Ramiz Əzizbəyli Türkiyəyə aparılacaq

“İnfarktdan sonra ağzında əyrilik qalıb, həm də bir az ayaqlarını çətin atır”



Xalq artisti Ramiz Əzizbəylinin səhhəti ilə maraqlandıq. Xalq artistinin həyat yoldaşı Zümrüd xanım bildirdi ki, Ramiz Əzizbəyli hazırda ev şəraitində müalicə alır: "Düzünü desəm, indi bir balaca özünü yaxşı hiss edir. Az-çox evdə gəzir. Hərdən maşınla ora-bura da aparırıq. Amma sərbəst gəzməyə hələ çətinlik çəkir”.

Zümrüd xanımla söhbətimiz zamanı məlum oldu ki, Mədəniyyət və Turizm Nazirliyi bu günə qədər də onunla maraqlanmayıb: "Bilirsiz, mətbuat tez-tez maraqlanır, soruşur. Sağ olsunlar. Amma nə qədər yazsalar da, deyilsə də, Nazirlik heç vaxt Ramiz müəllimin səhhəti ilə maraqlanmayıb. Qapımızı döyüb kimsə soruşmayıb ki, Xalq artistidir, nəyə ehtiyacı var... Müalicələri də öz şəxsi imkanımız hesabına ödəyirik. Yenə övladlarım kömək edir. Müalicə xərclərini həll edirik. Ramiz müəllimin şəxsi dostları var. Onlar hər zaman diqqətlərini əsirgəmirlər. Gəlib baş çəkirlər, maraqlanırlar. Amma onlar da bir dəfə kömək etdilər, iki dəfə. Həmişə onlardan nə isə gözləmək də düzgün deyil. Qaldı sənət dostlarına, əvvəllər bir-iki sənət dostu gəlib baş çəkirdilər. İndi o ziyarətlər də azalıb. Çünki sənətçilərin hamısının vəziyyəti göz qabağındadır. Hamının yetərincə dərdi, problemi var. Onlardan incimirik də. Yenə Allah hamıya kömək olsun”.

Zümrüd xanım söhbət əsnasında onu da bildirdi ki, Ramiz Əzizbəylini Türkiyəyə aparmağı planlaşdırıblar: "İmkan etsək, istəyirik ki, Türkiyəyə müalicəyə aparaq, infarktdan sonra ağzında əyrilik qalıb, həm də bir az ayaqlarını çətin atır. Türkiyədə müalicə olunsa, bəlkə vəziyyəti yaxşılaşar. Çünki əsəbləri də çox gərgindi. Nə qədər müalicə alsa da, hələ də əsəbidir. Evdə də

çalışırıq ki, hirslənməsin, əsəbiləşməsin. Amma işləmək istəyir. Deyir bir balaca da yaxşılaşıb işə çıxacam. Yəni onun yaşamaq istəyi var”.

Tahirə