalistlərə Müdafiə Nazirliyi ilə Mətbuat Şurası bir yerdə müxtəlif seminar-treninqlər keçsinlər. Lazım olsa, jurnalistləri başqa ölkələrdəki seminar-treninqlərə göndərək. Bu cür hadisələr vaxtı məhz həmin jurnalistlər məsələni işıqlandırsınlar. Çünki hərbi sahə spesifik və strateji sahədir və sahəni əhatəli bilməyən jurnalistin belə mövzularla işləməsi doğru deyil”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də PA rəhbəri tərəfindən jurnalistlərə tutulan iradları haqlı sayıb: "Cəbhədə olan gərginləşmənin cəmiyyətə çatdırılmasında KİV-lər həm peşəkar, həm də adekvat olmalıdır. Son zamanlar cəmiyyətdə gərginliyin yaşanmasında hadisələrin intensivliyi yox, həm də həmkarlarımızın dəqiq olmayan məlumatları oldu. Bu hal hörmətli akademikimizin məsələyə belə geniş şəkildə toxunmasına səbəbiyyət verdi. Biz dəfələrlə R.Mehdiyevin cəmiyyət üçün önəmli olan hadisələrdə medianın yanlış mövqe tutduğu dövrlərdə buna münasibət bildirməsinin şahidi olmuşuq. Sonuncu müşavirə də çox yerində və aktual olan müşavirə idi. Etdiyimiz nöqsanlar əsas verdi ki, məsələyə bu səviyyədə müdaxilə olunsun. Əsas da portalların səhvləri çox oldu. "KİV haqqında” qanunda elektron medianın da mətbuatın tərkib hissəsi olduğu göstərilir. Müşavirədə bildirildi ki, qanun səviyyəsində bu məsələlərə münasibət bildiriləcək. Ümid edirəm ki, mediamız dövlətçilik, milli maraqlara uyğun mövqe sərgiləyəcək”.

İsmayıl