Kerri “hə” dedi

Qarabağ münaqişəsinin həllinin zamanıdır



Sentyabrın 4-də Uelsdə NATO sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ dövlət katibi Con Kerri arasında üçtərəfli görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış şiddətli gərginliklə bağlı dərin narahatlığını ifadə edib. C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə səsləyib. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Kerri hesab edir ki, prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa xidmət edəcək. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov üçlü görüşün detallarını açıqlayarkən deyib ki, ABŞ ilk dəfədir münaqişənin həllinə ciddi maraq göstərib. N.Məmmədov bildirib ki, görüşdə prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif edib. Amma Ermənistan prezidenti Serj Sarkisyan əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda iddialarını nümayiş etdirib: "Mənim üçün maraqlı olan o idi ki, C.Kerri doğrudan da məsələlərə ciddi yanaşırdı. Onun Azərbaycan prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim”. Uelsdəki toplantı barəsində danışan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan və Ermənistan prezidentləri arasındakı görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə böyük sülh sazişinin imzalanmasının zəruriliyi vurğulanıb. E.Məmmədyarov qeyd edib ki, sentyabrın sonunda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Ekspertlərin fikrincə, avqust ayının əvvəlində Azərbaycan-Ermənistan cəbhəsində gərginliyin artması beynəlxalq aləm üçün ciddi siqnal olub. Artıq dünyanın aparıcı ölkələrinə bəlli olub ki, münaqişənin dondurulmuş vəziyyətdə uzun müddət saxlanılması mümkün deyil. Cəbhə olaylarının ardınca prezidentlərin Soçidə görüşməsi, sonrakı mərhələdə vasitəçilərin və beynəlxalq qurumların səylərini artıraraq növbəti görüşlər haqqında bəyanat verməsi də Qərbin "narahatlığı” ilə bağlıdır. NATO sammiti zamanı baş tutan görüşləri də bu kontekstdə dəyərləndirmək lazımdır.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli deyib ki, görüş çərçivəsində Con Kerri münaqişənin sülh yolu ilə həllinə alternativ olmadığını vurğulayıb və müharibənin qarşısını almaq üçün tərəfləri mümkün çıxış yolları tapmağa çağırıb: "Bundan başqa, dövlət katibi danışıqların ATƏT-in Minsk Qrupunun formatında davam etməsinin əhəmiyyətini vurğulayıb və münaqişənin sülh yolu ilə həllinə kömək etməyə hazır olduğunu bildirib. O, həmçinin münaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin vacibliyini də qeyd edib. Politoloq sammit çərçivəsində Azərbaycan Prezidentinin çıxışına da toxunub: "Azərbaycan regional təhlükəsizliyə, əməkdaşlığa çox ciddi töhfə verən tərəfdaşdır. Amma təəssüf ki, region üçün ən ciddi təhlükə mənbəyi Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır. Bunun nəticəsində ərazimizin 20 faizi işğal altındadır, 1 milyondan çox məcburi köçkün və qaçqınımız var. Belə olan təqdirdə ölkə Prezidenti qeyd etdi ki, Azərbaycan tərəfi NATO-nun bundan əvvəlki sammitlərində qəbul edilmiş yekun sənədlərə və həmin sənədlərdə əksini tapmış münaqişələrin ərazi bütövlüyü yolu ilə həlli prinsipinə hörmətlə yanaşır və NATO-nun bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirir. İ.Əliyev bildirdi ki, NATO-nun budəfəki sammitində də analoji addımlar atılacaq və ərazi bütövlüyü çərçivəsində münaqişənin həlli ilə bağlı öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirəcək”. E.Nəsirli hesab edir ki, Kerrinin rəhbərliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi özü-özlüyündə müsbət hadisə olsa da, Ermənistanın mövqeyində pozitiv bir dəyişikliyin elementləri hiss olunmur: "Sarkisyanın Soçi danışıqlarından sonra yaydığı bəyanatlar nəzərə
alınarsa, Uelsdə baş tutan görüşdən sonra da sərsəm bəyanatlarla çıxış edəcəyini demək olar. Görüşdən sonra Ermənistana qayıdan Sarkisyanın sərsəm və hədə-qorxu dolu bəyanatlarla çıxışı fonunda görüşün nə dərəcədə effektiv olacağına və mövqelərin nə dərəcədə yaxınlaşacağına cavab vermək çətindir. Sarkisyan belə davranış göstərir ki, Rusiya Azərbaycana daha loyal mövqedə dayanır, nəinki Ermənistana. Sarkisyan belə bəyanatlar yaymaqla çalışır ki, daxili auditoriyanı sakitləşdirsin. Bu reallıqlar fonunda Sarkisyan danışıqlara gedərsə, Ermənistanın konstruktiv mövqe ortaya qoyacağına ümidlər azalır. Onun son davranışı belə bir nəticəyə gəlməyə imkan verir”. Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə NATO sammitində ümumi müzakirələr zamanı Azərbaycan-Ermənistan münaqişəsinə dair müvafiq görüş keçirilməsini çox müsbət qarşılayıb: "Amerika münaqişənin həllində istəkli olduğunu ifadə etdi. Həmçinin, problemin həllinin hər hansı bir ölkənin monopoliyasına verilməməsi haqda mesajlar səsləndirildi. Lakin bununla yanaşı xüsusi bir məqamı qeyd etməliyik. Məhz NATO üzvlərinin cəsarətsiz addımları sayəsində Şərqi Avropada ciddi problem yaranıb. İstərdik ki, çox mühüm və strateji layihələri həyata keçirən Azərbaycan dünya miqyaslı layihələrin təhlükəsizliyi üçün NATO-dan ciddi dəstək və qarantiya alsın. Təəssüflə deməliyəm ki, beynəlxalq təşkilatlar Ukraynanın üzləşdiyi problemlərlə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyanı Ermənistana tətbiq etmir. Ancaq bəllidir ki, Ukraynadan, Gürcüstandan və Moldovadan əvvəl bu münaqişə məhz Azərbaycan ərazilərinin işğalı ilə bağlı olub. Dünya ictimaiyyətinin beynəlxalq hüququ müdafiə etməməsinə görə, artıq bu münaqişələr Ukrayna variantına gətirib çıxardı. Ona görə çox istərdik ki, NATO ilə əməkdaşlıq edən ölkələrin təhlükəsizliyi alyans tərəfindən müdafiə olunsun. Azərbaycan İraqda, Əfqanıstanda, Kosovada qurumla əməkdaşlıq edir. NATO-da Azərbaycanla bağlı öz məsuliyyətini artırmalı, açıq mesajlar verməli, Ermənistana ciddi təzyiqlər göstərməlidir”.

