Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti




Müasir dövrdə Azərbaycanın iqtisadi cəhətdən inkişafında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sürətlə inkişaf edən sənaye potensialının xüsusi əhəmiyyəti var. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində əsasını qoyduğu sənayeləşmə siyasəti Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası sayəsində uğurla inkişaf edərək ölkə sənayesinin potensial imkanlarının daha da yüksəlməsinə yol açıb. Prezidentin sərəncamına əsasən 2014-cü ilin "Sənaye ili” elan edilməsi isə bu sahəyə göstərilən diqqəti daha da artırıb.

Prezidentin "bütün sənaye kompleksinin modernləşdirilməsi prosesi daha sürətlə getməlidir” tapşırığına uyğun olaraq, ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti yeni dövrün tələblərinə uyğunlaşaraq, 2003-cü ildən davamlı inkişaf mərhələsinə qədəm qoyub. Son 11 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilib. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınıb. Qısa dövr ərzində ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılıb. Sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənaye sahələri yaradılıb. Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil, bərk məişət tullantılarının yandırılması, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, "Azbentonit” müəssisəsi, "EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilib. Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. Qeyri-neft sənayesi məhsullarının ixracı 5 dəfə, sənaye müəssisələrində əsas fondlar 4 dəfə artıb və ümumi gəlir 47 milyard manata çatıb. 2011-ci ildən başlayaraq ölkəmizdə dünyada ən mütərəqqi model olan sənaye texnoparklarının yaradılmasına başlanılıb. Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların, Mingəçevirdə müasir sənaye kompleksinin yaradılması, sənaye mərkəzlərində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalının təşkil edilməsi işləri həyata keçirilib. Bu proses regionlarda da genişlənməkdədir. Artıq Gəncədə metal məmulatların istehsalı üzrə sənaye şəhərcikləri və digər texnoparkların yaradılması işləri aparılır. Gəncə-Daşkəsən zonasında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradır. 2013-cü ildə Bakının Qaradağ rayonunda gəmiqayırma, Qazaxda sement, Sumqayıtda polad boru, Daşkəsəndə qızıl, Qəbələdə şərab zavodları, Sumqayıtda tekstil parkı, Hacıqabulda seramik plitələr, Abşeronda karton qablar istehsalı müəssisələri, Cənub Elektrik Stansiyası da daxil olmaqla 30-dan çox müasir sənaye müəssisəsi istifadəyə verilib. 90-dan artıq sənaye müəssisəsinin tikintisi isə davam etdirilir və növbəti illərdə istifadəyə veriləcək. Hazırda ölkədə 2000-dən artıq sənaye müəssisəsi var ki, onların 200-dən çoxu ağır sənaye bölməsinə aiddir. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev mətbuata verdiyi açıqlamada bildirib ki, 2014-cü ilin "Sənaye ili” elan edilməsi dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqətin əyani təzahürüdür: "Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Dövlət başçısının müvafiq Fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilib. İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Qeyd etmək istərdim ki, bu gün Azərbaycan dövləti sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Prezident tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkədə sənayenin inkişafı yeni mərhələyə qədəm qoyub. Bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiya yatırılıb. Sənayenin modernləşdirilməsi və müasir tələblərə cavab verən rəqabət qabiliyyətli sənayenin yaradılması tədbirləri real nəticələr verib. Sənayenin inkişafını şərtləndirən amillər çoxdur. İlk növbədə ölkəmizdəki makroiqtisadi sabitliyi vurğulamaq lazımdır. Digər mühüm amil son illərdə yaradılmış güclü sənaye potensialıdır. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək”. Azərbaycanda sənaye siyasətinin əsas istiqamətləri barədə danışan nazir qeyd edib ki, gələcək illərdə də sənayenin modernləşdirilməsi siyasəti davam etdiriləcək: "Bununla əlaqədar olaraq, sənayenin innovasiyalar əsasında inkişafı, qeyri-neft sənayesinin şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması əsas istiqamətlər kimi qəbul olunub. Eyni zamanda, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması sahəsində ardıcıl tədbirlər həyata keçiriləcək. Bu siyasətə uyğun olaraq, ölkənin regionlarında sənaye potensialının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılacaq”.

