Nemət Pənahlıya təzyiq, təsir olunmur

Amma onun səhhətindəki problemlər hələ də qalır




Vaxtilə milli-azadlıq hərəkatının qəhrəmanı sayılan, hazırda isə xuliqanlığa görə 6 illik həbs cəzasını Qobustan Qapalı Təcridxanasında çəkən Nemət Pənahlının vəziyyətində heç bir dəyişiklik yoxdur.

Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı "Şərq”ə açıqlamasında ərinin sağlıq durumunun o qədər də yaxşı olmadığını bildirib: "Qobustan həbsxanasında hər 3 aydan bir görüşə icazə verirlər, ancaq telefonla əlaqə saxlamaq imkanımız olur. Ona görə də orada nələr baş verdiyinə dair məlumatım yoxdur. Telefonla 1-2 dəqiqəlik danışıq müddətində ancaq səhhəti ilə maraqlana bilirəm. Çünki ondan artıq danışmağa icazə vermirlər. Səhhəti də ki elə olduğu kimidir. Şəkər xəstəliyindən əziyyət çəkir və yaxşılığa doğru heç bir irəliləyiş yoxdur. Əslində, ora elə bir yerdir ki, yaxşı olmaqdan söhbət belə gedə bilməz. Ən azından hələ ki, dərmanını verirlər. Elə vaxt olub ki, heç dərmanlarını da vermirdilər”.

Nemət Pənahlı ilə sonuncu dəfə iki ay bundan əvvəl görüşdüyünü vurğulayan H.Pənahlı növbəti görüşün ayın 8-də baş tutacağını deyib. "Meydan” qəhrəmanına qarşı artıq hər hansı bir təzyiqin olmadığını bildirən xanımı onun kamerada tək qaldığını qeyd edib: "Heç bir təzyiq, təsir yoxdur. Bağlı otaqda tək qalır. Əslində, belə daha yaxşıdır. Çünki Nemətin özü də kamerada tək olmaq istəyirdi. Məndə olan məlumatlar hələlik bu qədərdir. Ancaq özüm görəndən sonra dəqiq nəsə deyə bilərəm”.

Şəymən