Heydər Əliyev - Milli Neft Srategiyasının banisi





Dərin mənəvi, mədəni, elmi, iqtisadi potensiala, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən və çoxşaxəli iqtisadi siyasəti nəticəsində neft sənayesi inkişaf edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin güclənməsinə təkan verib. Azərbaycan neft sənayesi böyük inkişaf yolu keçib. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb.

Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühası olub. Müstəqilliyimizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi.

Yalnız xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı. Çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

"Əsrin müqaviləsi”nin imzalanması və xarici investorların Azərbaycana cəlb olunması

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq "Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu.

"Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış müqavilənin imzalanması böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın "Əsrin müqaviləsi”ndən başlanan yolu haqqında Heydər Əliyev bunları deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir. Bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Ötən dövrdə Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda, həmçinin dünyanın ən böyük paytaxtları - Vaşinqton, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir. Bu sazişlərdə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulub. Bu məbləğdən 4,5 milyardı artıq ölkəmizə investisiya şəklində qoyulub. Hazırda Azərbaycanın bütün kateqoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır. 1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib. "Çıraq” yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanıb. İlk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürüb.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması istiqamətində Ulu Öndərin fəaliyyəti

Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri neftimizin dünya bazarına nəqli idi. Bu sahədə də həmişəyaşar liderimiz uğurlu addımlar atıb. Neftimizin dünya bazarlarına çıxarılmasının təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihəsini gerçəkləşdirib. Yalnız Heydər Əliyevin yüksək nüfuzu və müxtəlif ölkələrin dövlət və hökumət başçıları siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə daşınması barədə mühüm hökumətlərarası sazişlər imzalanıb. Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gedişində ulu öndər, Gürcüstanın Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə” dair saziş imzalayıblar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini” imzalayıblar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılıb.
Heydər Əliyevin dərin düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən, Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilib.

Dahi lider Heydər Əliyevin milli neft strategiyası ilə bağlı apardığı uğurlu siyasət

Ulu Öndər Heydər Əliyevin neft strategiyası barədə danışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qeyd edib ki, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinə təkan verən hadisələrdən biri 1994-cu ilin 20 senytabrında imzalanmış "Əsrin Müqaviləsidir”. Onun sözlərinə görə, məlum müqavilənin imzalanması dünyaca məşhur neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına şərait yaradıb. Bu da ölkəmizin müstəqilliyinin və suverenliyinin daimiliyinin qarantı sayılır: "Neft strategiyası düzgün seçildi. Azərbaycana milyardlarla vəsait daxil oldu. Azərbaycanın dövlət büdcəsi 30 milyarda yaxınlaşır. Xarici şirkətlərin Azərbaycana maraq göstərməsi və investisiya qoyması ölkəmiz üçün çox önəmlidir. Hazırkı ölkə başçısı cənab İlham Əliyev də həmin strategiyanı davam etdirir. Ölkədə neft sənayesinin inkişafı üçün yaradılan Neft Fondu əyani sübut kimi göstərə bilərik. Bu, dahi liderin neft strategiyasının davamı hesab olunur”.

"Əsrin müqaviləsi” ölkə iqtisadiyyatının inkişafına mühüm təkan verib

"Əsrin müqaviləsi”nin Azərbaycan üçün önəmindən söz açan deputat bildirib ki, bu saziş Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük impuls verib: "1993-cü ildən başlayaraq, ölkəmiz bazar iqtisadiyyatı sistemində fəaliyyət göstərməyə başladı. O zamanlar Azərbaycan müstəqilliyini elan etmiş dövlət kimi büdcəsində heç bir vəsait yox idi. Hətta taxıl idxal etməyə imkanımız çatmırdı. Xarici ölkələrdən kreditlər almaqla, taxıl alıb, ölkəmizə gətirirdik. Çox ciddi iqtisadi problem yaşanırdı. Ulu Öndər Heydər Əliyevin neft strategiyasını düzgün qurması, xarici neft şirkətlərinin və investorların diqqətini ölkəmizə cəlb etməsi Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük təkan verdi. Həmin təkanın nəticəsidir ki, ölkəmizdə iqtisadi sahədə çox əhəmiyyətli islahatlar aparıldı. Bu da neft sektorunun inkişafına böyük təsir göstərdi”.

V.Əhmədov söyləyib ki, uzaqgörən siyasətçi H.Əliyevin neft stragetiyasının prioritet istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarlarına çıxarılması idi: "Ümumiyyətlə, mərhum liderin neft strategiyası çoxşaxəlidir. Bunun ən başlıca qollarından biri də ölkəmizin hasil etdiyi neftin xaricə çıxarılması idi. Bu o qədər də asan proses deyildi. Ona görə də Ulu Öndər çox uzağa hesablanan addımlar ataraq, Türkiyə vasitəsilə Avropa bazarlarına çıxış əldə etdi. Daha sonra Azərbaycanın neft və qazının xaricə ixracı üçün proqram qəbul etdi. Həmin bir beçə istiqamətdə boruların çəkilməsi göstərilirdi. Bu proqramlar Azərbaycanın bugünkü və sabahkı tərəqqisi üçün qəbul olunub”.

