Vaxtında diaqnoz qoyulub müalicə olunmazsa, çoxsaylı ağırlaşmalar baş verə bilər
Şəhər sakinlərində skarlatina infeksiyasının yayılması ilə bağlı narahatlıq yaranıb. Xüsusən də körpə uşaqları olan valideynlər insanların kütləvi şəkildə toplaşdığı məkanlarda, ictimai nəqliyyatda övladlarına tibbi maska taxırlar.
Qeyd edək ki, skarlatina boğaz ağrısı olan şəxslərdə inkişaf edən infeksiyadır. O, bədəndə parlaq qırmızı səpkilər, bəzən səpkilərlə birgə boğaz ağrısı və yüksək temperaturla xarakterizə olunur. Boğaz ağrısına səbəb olan bakteriya skarlatinaya da səbəb ola bilər.
Skarlatina əsasən 5-17 yaşlı uşaqlara təsir göstərir. Əvvəllər uşaqlar arasında daha çox rast gəlinməyinə baxmayaraq, günümüzdə xəstəlik nadir hallarda yaranır. Antibiotik müalicəsi xəstəliyin yayılmasını və simptomlarını azaldır.Tədqiqatçılar skarlatinanın azalmasına səbəb olan şeyin niyə boğaz ağrısı hallarını da azaltmadığını araşdırmaqdadır.
Pediatr-neonatoloq Altay Abdullaoglunun fikrincə, skarlatina daha çox 3-7 yaş aralığında olan uşaqlarda görülən infeksion xəstəlikdir. Bu barədə şəxsi feysbuk hesabında yazan həkim əlavə edib ki, böyük yaşlarda da bu xəstəliyə rast gəlinir. Törədicisi A qrupundan olan betta hemolitik streptokoklardır: "Əlamətləri yüksək qızdırma, halsızlıq, boğazda ağrı, udqunmada çətinlik, üzərində ağ nöqtələri olan tünd qırmızı dil, üzdə və bədəndə qızarıqlıq, qarın ağrısı, ürəkbulanma, qusma və sairədir.
Diaqnoz xəstənin şikayətləri və əsnəkdən götürülən yaxmada törədicinin aşkarlanması ilə təsdiqlənir. Skarlatina vaxtında diaqnoz qoyulub müalicə olunmazsa, çoxsaylı ağırlaşmalar (oynaqlarda, ürək və böyrəklərdə) verə bilər. Lakin çox hallarda virus infeksiyaları zamanında da bu kimi şikayətlər ola bilər. Bu zaman yanlış olaraq körpələrə uzun müddət antibiotiklər verilir. Nəzərə almaq lazımdır ki, 3 yaşdan kiçik uşaqlarda bu şikayətlərin əsas səbəbi viruslardır. Buna görə də əsnəkdən yaxma götürməklə diaqnozu təsdiqləmək mütləqdir”.
İnfeksiya xəstə şəxs asqıran və ya öskürən zaman ayrılan damcıyla kontakt zamanı keçir. Bu o deməkdir ki, uşağınız xəstə şəxsin istifadə etdiyi, damcı ilə yoluxmuş nəyəsə toxunsa və sonra əlini ağzına, burnuna və ya gözünə toxundursa, infeksiya ilə yoluxa bilər. Onlar xəstə şəxsin qabından yemək yeyərsə və ya eyni yerdən su içərsə də infeksiya ilə yoluxa bilərlər. Skarlatina dəri kontaktı ilə də keçə bilər.
Çox hallarda skarlatinanın səpki və digər simptomları 2 həftə ərzində keçib gedir. Lakin buna baxmayaraq, müalicə olunmamış skarlatina bir sıra ciddi fəsadlara səbəb ola bilər. Revmotik qızdırma, böyrək xəstəlikləri, qulaq, dəri infeksiyaları, pnevmoniya və artritə yol açır. Skarlatina əsasən antibiotiklərlə müalicə olunur. Antibiotiklər bakteriyaları öldürür və infeksiyaya səbəb olan bakteriya ilə savaşan bədənimizin immun sisteminə kömək edir.
Şəymən