BDU rektoru xaricdə oxuyan tələbələrdən şikayətləndi

“Biz sizi göndərmişik ki, sonradan gəlib universitetləri gücləndirəsiniz”



Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ölkəyə qayıtmaması məsələsi yenidən gündəmə gəlib. Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov xaricdə təhsil alan gənclərin bəzilərindən şikayətlənib.

A.Məhərrəmov "Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumu çərçivəsində keçirilən panel müzakirələrdə çıxış edərək bildirib ki, ölkənin xaricdə təhsil alan gənclərə çox böyük ehtiyacı var.

Onları Bakı Dövlət Universitetində gözlədiyini deyən rektorun sözlərinə görə, əfsuslar olsun ki, tələbələr xaricdə oxumağa göndərilir, amma geri qayıtmırlar: "Biz sizi göndərmişik ki, sonradan gəlib universitetləri gücləndirəsiniz. Biz sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu pulları nəyə görə vermişik? Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olub, gəlib öz universitetlərimizdə işləyəsiniz, universitetlərdə elmi məktəbləri formalaşdırasınız. Universitetlər, akademiyalar elmi məktəblərlə güclənir. Açıq danışaq, bu gün sizdən yaxşı dövrdə yaşayan yoxdur. Sizi göndərmişik ki, uzun illər təcrübəsi olan universitetlərdən elmi mühiti Azərbaycana gətirəsiniz. Əfsuslar olsun ki, mən bir rektor kimi deyirəm, universitetimizdə ingilis qruplar var və xaricdə təhsil alıb gələn gənclərin az bir qismi bu qruplara müraciət edir. Biz sizi universitetə dəvət edirik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin”.

Rektor iradlarında nə dərəcə haqlıdır? Yaxud da, xaricə göndərilən tələbələr niyə Azərbaycana qayıtmaq istəmir?

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə ümumiyyətlə, xaricdə təhsil alanların qarşısına ölkədə çalışmaq şərti qoyulmasının əleyhinədir. Onun sözlərinə görə, belə məsələlərdə insanlara seçim sərbəstliyi verilməlidir: "Tələbə ilə şərt kəsmək olmaz. Onsuz da, buradakı şərait, əməkhaqqı həmin gənci qane etmirsə, onlar burada inkişaf perspektivi görmürsə, 5 ildən sonra yenə də çıxıb gedəcəklər. Bu baxımdan həmin gənclərə ölkədə işləmək üçün əlverişli şərait yaradılmalıdır. Bu gün bizdə xaricdə oxuyan tələbənin yeganə üstünlüyü onların dövlət qulluğuna müsabiqədən kənar qəbul edilməsidir. Əmək haqlarında digərləri ilə müqayisədə üstünlük yoxdur. Xaricdə təhsil alanların imkanları ilə Azərbaycanda təhsil alanların imkanları

fərqləndirilməlidir. Azərbaycan universitetlərinin dünyanın heç bir ölkəsində diplomları tanınmır. Xarici ölkələrin diplomları isə hər yerdə tanınır. Onların istənilən ölkəyə getmək imkanı var. Bu fakt mütləq nəzərə alınmalıdır. Xaricdə təhsil alan mütəxəssislərə digərləri ilə eyni əmək haqqının verilməsi düz deyil və bu, beyin axınının ikinci dalğasını yarada bilər. Ona görə də dövlət pul xərcləyib xaricə tələbə göndərirsə, həmin tələbənin geri qayıtmasında da maraqlı olmalıdır”.

Azərbaycanın Əməkdar müəllimi Asif Cahangirov da xaricə təhsil üçün göndərilən tələbələrin geri qayıtmamasının narahatedici məqam olduğunu bildirib. Onun sözlərinə görə, həmin tələbələrin geri qayıtmamasına başlıca səbəb sosial məsələlərdir: "Əslində xaricdə təhsil alan məzunlar Azərbaycanda işləmələri üçün adaptasiyada çətinlik çəkirlər. Çünki bir neçə il Avropada təhsil alan və yaşayan gənclərin Azərbaycana uyğunlaşması problemlər yaradır. Məsələn, yaxşı oxuyan tələbə düşünür ki, savadlı mütəxəssisə həm xaricdə, həm də Azərbaycanda tələbat var. Amma o görəndə ki, xaricdə onun əməyinə və potensialına daha yüksək qiymət verirlər, həmin anda Azərbaycana dönməkdən imtina edir. Yəni, burada sosial məsələlər imkan vermir ki, xaricdə oxuyan gənc ölkəyə qayıtsın”.

Ekspert bu problemin aradan qaldırılması üçün dövlətin konkret tədbirlər həyata keçirməli olduğunu da deyib. Onun təklifinə görə, hökumət xaricdə oxumuş gənci yenidən ölkəmizə qazandırmaq üçün stimullaşdırıcı addımlar atmalıdır: "Əslində, o tələbələrin sayı elə də çox deyil və hökumətin bu istiqamətdə stimullaşdırıcı tədbirlər görməyə kifayət qədər imkanları var. Məsələn, hökumət dövlət müəssisələrində çalışan bu şəxslərin əməkhaqlarına əlavə ödəmələr etməlidir. Bu təqaüd formasında da ola bilər. Yəni xaricdə təklif olunan əməkhaqqı ilə Azərbaycanda təklif olunan əməkhaqları eyni səviyyədə olmalıdır ki, bu gənclər ölkəyə qayıtsınlar”.

Şəymən