“Yanımda olmasını istədiyim adamların hamısı yanımdadır”

Aqşin Yenisey: “Ən dəyərli hədiyyəmi 36 yaşımda Allahdan almışam”



Dünən müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan gənc şair Aqşin Yeniseyin doğum günü olub. 36-cı yaş gününü qeyd edən şair 1978-ci il Cəlilabad rayonunda anadan olub. Bir neçə ay bundan əvvəl səhhətində ciddi problemlər yaşayan gənc şair Aqşin Yeniseylə söhbətimizə də elə sağlıq durumundan başladıq. Dediyinə görə, şair üçün çətin günlər artıq geridə qalıb. Qaraciyər serrozunu tamamilə yenən Yenisey artıq ciyərinin itirdiyi fəaliyyətini tamamilə bərpa etdiyini deyib. Hazırda yaxşı olduğunu deyən şair səhhətində müsbətə doğru xeyli irəliləyiş olduğunu və gün keçdikcə, özünü daha da yaxşı hiss etdiyini bildirib:

- Ötən söhbətimizdə də dediyim kimi, mənim üçün ağrılı- acılı günlər geridə qalıb. Arxayınlıqla, qaraciyər serrozunu yenmişəm deyə bilərəm. Sadəcə olaraq, xəstəliyin cüzi əlamətləri qalıb.

- Davamlı olaraq, müayinə olunursunuz?

- Yox, demək olar ki, müalicəm başa çatıb. Sadəcə 2-3 dərman qəbul edirəm. Bir də 10 gündən bir xəstəxanaya gedib qan analizləri verirəm ki, qandakı zərərli maddələrin hər dəfə nə qədər azaldığı bilinsin. Sonuncu analizlərin nəticəsinə görə, qanımda olan zəhərli maddələr normal insanın qanı səviyyəsindədir. Həkimlərin dediyinə görə, heç bir problem yoxdu və irəliləyiş getdikcə artır. Qaldı ki, bütün günüm evdə keçir. Yarımçıq qalan işlərimi tamamlamağa çalışıram. Xəstəlikdən əvvəl tamamlanmayan yazılar, oxumadığım kitablar qalmışdı ki, hazırda bütün vaxtımı onlara sərf eləmişəm. İşə çıxmağım da ki, həkimlərin rəyindən asılıdır. Hərəkətdə olmağım, pəhrizlərim də əvvəlki kimi qalıb. İndi axşamdan-axşama həyətə düşüb, gəzinti ilə məşğul oluram ki, əzələ ağrılarım keçsin. Qalan vaxtlarda da ya kitab oxuyuram, ya da yazıram.

- Ötən dəfə sadəcə köşə yazdığınızı vurğulamışdınız. Bəs indi...

- Şeirlərim də var. Hələ xəstəxanada yatdığım zamanlar da boş vaxtlarımda şeir yazırdım. Hətta həmin şeirlərdən birini də 1937. az saytına göndərmişəm. "Ruhun biopsiyası” adlı şeirimi ad günüm münasibətilə çap ediblər:

Mif reallığa, qaranlıq işığa, Tanrı insana

Əsalar badəyə, zəhərlər şəfaya, qadınlar əşyaya çoxdan çevrilib,

Lap çoxdan.

Biri cütlənmiş uşaq ayaqqabısıdır bu sonsuz otaqda.

Biri başlanğıcın qurumuş qan ləkəsidir yataqda.

Biri ünvansız məktub kimi itkin düşmək təhlükəsidir uzaqda.

Ölüblərsə, deməli, nə vaxtsa gözəl olublar.

Əbədidirlərsə, deməli, həmişə eybəcər qalacaqlar,

Həqiqət kimi.

Bir də ki, xəstəxanaya düşməzdən əvvəl bir əsər yazmağa başlamışdım. Əsərə başlayanda roman olaraq düşünmüşdüm, amma indi nə olacağını bilmirəm. Hərdən bir həmin əsər üzərində işləyir, qeydlərimi, əlavələrimi edirəm. "Qanun” nəşriyyatı həmin əsəri çap eləmək istəyir. Çatdıra bilsəm, bu il nəşr etdirəcəm. Onu da deyim ki, fəal şəkildə yaradıcılıqla məşğul ola bilmirəm. Gündə 1-1,5 saat ancaq kompyuterdə işləyə bilirəm. Köşə elədir ki, 2-3 günə az-az yazmaq olur. Amma ciddi yazı yazmaq üçün kifayət qədər vaxt və enerji sərf etməlisən. Bəzən əsərin elə yerində ilişirsən ki, cümlənin arxasını gətirmək üçün 3 gün evin içində gəzməlisən. Sözün açığı, yazı ənənələrim çox vaxt aparır deyə, indi ciddi əsər üzərində işləmək mənim üçün çətindir. Sürətlə yazmağı bacarmıram. Bəzi gənc yazarlar var ki, bir həftəyə 2-3 dənə roman yazır. Mən o mənada bir az ləngəm. Elə vaxt olub ki, bir şeiri 6-7 aya yazmışam. Növbəti misranı axtarıb tapmaq, beynimdə şeirin şəklini çəkmək, oxucuya daha rahat çatdırmaq üçün xeyli düşünməli olmuşam. Eləsi də olub, 2 dəqiqənin içində yazıb tamamlamışam.