Azərbaycan Qarabağ savaşının vurduğu bəlaları uğurlu neft strategiyasına görə aradan qaldıra bilib

Millət vəkili Zahid Oruc da dahi lider Heydər Əliyevin neft strategiyasının uzun dövrə hesablandığını deyib: "Məhz ulu öndərin rəhbərliyi dönəmində neft sənayesi şaxələndi və Azərbaycan dövlətinin tərkib hissəsinə, lokomativinə çevrildi. Bu sənaye sahəsi digər sahələrin inkişafı üçün mühüm amil rolunda çıxış etdi. Heydər Əliyevin böyük strateji gücü, siyasi fəhmi qabiliyyəti bundan ibarət oldu ki, o, neft uğurundakı savaşı tənzimləyə bildi. Qarabağa qədər mürəkkəb bir proses olan neft uğrunda müharizə ölkəmiz üçün amansız xarakter daşımadı. Bu qara qızıl tarixən xalqların faciəsinə səbəb olub. Heydər Əliyevin məhsuldar siyasəti nəticəsində bu qara qızıl millətimizə xoş güzəran bəxş etdi. H.Əliyevin dühası ona səbəb oldu ki, Xəzər akvatoriyasında beynəlxalq və regional dairələrin toqquşmaları ölkəmiz üçün öldürücü mahiyyət daşımadı”. "Əsrin müqaviləsi”nə diqqət çəkən deputat bildirib ki, bu, bölgənin siyasi arxitekturasını dəyişən hadisədir: "Onu sadəcə bir iqtisadi addım kimi dəyərləndirmək doğru deyil. Sözügedən müqavilə elə bir rolda çıxış etdi ki, ondan sonra digər mühüm layihələr də gerçəkləşdirildi. Üstəgəl, Azərbaycan Qarabağ savaşının vurduğu bəlaları neft strategiyasına görə aradan qaldıra bildi. Bu reallıqlar fonunda düşünürəm ki, ölkəmizdə neft strategiyasının əsası düzgün qoyulub. Bu gün də İlham Əliyev bu strategiyanı çox arzuolunan şəkildə davam etdirir”.

"Əsrin müqaviləsi”nin Azərbaycan iqtisadiyyatına təkan verdiyini deyən Z.Orucun fikrincə, bu saziş neftimizin dünya bazarlarına çıxışına yol açıb: "Müqavilə iqtisadiyyatımızın inkişafı üçün də bir baza yaratdı. İlkin olaraq Xəzər akvatoriyasında müəyyən neft quyularının qazılması xarici investorların ölkəmizə marağını artırdı. Onların qoyduğu yatırımlar ölkənin kənd təsərrüfatına və digər mühüm sahələrə yönəldi. Bundan sonra Azərbaycanda bütün sahələr sürətlə inkişaf etməyə başladı. Azərbaycan xarici bazarlara daha düzgün formada çıxdı. Bu da müdafiə sənayesinin qurulmasına və digər sahələrin tərəqqisinə xeyli dərəcədə təkan verdi”.

Heydər Əliyevin neft strategiyasi ilə bağlı cızdığı konturları hazırkı dövlət başçısı İlham Əliyev uğurla davam etdirir

Z.Oruc onu da əlavə edib ki, həmişəyaşar prezident H.Əliyevin neft strategiyası ilə bağlı cızdığı konturları hazırkı dövlət başçısı İ.Əliyev uğurla davam etdirir: "Müstəqil neft siyasəti yürütmək asan məsələ deyil. Çünki bu qara qızıl çoxlarının yüz illər ərzində bu bölgəyə məkirli marağını gücləndirib. Bu gün belə bir istəkdə bulunan regional dairələr mövcuddur. Amma istəklərinə nail olmayacaqlar. Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqaz ölkələrinin müstəqilliyində çox mühüm rol oynayır. Bu, birmənalıdır. Dəqiqdir. Bölgədəki müxtəlif beyin mərkəzləri yaxşı anlayırlar ki, Azərbaycan neft-qaz boru kəmərlərinin yolunun bağlanılması Qafqaz üçün nəfəsliklərin kəsilməsidir. Bu baxımdan hesab edirəm ki, dövlətimizin bölgədəki siyasəti Cənubi Qafqazın həyatında həlledici məna daşıyır”.

Ayyət Əhməd

Yazı "Azərbaycan Mətbuat Şurası və "Socar” AQŞ-nin "Əsrin müqaviləsi” - Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mözusundakı müsabiqəyə təqdim olunur.