Görüşü şərh edən xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə NATO görüşünün Soçidən tamamilə fərqləndiyini deyib: "Görüşdə Ermənistandan tələb olunub ki, bu ölkə Rusiyanın diktəsindən əl çəksin və Azərbaycanla sülh razılaşmasına getsin. Bunun üçün elə şərtlər qurulub ki, hər iki tərəf bunu qəbul edə bilər. Yeganə məsələ bu saat Ermənistandır. O, Rusiyanın təzyiqi altında Azərbaycanın və Minsk Qrupu həmsədrlərinin bütün təkliflərinə "yox” deyir”. Ancaq hesab edirəm ki, Uels görüşü Ermənistanın mövqeyinə ciddi təsir edəcək. Bu da yaxın gələcəkdə sülhün əldə olunmasına yol açacaq”.

Millət vəkili, politoloq Rasim Musabəyov da hesab edir ki, Uels görüşü faktının özü qənaətbəxş sayıla bilər: "Düzdür, konkret olaraq bu görüşdə danışıqların nədən ibarət olması, onun gələcək sülh prosesinə hər hansı faydasının olub-olmayacağı haqqında dəqiq məlumat yoxdur. Ancaq vurğulamaq istərdim ki, ABŞ dövlət katibinin NATO görüşündən istifadə edərək prezidentləri bir araya gətirməsi danışıqlar prosesinin perspektivləri baxımından faydalıdır. Hər görüşdə Azərbaycan və Türkiyə birlikdə NATO-dan tələb etməlidir ki, Qarabağ məsələsinə yanaşma Ukrayna və Moldova məsələlərindəki kimi olsun”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib ki, Con Kerrinin prezidentlərin görüşünə təşəbbüs göstərməsi bir neçə aspektdən diqqətçəkicidir: "ABŞ Dövlət Departamenti Putinin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü boykot etmək və aşağılamaq kursu götürüb. Amerikanın iki məsul əməkdaşı, Ermənistandakı səfir Con Heffern və həmsədri Ceyms Uorlik bu funksiyanı icra edirlər. Uorlik hətta Putinin təşəbbüsü ilə baş tutan görüşü "bağ evinə şəxsi dəvət” adlandırıb”. Politoloqun sözlərinə görə, bütün bunlar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə daha çox can atdığının və hazır olduğunun əlaməti kimi də başa düşülə bilər. Lakin Uelsdə keçirilən görüş ümumi nəticəsinə görə əvvəlki görüşlərdən, demək olar ki, fərqlənmədi: "Standart terminlər, şablon ifadələr ABŞ Dövlət Departamentinin görüş barədə yaydığı məlumatda yenidən öz əksini tapdı. Vaşinqtona indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi lazım deyil. Lazım olsaydı, ABŞ indikindən fərqli, daha konkret mövqe tutardı”.

İsmayıl