Quraqlıq quşlara da təsir edib

Yumurtanın qiyməti buna görə bahalaşıb


Ölkədə yumurtanın qiyməti 10 qəpikdən 13-15 qəpiyə qalxıb. Qiymətlərin qalxmasına səbəb isə istehsalın az olması və ötən ildən ziyanla işləyən quşçuluq müəssisələrinin vəziyyətinin daha da ağırlaşması göstərilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, bahalaşmanın kökündə builki hava şəraiti dayanır: "Bu il quraqlıq olub. Quşların yem bazası zəif olub. Həmçinin bu quraq mühitdə heyvanlar xüsusilə quşlar arasında yolxucu xəstəliklərin artması və dərmana verilən pullar, yemin baha olması da qiymətlərin bahalaşmasına təsirsiz ötüşməyib”.

Birlik rəhbəri hazırda Sabirabad rayonunda kəndlərin birində olduğunu və kənd sakinlərinin yumurtanı 8 qəpiyə satıldığını da açıqlayıb.

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev virtualaz.org-a açıqlamasında yumurtanın bahalaşmasını iqtisadiyyatdakı tələb-təklifdən çox olması ilə əlaqələndirib. Onun sözlərinə görə, tələb artanda və istehsalda artım olmayanda, bazarı tənzimləmək üçün qiyməti bir qədər bahalaşdırırlar. Tələb azalanda isə istehsal azalır. Bu, təbii prosesdir”.

A.Vəliyev həmçinin yumurtanın qiymətinin tələbat artdığından bahalaşması iddiası ilə razılaşmır: "Biz xarici ölkələrə yumurta satmaq istəyirik. Qiymət artımını tələbatın artması ilə əlaqələndirmək yanlışdır”.

Məlumat üçün bildirək ki, rəsmi statistikaya əsasən, xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir. Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur. Quşçuluq sektoru kifayət qədər spesifik sahədir. Yerli məhsullar xarici məhsullarla rəqabət apara bilmirlər. Çünki idxalı həyata keçirən inhisarçı şirkətlər vergi və gömrük rüsumu ödəmirlər. Əvəzində yarımfabrikat məhsulları milli quşçuluq müəssisələrinə dəfələrlə baha qiymətə satırlar.

Vüqar Şahinoğlu