"Sənayeavtomatika” İstehsalat Birliyinin baş direktoru, texnika elmləri doktoru, professor, Beynəlxalq və Azərbaycan Mühəndislik Akademiyasının akademiki Natiq Cavadov ölkəmizdə əvvəllər mövcud olmamış müdafiə, kosmik sənaye sahələrinin yaradılmasını xüsusi olaraq vurğulayıb. Alim bildirib ki, kosmik sənayenin yaradılması Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir: "Bu, eyni zamanda, Azərbaycanın modernləşməsinin, ölkəmizin ən müasir texnologiyalara sahib olmaq niyyətinin bariz nümunəsidir. Təbii ki, ölkəmizdə elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması və ötən il telekommunikasiya peykinin (Azerspace-1) orbitə çıxarılması informasiya-kommunikasiya
texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradacaq. Hazırda ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində mühüm işlər görülür və yaxın gələcəkdə daha böyük uğurların qazanılacağı şübhəsizdir. Müdafiə sənayesinin inkişafı isə Azərbaycan Silahlı Qüvvələrinin məhz daxili istehsal hesabına silah-sursatla təmin olunmasına imkan verib. Bununla yanaşı, Azərbaycan hərbi təyinatlı məhsulların ixracatçısına da çevrilib. Göründüyü kimi, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub”. N.Cavadovun sözlərinə görə, sənaye potensialından düzgün yararlanaraq qurduğumuz yeni sənaye müəssisələri regionların bundan sonrakı inkişafına güclü zəmin yarada bilər: "Bu qəbildən olan sənaye müəssisələri regionlarda iş yerlərinin açılmasında, istehsal olunan məhsulun maya dəyərinin azalmasında və ixrac potensialının artmasında əhəmiyyətli rol oynayar. Sənayenin inkişafının sürətləndirilməsi və şirkətlərin təşviqi məqsədilə müəssisələrə vergi və gömrük güzəştləri də tətbiq edilə bilər. Əsasən istehsal avadanlıqlarının və təchizat mallarının vergidən azad olunması istehsalçılara əlavə stimul verər”. Professor əlavə edib ki, ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsal arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlər yaradılmalıdır: "Böyük sənaye müəssisələri birbaşa elm mərkəzləri ilə işləyib onlara elmi araşdırmalar üçün istiqamət verməli və dəstəkləməlidirlər. Bu, sənayenin inkişafı ilə yanaşı, gələcəkdə xarici ölkələrə təkcə məhsul deyil, həm də bilik və texnologiya ixrac etmək şansı deməkdir. Onu da qeyd edim ki, 2007-2015-ci illəri əhatə edən Xaricdə Təhsil Dövlət Proqramında mühəndislik ixtisaslarına üstünlük verilməsi düşünülmüş strateji təşəbbüsdür. "Qara qızıl”ın "insan kapitalı”na çevrilməsi siyasəti çərçivəsində xarici ölkələrin aparıcı universitetlərində təhsil almış azərbaycanlı gənclərin sənayenin inkişafında da böyük rolu olacaq. Bu müdrik qərarın müasir sənayeləşmə planları ilə tam üst-üstə düşdüyünü yaxın dövrdə daha aydın görəcəyik”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanıldığını, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq sənaye məhsullarının istehsal həcminin 3 dəfəyə qədər artdığını bildirib. R.Həsənovun sözlərinə görə, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub: "Müasir dövrdə yeni ideyalar, təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi tədbirləri həyata keçirilib. Sənaye parkları yaradılıb. Regionlarda sənaye potensialının təşviqi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşdırılıb”. Ölkə iqtisadiyyatının gücləndirilməsi və yerli sənayenin rəqabət imkanlarının artırılmasının əsas alətlərindən biri olan standartlaşdırma sahəsinin inkişafından da danışan Komitə sədri R.Həsənov standartlaşdırma üzrə yeni texniki komitələrin yaradılması, onların beynəlxalq təcrübəyə uyğunlaşdırılması və bu texniki komitələr çərçivəsində beynəlxalq standartlarla harmonizə edilmiş yeni milli standartların hazırlanmasının qarşıda duran başlıca vəzifələrdən olduğunu xüsusi vurğulayıb: "Sənaye ili” elan edilməsi ilə bağlı görüləcək tədbirlər çərçivəsində sənayenin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə Sumqayıt Texnologiyalar Parkının bazasında "Sənaye məhsullarının standartlaşdırılması üzrə” yeni Texniki Komitə yaradılıb. Texniki Komitənin əsas məqsədi ölkədə istehsal olunan sənaye məhsullarının xarici bazara çıxışının təmin edilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni beynəlxalq tələblərə cavab verən milli standartların işlənib hazırlanması və bu sahədə fəaliyyət göstərən beynəlxalq texniki komitələrlə əlaqələrin genişləndirilməsidir”.

İsmayıl
Yazı Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin "Əsrin müqaviləsi” - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı müsabiqəyə təqdim olunur.