Rusiya ətrafında həlqə daralıb

Qərb Moskva ilə bağlı konkret addımlar atacaq




Xəbər verdiyimiz kimi, bu günlərdə Uelsdə NATO-nun Sammiti baş tutub.
Mərasimə NATO-nin İSAF tərəfdaşları da daxil olmaqla 27 ölkə dəvət olunub. BMT və Avropa Birliyinin ali nümayəndələri də tədbirə qatılıblar. Sammitin ikinci günü Ukraynadakı böhranlı vəziyyət və Moskva-Kiyev münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrə Ukrayna prezidenti Pyotr Poroşenko da dəvət olunub. Toplantıdan sonra NATO Ukrayna böhranı ilə bağlı mövqeyini açıqlayıb. Qurumun baş katibi Anders Foq Rasmussen bildirib ki, Rusiyaya qarşı 5 min nəfərlik hərbi müdaxilə gücü yaradılacaq. Və ehtiyac duyulduğu halda bir neçə gün içində hazır olacaq.

Sammitin nəticələrini şərh edən politoloq Natiq Miri "Şərq”ə deyib ki, Qərb Moskva ilə bağlı konkret addımlar atacaq. Onun fikrincə, Putin post-sovet məkanına imperiya nəfəsi gətirmək niyyətini davam etdirərsə, Rusiya ətrafında həlqə daralacaq: "Ukrayana NATO-nun üzvü olarsa, Rusiyanın ən böyük şəhərləri NATO ilə həmsərhəd olacaq. Bu isə Kremli əndişəyə salır. Ona görə düşünürəm ki, məsələ Ukraynadan çox qlobal təhlükəsizlik məsələsinə çevrilib”.

Ekspert onu da diqqətə çatdırıb ki, post-sovet ölkələri rəsmi Kiyevə kömək etməlidirlər: "Mübarizədən Moskvanın qalib ayrılması, region ölkələrinə ciddi təhlükələr törədəcək. Ukraynalılar Azərbaycan, Gürcüstan, Şərqi Avropa və Baltikyanı ölkələrin əvəzinə savaşır. Bu savaşın sonu şimal qonşumuz üçün yaxşı bitməyəcək. Putin imperiya siyasətindən əl çəkməyəcəksə, proseslər Rusiyanın çöküşünə qədər davam edəcək”.

Ayyət Əhməd