“İmtahana 2-3 ay qalmış hazırlıq kursuna getdim”

“Telefonuma mesaj gəldi ki, 700 bal toplamışam”




Bu ilin dövlət imtahanlarında yüksək nəticə göstərənlərdən budəfəki müsahibimiz Ağdam rayon Çəmənli kənd sakini İlkin Məmmədzadədir. İlkinlə söhbətimiz ona görə maraqlı oldu ki, bu qəhərəmanımız paytaxt deyil, kənd məktəbində təhsil alıb. Bu da onun göstəricisidir ki, hansısa amala çatmaq üçün ciddi-cəhdlə çalışmaq lazımdır. Elə həmsöhbətimizin özü də qeyd etdi ki, 700 bal yığması üçün çox əziyyət çəkib.

- Bu uğuru əldə etmək üçün öncə inanmaq lazımdı. Özümə güvənməyim mənə bir stimul verdi. Amma onu da deyim ki, çox çalışırdım. Demək olar ki, özümü bütün əyləncələrdən qopardım. Düzdü, sosial şəbəkələrdəki səhifələrimi bağlamadım. Amma istifadəni tamamilə azaltdım.

- İbtidai siniflərdə demək olar ki, əksər şagirdlər həmişə oxumaqdan qaçırlar. Zehni yoruculuq olur deyə, uşaqlar oxumaq istəmirlər. Bəs səndə necə idi? Necə oldu ki, oxumağa maraq yarandı?

- Aşağı siniflərdə də dərslərimə hazır gedirdim. Bəzən oxumaqdan bezirdim. Usanırdım. Qaçırdım. Amma yenə də məsuliyyətim mənə imkan vermirdi ki, vaxtımı absurd işlərə sərf edim. Həm də oxuyan uşaqları müəllimlər fərqləndirirdilər. Örnək göstərirdilər. Bu da məni həvəsləndirirdi. Məktəbdə oxuyan şagird kimi tanınırdım. Dərsə hazır getməyəndə özümü yaxşı hiss eləmirdim. Ona görə də tənbəllik etmirdim.

- Bu nailiyyətə görə kimə borclusan?

- Müəllimlərimin də çox böyük rolu olub. Mənə dərs verməklə yanaşı, yol göstəriblər. Yüksək nəticə göstərməyim üçün nə etməli olduğumu incəlikləri ilə başa salıblar. Mənə də qalırdı ki, çox çalışım, çox əziyyət çəkim. Mən də bunu etdim. Və nəticəni qazandım. Müəllimlərimin hamısına minnətdaram.

- Qəbul xəbərini sizə kim verdi və bunu eşidəndə ilk reaksiyan necə oldu?

- TQDK düzgün cavabları deyəndə yoxlamışdım. Amma müəyyən şübhələr vardı. Sualları sürüşdürməyimdən ehtiyat edirdim. Telefonla mesaj göndərdim. Cavab gəldi ki, 700 bal yığmısan. Ailəm də yanımda idi. Uğuruma bütün ailə üzvlərim sevindi.

- Suallardan söz düşmüşkən, imtahanda səni daha çox düşündürən suallar hansı fəndən oldu?

- Kimyadan müəyyən suallar vardı. Məni bir az çaşdırmışdı. Çox şükürlər ki, öhdəsindən gəldim.

- Kənd məktəbini bitirmisən. Məktəbdə keçirilən dərslər bu səviyyəni əldə etməyin üçün qənaətbəxş idimi? Yoxsa, başqa kurslara gedirdin?

- Düzdü, mənə bazanı, alt yapını məktəb verib. Çox şeyi məktəb müəllimlərim öyrədib. İmtahanlara 2-3 ay qalmış hazırlıq kurslarına getdim. Hiss edirdim ki, bəzi yerlərdə axsaqlığım var. O qaranlıq məqamlara aydınlıq gətirdim.

- Maksimal bal toplayacağını ibtidai məktəbdənmi qarşına məqsəd qoymuşdun?

- Uşaq vaxtı bu barədə düşünməmişdim. Ali məktəb nə olduğunu dərk edəndən sonra fikirləşməyə başladım. 9-cu sinfə hazırlaşacağım ixtisas qrupunu seçdim. Həmin qrup üzrə hazırlaşdım.

- Neçənci ixtisas qrupunu seçmişdin?

- IV qrupu. Çünki tibb fakültəsini seçmək və bu sahədə oxumaq istəyirdim.

- Bu sahə səndə niyə maraq doğurub?

- Həkim olmağı uşaqlıqdan arzulayırdım. Atam da həkimdi. Mənə istiqamət verdi. Həkimliyin çox yaxşı peşə olmasını mənə anlatdı. Başa düşdüm ki, həkimlik şərəfli sənətdir. Qarşıma məqsəd qoydum ki, böyüyəndə həkim olacam. Məni bu sahəyə gətirən əsas səbəblərdən biri də insanlarımıza kömək etmək istəyimdi. Həm də hazırda ölkəmizdə yaxşı peşəkar həkimə, mütəxəssisə ehtiyac duyulur. Bunlar hamısı mənə stimul verdi.

- Bildirdin ki, ölkəmizdə tibb sahəsi üzrə mütəxəssislərə ehtiyac var. Belə peşəkar həkimlərin formalaşması üçün xaricdə təhsil zəruridir. Xaricdə təhsil barədə nəysə planlaşdırmısanmı?

- Xaricdə təhsil almaq arzumdu. Xaricdə təhsil alsam da, ölkəmə qayıdıb, xalqıma xidmət edəcəm. Buna çalışacam.

- İlkin, dərslərin başlamasına az qalıb. Ailəniz rayonda yaşayır. Yəqin ki, Bakıda kirayədə qalacaqsan?

- Yox, Bakıda öz evimiz var. Orda qalacam.

- İlk qazancın olan təqaüdü nəyə xərcləyəcəksən?

- Valideynlərimə hədiyyə alacam.

- Özündən sonrakı abituriyentlərə məsləhətin nədir? Sizin kimi böyük bir uğura imza atmaları üçün neyləməlidirlər?

- Ən çox vaxt itkisinə səbəb olan sosial şəbəkələrdi. Mümkün qədər uzaq olmaq lazımdı. Əyləncələrdən qaçsınlar. Özlərinə güvənsinlər və ciddi çalışsınlar.

- Yəqin ki, hər kəs kimi sənin də dostların var. Hazırlaşan vaxt sənə mane olmurdular ki?

- Dostlarım da oxuyandılar. Mane olmurdular. Bir araya gələndə müzakirələr aparırdıq. Müəyyən mübahisəli məsələlərə aydınlıq gətirirdik. Bir-birimizə bilmədiklərimizi öyrədirdik.

- İndiki hal üçün ən böyük arzun nədi?

- Yaxşı ali təhsil alıb, yaxşı həkim olmaq.

- Gələcək planların haqda düşünürsənmi?

- Bakalavrdan sonra magistratura, daha sonra isə doktorantura dərəcələrini qazanmağı planlaşdırmışam. Doktor olandan sonra isə evlənmək barədə düşünəcəm. Amma evlənməyim barədə indi heç nə düşünmürəm. Hələ təhsil almalıyam.

Ayyət Əhməd