- Demək istəyirsiniz, 6 ay müddətində "Bəxt üzüyü”ndəki Moşu kimi qafiyə axtarışında olmusunuz?

- Yox, mənim bir dənə uğurlu cəhətim odur ki, qafiyəli şeirlər yazmıram. Qafiyəli şeirlər yazsaydım, elə Moşunun gününə düşərdim. Əlimdə qələm, bütün gün "xoşbətxliy”ə qafiyə axtarardım. Məni qafiyəli şeirlərdən uzaqlaşdıran elə Moşunun aqibəti oldu. "Bəxt üzüyü”nə baxa-baxa, Moşudan dərs çıxarmışam.

- Ad gününüzü neçə keçirdiniz?

- Xüsusi olaraq, ad günü keçirməyi sevmirəm. Öz ailəmlə oturmuşam, evimizdə hərə öz işi ilə məşğuldu. İşi olan işinə gedib, boş olan da evdə qalıb. Uzaq başı axşam yüngül bir süfrə açılar. Sonra da televizorumuza baxıb, kitabımızı oxuyub, yatacağıq. Sözün açığı, mənim üçün simvollaşdırılmış rəqəmlərin heç bir əhəmiyyəti yoxdu. Sentyabrın 5-i ilə iyunun 5-i arasında mənim üçün heç bir fərq yoxdu. Ad günüm də adi günlərdən biridir. Hesab edirəm ki, ad günləri analar üçün yaddaqalan olmalıdır. Xüsusilə də mənim kimi evin birinci uşağı olanların anası üçün. Bu gün atamla anamın həyatında böyük bir hadisə olub, ilk uşaqları dünyaya gəlib. İstənilən şəxs həyatında bir neçə dəfə doğulub-ölür. Mən bu dəqiqə özümü ikinci dəfə dünyaya gəlmiş kimi hiss edirəm. Bilirsiniz ki, xəstəxanaya düşən günü həkimlər mənə 99 faiz ölüm diaqnozu qoymuşdular. Mənə dedilər ki, həm sən, həm də biz həmin o bir faizdən möhkəm yapışıb, səni həyata qaytarmağa çalışmalıyıq. Şükürlər olsun ki, səyləri boşa çıxmadı. Görünür, hələ vaxtım çatmayıbmış. Ya da o biri dünyada basa-bas filan var, məni yerləşdirməyə yer olmadığı üçün yaşamağımı məsləhət biliblər.

- Yazar dostlarınızdan təbrik edən oldumu?

- Həm öz dostlarım, həm həmkarlarım, həm də digər sahədə çalışan xeyli sayda insandan təbrik almışam. Hətta heç tanımadığım, harda çalışdığını bilmədiyim oxucularım var ki, onlardan da təbrik mesajları almışam. Sözün açığı, təbrik almağa maraqlı biri deyiləm. Bəzi adamlar var ki, ad günü münasibəti ilə onu təbrik etməyən dostlarından, yaxınlarından küsürlər. Üzə deməsələr də, bu incikliyi qəlblərində divin boynuna salınan dəyirman daşı kimi gəzdirirlər. İntiqam anı gözləyirlər ki, filankəsin də ad günü olanda mən onu təbrik etməyəcəm. Mən elə şeylərin adamı deyiləm. Münasibətləri bir təbriklə ölçmürəm.

- Ad günü hədiyyəsi verən oldumu?

- Hədiyyəmi mən bu gün yox, əvvəlcədən almışam. Ən dəyərli hədiyyəmi 36 yaşımda Allahdan almışam. Ən böyük arzum oğul övladı idi ki, mən artıq ona sahibəm. İkinci hədiyyəm isə oğlumla bərabər dünyaya gəlməyimdir. İgidayla ikimiz də bir gündə doğulmuşuq. Oğlum ilk, mən isə ikinci dəfə... İndi ikimiz də divardan tutub, ayaq üstə durmaq, yerimək öyrənirik. Mən təzədən, o isə ilk dəfə...

- Adətən ad günlərində insan bir az duyğusallaşır, hisslərə qapılır. Kimlərinsə yanında olmasını arzulayır. Bu gün həsrətini çəkdiyiniz, yanınızda olmasını arzuladığınız biri varmı?

- Xeyr, yanımda olmasını istədiyim adamların hamısı yanımdadı. Həsrətini çəkdiyim biri yoxdu. Məhz bu gün yanımda olmasalar da, yaddaşımda, qəlbimdədir. Elə biri yoxdu ki, mən onu arzulayım, amma o mənimlə olmasın.

Şəymən