Dərsliklərin yazılması inhisardan çıxarılmalıdır

“İşə müstəqil mütəxəssislər cəlb olunmalıdır”



Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də dərs ili başlayar-başlamaz dərsliklərlə bağlı bir sıra məsələlər üz çıxıb. Bu sahədəki çatışmazlıqlar ətrafında uzunmüddətli müzakirələr aparılsa da, hələ ki uğurlu nəticənin şahidi olmuruq. Əlaqədar qurumlar problemin həlli istiqamətində imitasiya xarakterli addımlar atmaqla məşğuldur.

Məsələn, ötən günlərdə dərsliklərlə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) monitorinq keçirib. Araşdırma nəticəsində bəzi dərs vəsaitlərində nöqsanlar aşkarlanıb. Bu hal Təhsil Nazirliyi (TN) ilə TQDK arasında müəyyən ziddiyyətlərə yol açıb. Ona görə də TN ötən 1 il ərzində həmin dərsliklərin nəşriyyat və müəlliflərlə birlikdə yenidən işlənməsini təmin edib. Hazırlanmış son variant TQDK-ya yenidən təqdim olunub, onların xeyir-duasını alandan sonra həmin vəsait çap edilib. Ekspertlər isə əlaqədar strukturların son addımını uğursuz sayaraq bildirirlər ki, fəsadın ortadan qalxması üçün bu cür addımlar yetərli deyil.

Maraqlıdır, təhsil həyatındakı bu cür xoşagəlməz nöqsanlardan yaxa qurtarmaq üçün hansı işlər görülməlidir?

Problemin çözüm yollarından danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bunun üçün kompleks tədbirlər aparılmalıdır. Onun sözlərinə görə, məsələnin həllinə bu sahəyə rəhbərlik edən şəxslərin özü əngəl törədir: "Məsələn, tarix dərsliklərini yazanların çoxu yaşlı nəslin nümayəndəsidir. Sovet dönəmində formalaşmış insanlardı. Dərslik deyən kimi öz adlarını yazdırırlar. Özlərinə uyğun bir neçə adamı cəlb edib, kitab yazırlar. Bu da nöqsanları ilbəil artırır”.

Ekspert hesab edir ki, dərsliklərin yazılması inhisardan çıxarılmalıdır: "İşə müstəqil mütəxəssislər cəlb olunmalıdır. Azərbaycan ali məktəblərində boloniya sistemi tətbiq edilibsə, orta məktəblər dərslikləri inhisara alınmamalıdır. Yəni buna TN baxırsa, monopoliyasına almalı deyil. Müsabiqə elan olunmalıdır. Savadlı kadrlar seçilməlidir. Həmin mütəxəssislər kitabları ortaya qoyduqdan sonra ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır. Müsbət rəy alanlar tədris olunmalıdır. Amma bu, bizim reallıqları əks etdirmir. Çünki dərslik məsələsi gündəmə gələn kimi hansısa məmur öz inhisarına alır. Adamlarını cəlb edir. Dövlətin ayırdığı vəsaiti xərcləyir. Məsələ də həll olunmamış qalır”.

M.Zülfüqarlı diqqətə çatdırıb ki, yeni dərsliklərin formalaşmasını yeni təfəkkür sahiblərinə həvalə etmək lazımdı: "Baxın, sovet vaxtında yazılan tarix kitablarındakı yanlışlar indi də qalır. Niyə? Çünki bugünkü tarix kitabını da Sovet dönəmində formalaşan insanlar yazır. Bir sözlə, yeni nəfəs lazımdır. Nə qədər ki, yeni təfəkkür sahibləri bu işə cəlb olunmayacaq, dərsliklərdəki çatışmazlıqlar getdikcə güclənəcək”.

Mütəxəssisin qənaətincə, orta məktəb dərsliklərinin yazılması məktəb müəllimlərinə tapşırılmalıdır: "Təəssüf ki, bizdə belə bir rəy formalaşıb ki, professor və akademiklər hamıdan çox bilir. Bu belə deyil. Ola bilər ki, orta məktəb müəllimi öz sahəsini akademikdən yaxşı bilsin. Professor bir mövzuda dissertasiya yazır. O, bütün dərslikdən yazmır ki? Professor orta məktəb psixologiyasını bilmir. Gündəlik orta məktəbdə dərs deyən savadlı müəllimin şagirdlər üçün yazdığı kitab daha effektiv olar. Düşünürəm ki, dərsliklərin hazırlanmasında elmi dərəcəyə üstünlük verilməməlidir”.

Ayyət Əhməd