Rusiyada azərbaycanlıların bazarları bağlanır

Bu, ölkəyə göndərilən vəsaitlərə də ciddi təsir edəcək



Rusiyada çalışan azərbaycanlıların bir hissəsi işsiz qalıb. Bir neçə gün öncə Moskvada həmyerlilərimizin çalışdığı iki bazar bağlanıb. "Domodedovo” və "Xlebnikovo” bazarlarının bağlanmasına səbəb kimi anti-sanitariya vəziyyətinin olması göstərilir. "Domodedovo” bazarında isə Rusiya hüquq-mühafizə orqanları tərəfindən reydlər keçirilib və nəticədə xeyli sayda qanunsuz miqrant aşkar edilib.

Baş verən hadisələri şərh edən miqrasiya üzrə ekspert Azər Allahverənov hesab edir ki, bazar və digər səyyar satış mərkəzlərinin fəaliyyətini dayandırması birbaşa orada yaşayan soydaşlarımızın əmək fəaliyyətinə təsir edən hadisədir: "Çünki Rusiyada çalışan azərbaycanlıların əksəriyyəti ticarətlə məşğul olur. Belə olan halda düşünürəm ki, burada çalışan həmyerlilərimizin iş yerlərini itirməsi, onların Rusiyanın digər bazarlarında çalışmasına səbəb olacaq”.

A.Allahverənov adıçəkilən bazarın bağlanması nəticəsində işsiz qalan azərbaycanlıların bir hissəsinin isə iqtisadiyyatın digər sahələrinə keçərək işləyəcəklərini istisna etməyib: "Digər qisim isə Azərbaycana qayıda bilər. Vətənə geri dönənlər burada öz ixtisaslarına uyğun iş tapmağa çalışacaq. Və yaxud Rusiyada çalışdığı zaman müəyyən kapital toplayan şəxslər burada hansısa sahələrə sərmayə qoyaraq kiçik bizneslərini qura bilər”.

O, həmçinin Rusiyada həyata keçirilən sərt siyasət nəticəsində orada yaşayan həmyerlilərimizin kütləvi geri qayıdışının müşahidə edilmədiyini də əlavə edib: "Bir qisim şəxslər vətənə qayıdır. Onlar da müəyyən müddət keçdikdən sonra yenidən Rusiyaya gedərək digər sahələrdə çalışırlar”.

Azərbaycana göndərilən pulların rəsmi olaraq bir milyard olduğunu söyləyən iqtisadçı-ekspert Vüqar Bayramov bu vəsaitlərin Rusiyadakı soydaşlarımız tərəfindən Azərbaycanda yaşayan qohum-əqrəbalarına göndərildiyini bildirib: "Ancaq ölkəyə göndərilən bu vəsaitin həcmi ümumi daxili məhsulun dövlət büdcəsinin çox az hissəsini təşkil edir. Lakin buna baxmayaraq vəsait sosial baxımdan Azərbaycan üçün əhəmiyyətlidir”.

V.Bayramov bu il üçün Azərbaycana göndərilən pulların məbləğində azalmalar olacağını açıqlayıb: "Çünki Rusiyada yaşayan azərbaycanlıların biznesində geriləmələr olacaq. Bu baxımdan 2014-cü il üçün bu ölkədən respublikaya göndərilən məbləğin həcmində təxminən 20 faiz azalma olacaq. Yəni bir milyarddan 800 milyon dollara qədər azalacaq”.

Ekspert orada yaşayan azərbaycanlıların vətənə qayıtması ilə Azərbaycanın əmək bazarında ciddi problem yaranacağını düşünmədiyini də qeyd edib.

Vüqar Şahinoğlu