“Pomidorun yaxşılarını Jirinovskiyə göndərmişik”

Yarmarkalarda qiymət artıb, nazirlik isə təkzib edir




Ölkə gündəminin əsas müzakirə mövzularından biri kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan artımdır. Aidiyyəti strukturlar, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi hər fürsətdə bəyan etsə də ki, qiymət artımı yoxdur, məhsulumuz boldur, faktiki olaraq qiymət artımı mövcuddur.

Həm də, ötənilki qiymətlərlə müqayisədə bu artım fantastik görünür. Mənim hələ yadıma gəlmir ki, avqust-sentyabr ayında pomidorun kilosu iki və ya iki manat əlli qəpiyə olsun. Amma nazirlik təkzib etsə də, bazarda qiymət belədir.

Bir əhvalatı nəql edim, oxucularımız da, aidiyyəti qurumlarımız da agah olsunlar. Bazar günü əsasən kasıb təbəqənin üz tutduğu kənd təsərrüfatı yarmarkasına bazarlığa getdim. İlk öncə metronun "Gənclik” stansiyası yaxınlığındakı yarmarkaya yollandım. Sizi və hörmətli Kənd təsərrüfatı nazirini inandırım ki, dediyim məkan yarmarka yox, sanki paytaxtın ən bahalı bazarı sayılan "Montin” bazarıdır. Halbuki "Montin” bazarına məhsulu alverçilər elə yarmarkalardan və "Meyvəli” deyilən topdansatış mərkəzindən aparıb satırlar. Buradakı qiymətlər büdcəmə sərf etmədiyindən, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkaya yollandım. İnsafən buradakı məhsulların qiyməti, birinci təşrif buyurduğum yarmarkadakından hardasa 3-5 qəpik ucuz idi. 3-5 qəpik deyib keçməyək, çünki bunlar hər məhsulun kilosundan yığılanda 13-15 manat təşkil edir. Burada hər məhsulun qiymətini ayrıca qeyd etməyə ehtiyac görmürəm. Maraqlananlar ölkə mətbuatında yarmarkalardan hazırlanan reportajlara nəzər salsalar kifayətdir. Sadəcə onu deyə bilərəm ki, əvvəl yarmarkada bazarlığa 80 manatım çıxırdısa, bu dəfə bu məbləğ 110 manat təşkil etdi. Alınan məhsul da əvvəlki bazarlıqlarımla eyni miqyas və miqdarda. Deməli, bahalaşma bir ailənin 15 günlük bazarlığında 30, bir ayda isə 60 manat təşkil edir. Mənə maraqlıdır, bu faktları nazirlik necə təkzib edir?

Bazarda bahalaşmanın səbəbi ilə maraqlandım, satıcılarla söhbətləşdim. Birincisi onu qeyd edim ki, satıcıların əksəriyyəti bu işlə məşğul olan alverçilərdir. Əslində isə yarmarka, məhsulunu satmağa yer tapa bilməyən kənd əhlinin, sahibkarın məkanı olmalıdır. Bu isə artıq başqa bir mövzudur.

Yarmarkadakı satıcılar bildirdilər ki, məhsul qıtlığı yaşanır, ona görə də birinci əldən məhsulu baha qiymətə alırlar. Satıcının birinin dediyini olduğu kimi qeyd edirəm: "Əvvəl pomidorun kilosunu Xaçmazda sahibkardan 70 qəpiyə alırdım, gətirib burda 1 manata satırdım. Alın tərimlə qazandığım da 30 qəpik olurdu. İndi isə gedirəm ki, pomidoru həmişə aldığım sahibkar 1.70 qəpiya satır. Mən də məcburam yenə 30 qəpik əlavə edim satım”.

Deməli, Xaçmazdakı Məmməd kişi (ad şərtidir - A.B) kilosunu 70 qəpiyə satdığı pomidorun üstünə türk qardaşlarımız demiş, 1 manat "zam” qoyub. Bu "zam”ın səbəbini soruşduqda isə, satıcı dedi ki, məhsul Rusiyaya daşınır. Deməli, Rusiyaya məhsul aparıb satan oğullarımız gəlirlər Məmməd kişinin pomidorunun kilosuna 70 qəpik yox, 1.70 qəpik verib alırlar. Özü də bir plantasiyada olan məhsulun hamısını birdən. Üstəlik, bir həftəyə kimi yetişəcək pomidorun da behini verirlər ki, gəlib götürəcəyik. Bu hal da bir tərəfdən məhsulun qıtlığına, digər tərəfdən isə bahalaşmasına gətirib çıxarır.

Onu da deyim ki, qiymət artımı təkcə pomidorda yox, xiyar, kartof, soğan və digər məhsullarda da müşahidə edilir.

Yarmarkalardakı qiymətlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bildirirlər ki, artım yoxdur, məhsul isə boldur. Amma yarmarkalardakı vəziyyət rəsmilər bildirdiyi kimi deyil. Əgər nazirlik rəsmiləri səmimidirlərsə, o zaman alverçilər özləri süni şəkildə qiyməti qaldırırlar. Yəni yarmarkaya yoxlama gələn zaman, məhsulun üzərinə aşağı qiymət qoyulur, yoxlama gedəndən sonra qiymət qalxır. Bildiyim qədər bu məsələ ilə məşğul olan Antiinhisar Departamenti var. Zəhmət çəkib bu qurum, belə halla mübarizə aparsın. Əgər Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri səmimi deyillərsə... Bu qeyri-səmimiliyin səbəbi yəqin ki, hər kəs üçün maraqlıdır.

Anar Bayramoğlu

P.S

Sosial şəbəkədə bir satıcının videorolikini izlədim. Alıcı sual edir ki, 2 manata satdığınız pomidorlar niyə belə əzikdir?! Yaşlı xanım satıcının cavabı: "Neyləyək, yaxşılarını Jirinovskiyə göndərmişik”.

Satıcının bu cavabı həm gülməli, həm də düşündürücüdür. Bu sözlərə insanlarımız gülsə də, aidiyyəti qurum düşünməlidir.