Bazarlarda qiymətlər gecə formalaşır

Kənd Təsərrüfatı Nazirliyi qıtlığı və qiymət sıçrayışını təkzib etməyə çalışır


Ölkədə pomidor qıtlığı davam edir. Evdar qadınlar, nəinki qış tədarükü görə bilir, heç yayın ənənəvi yeməklərini də bişirə bilmirlər, çünki pomidorun qiyməti "əl yandırır”. Yay yeməkləri də pomidorsuz təsəvvür edilmir. Pomidorsa, az qala quzu ətindən də bahadır. Yəni, müqayisədə. Amma Kənd Təsərrüfatı Nazirliyi hər vəchlə pomidor qıtlığı və qiymət sıçrayışını təkzib etməyə çalışır. Ötən gün KTN bahalaşma və məhsul qıtlığı ilə bağlı deyilənləri təkzib edən bir açıqlama yayıb. Nazirlik mətbuatı əsassız, subyektiv mülahizələrə söykənən informasiyalar yaymaqda ittiham edib. Və qiymət bahalaşmasını mövsümü amillərlə əlaqələndirib.

Nazirliyin açıqlamasından belə çıxır ki, bu yay fermerlər yaxşı qazanc əldə etməmişdilər, Rusiya bazarlarına çıxış imkanlarının yaranması istehsalçılar üçün əlverişli şərtlər formalaşdırıb. Nəticədə "daxili bazarda qiymətlər fermerlərin mənafeyinə uyğun yeni tarazlıq mərhələsinə daxil olub. Əlverişsiz olan qiymət şərtləri əlverişli vəziyyətə gəlib”. Lap "ironik” izahdır. Deməli, əhali qiymətlərin bahalaşmasına sakit yanaşmalı, bundan sevinməli, sevincindən atlanıb-düşməlidir. Doğrudan da, gülməlidir. KTN qiymət fərqini faizlərlə sübuta yetirmək istəyir. Hər növ məhsulu misal çəkir, əsas müzakirə və narazılıq predmeti olan "çər dəymiş” pomidorunsa adını bir yerdə ötəri çəkir ki, bəs, yalnız qarpız, yemiş, lobya və pomidorun qiyməti "bu və ya digər səviyyədə” istisnalıq təşkil edib. "Bu və ya digər səviyyə”də nə demək? Pomidorun kiloqramı 1 manat 80 qəpik - 2 manatdır! Əgər, siz, yeşiyin günc-bucağında qalan əzik-üzük, iylənmiş pomidorların 1 manata satılmasını nəzərdə tutub, "bu və ya digər səviyyə” istilahını işlədirsinizsə, bu başqa məsələ.

Subyektiv mülahizələrə gəlincə, bazarla bağlı subyektivizmə yol vermək mümkün deyil. BAZARdır, ona görə! Hər şey göz önündədir, hər kəs də evinə bazarlıq edir.

İqtisadçılar da KTN-in məlum açıqlamasını həqiqətəuyğun hesab etmirlər. Və bunu daha çox gözdən pərdə asmaq kimi dəyərləndirirlər.

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov "Şərq”ə açıqlamasında KTN-in məlum açıqlamasında qeyd olunan qiymət faizlərinin real olmadığını dedi:

- Açıqlamanın məzmunundan onun qeyri-peşəkar hazırlandığı görünür. Faizlərlə qiymətləri göstərmək mövcud vəziyyəti ört-basdır etməyə yönəlib. İqtisadçılar gözəl bilir ki, bu cür qiymət göstəriciləri irəli sürmək yanlışdır. KTN tutalım soğanın qiymətini 18,7 qəpik kimi göstərir. Belə qiymət ola bilməz. Siz hardasa soğanın qiymətinin bu formada yazıldığını görmüsünüz? Görə bilməzsiniz. Hər bir məhsulun konkret topdansatış, pərakəndə satış qiyməti var. Qiymətlər faizlə göstərilə bilməz. Məzmundan da görünür ki, bu, qeyri-peşəkar bir təhlildir. Bilirsiz, biz birinci dəfə deyil ki, qiymətlərlə bağlı monitorinq, tədqiqat aparırıq. Bazarlarda oluruq və qiymətləri öyrənirik. Bazarda qiymətlər gecə saat 4-5-də formalaşır. Paytaxtın böyük bazarlarında - "Yaşıl bazar”, "8-ci kilometr” bazarı, "Keşlə bazarı” və s. fermer və ya kəndli yetişdirdiyi məhsulunu gətirən kimi kiçik topdansatış alveri başlayır. Bazara məhsul daxil olan kimi bazar alverçiləri məhsulun üstünü "kəsdirir”. Hər kəs özü üçün əvvələcədn müəyyənləşdirdiyi qədər məhsulu  yeşiklə ucuz qiymətə alır, baha qiymətə satmağa başlayır. Gecə saatlarında məhsulun bazara daxil olduğu vaxt onun qiyməti də müəyyənləşir. KTN-in heç bir nümayəndəsi həmin vaxt bazarda olmur. Amma biz olmuşuq və mənzərəni öz gözlərimizlə görmüşük. Pomidor bahalaşmasından iki gün əvvəl biz Quba-Xaçmaz zonasında idik. 30 kiloqramlıq pomidor yeşiyinin qiyməti 5 manat idi. Elə ki, Rusiyanın sərhədləri açdığı və məhsulun daşınma şərtləri yumşaldığı xəbəri yayıldı, pomidor yeşikləri maşınlara yüklənib, gömrüyə daşındı. Pomidorun yeşiyinin qiyməti qalxdı 12 manata, sonra lap yüksəldi və 20 manat oldu. Nəyisə əsaslandırmağa çalışanda da, heç olmasa, gərək elmi əsaslar tapasan. Qıtlıq və qiymət bahalaşmasında Rusiya faktorunu inkar etmək mümkün deyil. Çünki bu, danılmaz faktdır. KTN "qiymətlərə psixoloji təsir faktoru”ndan danışır. Bu da qeyri-peşəkarlığın növbəti nümunəsidir. Psixoloji təsir qiymətə ola bilməz, olsa-olsa insanlara - alıcıya mümkündür. Bir də ki, KTN psixoloji təsiri hansı cihazla təyin edib?

