Qazaxıstan Moskvanı yarı yolda buraxacaq

Astana NATO-nun əleyhinə getməyəcək




Bir müddət öncə, NATO səlahiyyətliləri sentyabrın 16-dan 26-dək Ukraynada hərbi təlimlər keçirəcəkləri barədə xəbər yayıblar.

Təlimlərdə ABŞ-ın 200 hərbçisi ilə yanaşı, Ukrayna, Azərbaycan, Böyük Britaniya, Kanada, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya və İspaniya hərbçilərinin iştirak edəcəyini bildiriblər. Sözügedən təşkilatın addımına cavab olaraq şimal qonşumuz da hərəkətə keçib. Onların təlim xəbərinin ardınca rəsmi Moskva da Xəzər dənizində təlimlərə başlayacağını açıqlayıb. Məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) Xəzər donanmasının "Dağıstan” və "Qrad Sviyajsk” raket gəmiləri oktyabrda Qazaxıstan HDQ ilə birgə təlimlər keçirəcək. Və üç Xəzəryanı ölkənin - Azərbaycan, İran və Qazaxıstanın limanlarına yan alacaqlar.

Qazaxıstanın Moskvanı yarı yolda buraxacağını vurğulayan politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, rəsmi Astana NATO-nun əleyhinə getməyəcək: "Nazarbayev hökuməti Moskva ilə vəziyyəti yola verməyə çalışır. Amma NATO-nun hərbi təlimləri çox ciddidir. Dənizdə olan təlimlər bir azdan quru təlimlərlə əvəzlənəcək. Adıçəkilən təşkilat Ukraynada ordu quruculuğu prosesinə başlayıb. Artıq 500-ə yaxın amerikalı təlimatçı Kiyevdə xüsusi təyinatlı döyüş dəstələrinin hazırlanması istiqamətində geniş iş aparır. NATO bununla kifayətlənmir. Baltikyanı Respublikalarda mobil baza tipli ordu dəstələri yaratmağa start verib. Ona görə də Rusiyanın Ermənistan və Qazaxıstanla hərbi təlim keçirməsi əhəmiyyətsizdir”.

Ekspert hesab edir ki, Moskva imitasiya və öz xalqını aldatmaqla məşğuldur: "Xalqının gözünə kül üfürür ki, lazım gələrsə, NATO-nu nüvə silahları ilə külə çevirə bilər. Amma Rusiyanın nüvə potensialı Qərbin nüvə potensialı qarşısında gücsüzdür. Belə bir şəraitdə Kreml qorxaraq Ukraynayla atəşkəsə getdi. Bununla belə, yenə də müxtəlif qıcıqlandırıcı hərəkətlərini davam etdirir. Rusiyanın nə demək istədiyini anlamaq mümkünsüzdür. Doğrudan da sülh, ədalət və
sabitlik xəttini seçibsə, beynəlxalq hüquqa əməl etməlidir. Bunun əksini edirsə, əzilməyə məhkumdur”.

Q.Hüseynli bəyan edib ki, hazırda Rusiya çətin durumdadır və vəziyyəti getdikcə dərinləşir: "Moskvanı iqtisadi və hərbi sanksiyalar çökdürəcək. Ölkə daxilində mərkəzdənqaçma meyilləri də müşahidə olunur. Şimal qonşumuzda o qədər də xoş olmayan mənzərə yaranıb”.

Ayyət Əhməd