Ad və soyadlar milliləşdirilməlidir

Ancaq yenə düşünürük, qəti qərar yoxdur



Azərbaycanda ad və soyadlar məcburi dəyişdiriləcək. Ad və soyadların milliləşdirilməsi uzun zamandır müzakirə edilir. Bununla bağlı artıq Nazirlər Kabinetinə təkliflər göndərilib. NK bu sənədi nəzərdən keçirir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov lent.az-a açıqlamasında bildirib ki, AMEA-nın Adlar və soyadlar komissiyası Nazirlər Kabinetinə tövsiyələr verib. Hazırda Nazirlər Kabineti bu işin hüquqi tərəfi üzərində işləyir. Bir az geciksə də, Nazirlər Kabineti tərəfindən soyadların milliləşdirilməsi ilə bağlı qərar veriləcək. Təkliflər paketinə münasibət bildirən millət vəkili Sabir Rüstəmxanlı "Şərq”ə Milli Məclisin hələ bu məsələ haqqında 1993-cü ildə qərar qəbul edildiyini açıqlayıb: "Bu, yeni təklif deyil. Guya NK-yə yeni təklif edilir, bu, köhnənin məsələsidir. Bu qərarın üstündən 22 il keçib, hələ də bu qərarın niyə yerinə yetirilmədiyini mətbuat araşdırıb, işıqlandırmalıdır. Hər il bu məsələ MM-də qaldırılsa da, indiyə qədər qeydiyyat idarələri buna biganə yanaşır. Gedib araşdırmaq lazımdır ki, o stolun arxasında hansı idarələr bu işə mane olurlar? Nəyə görə, soyadların milliləşməsindən bizim yerli idarələrimiz qaçır?”.

S.Rüstəmxanlının fikrincə, soyadlar millətin atributudur: "Milli dövlətimiz qurulduqdan sonra soyadlarımıza yamaq vurulan rus şəkilçisi olan "ov” və "yev”dən biz 1991-ci ildən imtina etməliydik. Əgər indiyə kimi bu soyad sonluqları qalırsa, bu, millətin öz taleyinə qarşı biganəliyidir. Bu, Stalin repressiya dövründən bizi kökümüzdən qoparmaq, parçalamaq, türk milli kimliyini məhv etmək siyasətinin tərkib hissəsi idi. Bu "ov” və "yev” şəkilçisindən xilas olmaq daha bir əsarət zəncirinin halqasını qırıb atmaqdır”.

N.Cəfərovun digər bir həmkarı MM-in deputatı Zahid Oruc isə məsələyə bir qədər fərqli yanaşıb: "Bu məsələdə yalnız tarix və adət-ənənələr deyil, hazırkı gerçəkliyin də nəzərə alınmağının tərəfdarıyam. Yəni bu, könüllü olmalıdır, yoxsa inzibati qərarla həyata keçirilməsi

formasını dəqiq təhlil etmək lazımdır. Cəmiyyətin buna münasibəti nədir? Hazırkı dönəmdə etiraf etmək lazımdır ki, "ov”dan və "yev”dən xilas olma yönündə kütləvi addımlar atılmır. Kimsə bunu ad və soyadının üzərində basqı saymır. Bəlkə buna Sovet dövründə yaşamış şəxslər alışmayıb.

Həmin şəxslər ömürlərinin bir hissəsini SSRİ dövrünə təsadüf edib. Səbəb bunlar da ola bilər. Ancaq nə Nizami Gəncəvinin, nə də Məhəmməd Füzulinin soyadında "ov” və "yev” olmayıb. Tarixən xalq kimi məlum sonluqlardan kənar yaşamışıq. Ancaq 70 il Sovet hökumətinin əsarəti altında yaşamışıq, bu da az vaxt deyil. Nəticədə bu ad və soyadlar həyatımızın bir hissəsinə çevrilib”.

Z.Oruc ad və soyadlarla bağlı qanunun qəbul edilməsindən əvvəl cəmiyyət arasında sosioloji sorğular keçirilməsini təklif edib: "Düşünürəm ki, bununla əlaqədar ictimai sorğular keçirilərək seçim azadlığı etmək lazımdır. Nəticədə "ov”, "yev” və ya "lı”, "li”, "lu”, "lü” şəkilçilərindən hansından istifadə edilməsinə üstünlük verildiyi məlum olacaq. Və yaxud da mənim kimi Zahid Oruc olaraq şəkilçisiz soyad sonluq seçmədən də öz genetik ailə adına söykənib ad seçmək də olar. Həyatda belə soyadlı insanlar çoxdur”.

Deputat belə bir qanunun texniki və maliyyə tərəflərinə toxunub: "Milli əhəmiyyət baxımından danışılanda dünyaya vahid ad ilə çıxanda maliyyə xərcləri çox görünməyə bilər. Ancaq bu da bir elementdir. Məsələn, 10 illik dövrü üçün ümumvətəndaşlıq pasportları, qanuna müvafiq olaraq 25, 35, 55 və digər yaşlar üçün şəxsiyyət vəsiqələrinin, həmçinin diplomatik və digər pasportlarını vətəndaşlar alıblar. Həmin müəyyən olunmuş yaş dövrləri başa çatmamış kütləvi olaraq həyata keçirildiyi təqdirdə buna xeyli vəsait lazımdır. İstər insanların şəxsi, istərsə də dövlət büdcəsindən çoxlu vəsait tələb edir. Bundan əlavə, informasiya baxımından internet axtarış sistemlərində həmin şəxslərin "ov” və "yev” sonluqlarla adların təqdimatı var. Digər bir misal, tanınmış millət vəkillərindən biri bu soyad sonluğunun dəyişdirilməməsini onunla izah edir ki, məsələn, onun adına və soyadına yüz minlərlə materaillar "ov” soyad sonluğu ilə internet axtarış sisteminə yerləşdirilib”.

Vüqar Şahinoğlu