V.Məhərrəmov məhsulun xarici ölkələrə ixracının normal hal olduğunu dedi. Lakin burada mühüm bir məqamın diqqətdən kənar qaldığını vurğuladı:

- Heç kim demir ki, məhsulumuz ixrac olunmasın, fermerlər qazanc əldə etməsin. Problem başqa məsələdə - daxili tələbatın ödənmədiyi bir halda məhsulun ixraca yönəlməsidir. Bütün sivil ölkələrdə qiymət siyasəti aparılır və bu, qanunla tənzimlənir. Hökumətlərin qarşısında duran birinci vəzifə daxili tələbatın ödənməsini təmin etməkdir. Daxili tələbat müəyyən edilir, istehsal ona uyğunlaşdırılır, stimullaşdırılır və bazar təmin edilir. Əgər məhsul daxili tələbatı üstələyirsə, istehsal artıqdırsa, o zaman məhsul dövlət tərəfindən alına da bilər və ya ixracat həyata keçirilə bilər. Daxili bazarın tələbatının daxili istehsal hesabına ödənməsinə çalışılmalıdır. KTN Azərbaycan məhsulunun Rusiya bazarına daşınmasından hətta qürur da duyur və bildirir ki, burada pis nə var?! Azərbaycan "brendi” tanınır. Amma özləri də çox gözəl bilirlər ki, hazırda Rusiyaya daşınan pomidor Azərbaycan pomidoru deyil, Avropa pomidorudur. O pomidorun toxumu bizə Avropadan gəlir. Özü də keyfiyyətsiz, məhsuldarlığı aşağı olan toxumdur. Təsəvvür edin ki, bizə göndərilən "həmin” toxumdan Belçikada hər hektardan 500 ton məhsul alınır, bizdə isə 50 ton. Azərbaycan toxumçuluğu ölü vəziyyətindədir. Demək olar ki, bütün meyvə-tərəvəzin toxumu hamısı xaricdən - Avropadan gətirilir. Amma bu da uzun çəkməyəcək. Rusiyaya iqtisadi sanksiyalara start vermiş Avropa sabah toxum ixracını da dayandıracaq. O zaman neyləyəcəyik? Vəziyyət getdikcə çətinləşə bilər. Sabahın qayğısına indiyədək qalmamışıqsa, heç olmasa, indi ayılsınlar. Toxumçuluğu inkişaf etdirsinlər.

Adının çəkilməsini istəməyən bir iqtisadçı da "Şərq”ə KTN-in məlum açıqlaması ilə razılaşmadığını dedi:

- Rusiya faktoru var və bunu inkar etmək düzgün deyil. Azərbaycan məhsulunun əsas hissəsi, xüsusilə də cənub və şimal zonasından Rusiyaya daşınır. Dünən Qubada, Xaçmazda olmuşam, pomidor tapılmır. Hamısı Rusiyaya aparılır. İqtisadi İnkişaf Nazirliyi də, Kənd Təsərrüfatı Nazirliyi də birinci növbədə daxili bazarı qorumalıdırlar. Mən bu gün də (dünən - red) bazara getmişdim. Qiymətlər dəhşətdir. Satıcılar deyir ki, pomidorun yeşiyini 30 manata alırıq...

Görəsən, bu da satıcıların "subyektiv” mülahizəsidir?

Məlahət Rzayeva