NATO ölkələri Ukraynanı dəstəkləyir

Uelsdə bir araya gələn Qərb liderləri Rusiyanı öz qoşunlarını Ukraynadan çıxarmağa çağırıblar




Ukrayna Prezidenti Petro Poroşenko Qərb liderlərinin NATO sammitində güclü dəstək nümayişi ilə qarşılanıb. Uelsdə bir araya gələn NATO ölkələri rəhbərləri Rusiyapərəst qüvvələrin Ukraynanın şərqində irəlilədikləri bir məqamda Kiyevə tam siyasi dəstək verdiklərini ifadə ediblər.
Hərçənd ki, Ukrayna NATO üzvü deyil, Poroşenko alyansın Uels sammitinə dəvət olunub. Burada o, ABŞ Prezidenti Barak Obama, Britaniya Baş Naziri David Kameron və Almaniya Kansleri Angela Merkellə, habelə Fransa və İtaliya liderləri ilə görüşüb.
Sammit iştirakçıları Poroşenko ilə razılaşıblar ki, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır.
Rusiya prezidenti Valdimir Putin çərşənbə günü Ukrayna ilə bağlı yeddi müddəadan ibarət sülh planı təklif edib. Lakin planı rədd edən NATO Baş Katibi Anders Foq Rasmussen Putini dərhal öz qüvvələrini suveren Ukrayna ərazilərindən çıxarmağa çağırıb.
"Biz Rusiyanı öz qoşunlarını Ukraynadan geri çəkməyə və bu ölkəyə silah, döyüşçü və vəsait axınına son qoymağa çağırırıq. Rusiya münaqişədən geriyə addım atmalı və sülh yolunu tutmalıdır,” Rasmussen bəyan edib.
Bu arada Kiyevdə səfərdə olan qocaman ABŞ senatoru Con Makkeyn ölkəsinin Ukrayna ilə həmrəyliyini ifadə edib.
"Əgər Putin suveren ölkəni öz acgözlüyü, aqressivliyi və imperial ambisiyası ucbatından işğal edə bilərsə, onda başqalarını nə çəkindirəcək?” deyə Makkeyn dünya ictimaiyyətini demokratik Ukrayna hökumətinə həyan olmağa çağırıb.
Cümə günü Ukrayna və Rusiya nümayəndələri Minskdə atəşkəs variantlarını nəzərdən keçirməyi planlaşdırır.