NATO Rusiyanı təklədi

Ukraynaya hərbi yardımla bağlı razılaşma da baş tutub




Sentyabrın 4-də Uelsin Nyuport şəhərində başlayan NATO-nun zirvə görüşü dünən öz işini davam etdirib. Hərbi təyyarələrin nümayişindən sonra sammitin ikinci iş gününə start verilib. Gün ərzində liderlər və XİN başçıları qəbul olunacaq yekun qətnamə ilə bağlı müxtəlif görüşlər keçiriblər.

Qeyd edək ki, Alyansın toplantısına Rusiya dəvət olunmayıb.

Dünən ABŞ prezidenti Barak Obama, Ukrayna və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin başçıları Rusiyaya qarşı əlavə sanksiyaların vacibliyinə dair razılığa gəliblər. Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods bildirib: "Prezident Obama Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Ukrayna liderləri ilə görüşüb. Obama və onun avropalı həmkarları Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər və bu ölkədə demokratiyanı bundan sonra da dəstəkləyəcəklərini vəd ediblər. Dövlət başçıları bir daha Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasını pisləyərək Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacibliyinə dair razılığa gəliblər”.

Krım Rusiyaya qanunsuz

birləşdirilib və o, heç zaman

Rusiya ərazisi kimi tanınmayacaq

NATO ölkələri Ukraynaya 15 milyon avro həcmində yardım ayıracaq. Bu barədə isə Alyansın baş katibi Anders Foq Rasmussen Ukrayna prezidenti Pyotr Poroşenko ilə birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Alyans Ukraynaya müxtəlif istiqamətlər üzrə yardımı nəzərdə tutan tədbirlər paketi hazırlayıb. Baş katib həmçinin, NATO-nun Ukraynanın müdafiə sahəsində islahatların aparılmasında da Kiyevə yardım etmək niyyətində olduğunu qeyd edib.

NATO-nun baş katibi bununla yanaşı bəyan edib ki, Krım Rusiyaya qanunsuz birləşdirilib və o, heç zaman Rusiya ərazisi kimi tanınmayacaq: "Rusiya Ukraynaya qarşı təcavüzkar əməllərinə son qoymalıdır. Krımın birləşdirilməsi tanınmır və tanınmayacaq. Çünki ərazilərin zorla alınması yolverilməzdir”. Rasmussen eyni zamanda Moskvadan Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və separatçılara yardım göstərməyə son qoymağı tələb edib.

Ukrayna yüksək dəqiqliyə malik öldürücü silahla təchiz olunacaq

Dünənki sammitdə NATO-ya daxil olan bəzi ölkələr Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz etməyə razılıq verib.
Bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdən sonra məlumat verib. O qeyd edib ki, alyansa daxil olan ölkələrin böyük əksəriyyəti Ukraynaya hərbi-texniki yardım göstərməyə razılıq veriblər. P.Poroşenko onu da bildirib ki, Uelsdə keçirdiyi görüşlər zamanı ukraynalı hərbçilərin NATO ölkələrində müalicə alması məsələsi ilə bağlı da razılıq əldə edilib.

Moskvanın hazırkı durumda kompromisə getməməkdən başqa çarəsi yoxdur

NATO-nun Uels sammitində Ukrayna ilə bağlı verilən qərarları şərh edən ekspertlər bildirirlər ki, Rusiya üçün heç də yaxşı nəticələr gözlənilmir.

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Elman Nəsirli deyir ki, ABŞ və Avropa İttifaqı başda olmaqla, Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları, getdikcə daha da kəskinləşəcək: "Sovet İttifaqının dağılmasından sonra yaranmış yeni geosiyasi mühitdə ilk dəfədir ki, Rusiya NATO-nun sammitinə dəvət olunmadı. Bu, nümayişkaranə şəkildə edildi və eyni zamanda, NATO-nun Uels sammiti, tarixə daha çox Rusiya əleyhinə qərarların müzakirə olunması və onların qəbul edilməsi ilə bağlı geniş debatların keçirildiyi bir sammit kimi daxil oldu. Bundan rəsmi Kreml nəticə çıxarmalıdır”. Bu mübarizədə Qərbin daha güclü tərəf təsiri bağışladığını və onların daha monolit qüvvə kimi çıxış etdiyini diqqətə çatdıran E.Nəsirli Rusiyanın bu məsələlərdə ciddi müttəfiqinin olmadığını söyləyib: "Belə nəticəyə gəlmək olar ki, əgər, bu proseslərdə Rusiya tərəfi, mərhələli şəkildə, müəyyən güzəştlərə getməsə, hesab edirəm, Avropada, sözün həqiqi mənasında, təhlükəsizlik mühitinə cox ciddi təhdidlər yaranacaq. Və hadisələr ən arzuolunmaz ssenari üzrə cərəyan edə bilər. Burada Rusiya prezidenti Vladimir Putinin kəskin güzəştlərindən və kompromislərindən söhbət gedə bilməz. Söhbət onun öz mövqeyini, mərhələli şəkildə yumşaltmasından gedir. Çünki Rusiya tərəfinin, bu məsələdə tutduğu mövqedən kəskin geri çəkilməsi, hesab edirəm ki, Putinin özünün taleyinə mənfi təsir göstərər. Avrasiya və Gömrük İttifaqı kimi layihələrin taleyinin ciddi sual altına alınmasına, eyni zamanda Rusiyanın zəif tərəf kimi qiymətləndirilməsinə gətirib çıxara bilər. Ona görə də, rəsmi Moskvanın hazırkı durumda kompromisə getməməkdən başqa çarəsi yoxdur. Amma bu kompromisin özü də, çox radikal şəkildə deyil, mülayim formada, hiss olunacaq şəkildə davamlı olmalıdır. Qərbin də Rusiya ilə müəyyən qədər razılığa gəlməsi indiki vəziyyətdən çıxış yolu ola bilər.

Anar