Dilənçilərin sosial portreti hazırlanmalıdır

“Şəbəkələşmiş dilənçilərə qarşı isə daha sərt tədbirlər həyata keçirilməlidir”



Uzun müddətdir ki, paytaxt Bakıda avaralıq və dilənçiliklə məşğul olanlara qarşı mübarizə aparılır. Onların şəhərdən yığılması istiqamətində tədbirlər görülür. Amma hələ ki heç bir müsbət nəticə hasil olmur. Buna səbəb isə mübarizənin davamlı deyil, müvəqqəti şəkildə aparılmasıdır.

Məsələn, 2012-ci ilin mayında ölkəmizdə baş tutan "Evrovizion” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində paytaxtda dilənçi və avaralara rast gəlmək olmurdu. Müsabiqədən sonra şəhəri yenə dilənçilər basdı. Hər birimiz bu halın canlı şahidiyik. Görünür, müsabiqə öncəsi görülən tədbirlər heç də uzun müddətə hesablanmayıbmış. Hazırda isə ölkəmizdə gələn il baş tutacaq Avropa - Olimpiya oyunlarına hazırlıq işləri gedir. Bu baxımdan Daxili İşlər Nazirliyi indidən paytaxtı dilənçilərdən təmizləməyə başlayıb. Bu günlərdə Bakıda Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları avaralıq və dilənçiliklə məşğul olan 62 nəfəri saxlayıb. Və onları Bakı Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndərib. Tutulanlardan 17-si qadın, 6-sı kişi, 29-u isə azyaşlıdır. İctimai xadimlər və sosioloqlar hesab edirlər ki, bu cür tədbirlərlə problemin həllinə nail olmaq mümkünsüzdür. İddia edirlər ki, məsələnin yoluna qoyulması üçün kompleks işlər aparılmalıdır.

Bunun üçün güclü araşdırmalara ehtiyac duyulduğunu deyən sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə söyləyib ki, öncə dilənçilərin sosial portreti hazırlanmalıdır: "Sosial qayğılar və maddi çətinlik ucbatından bu yola düşənlər və şəbəkələşmiş dilənçilərin faizi müəyyənləşməlidir. Sosial durumun ağırlığına görə bu yolu tutanlara ünvanlı sosial yardım verməklə, bəladan xilas etmək olar. Şəbəkələşmiş dilənçilərə qarşı isə daha sərt tədbirlər həyata keçirilməlidir. Bax, bu sosial portreti hazırlamadıqca, effektli mübarizə apara bilmərik”.

Sosioloq onu da əlavə edib ki, beynəlxalq tədbirlərin keçirilib-keçirilməməsindən asılı olmayaraq bu məsələ birdəfəlik həll olunmalıdır: "İstənilən halda ölkədə dilənçilərin olması utancvericidir. Azərbaycan tolerant ölkədir. Bizdə həmişə əcnəbi qonaqlar olur. Turistlər gəlir. Onların addımbaşı dilənçiyə rastlaması yaxşı hal deyil. Bu, ölkənin beynəlxalq arenadakı imicinə də zərbədir. Hökumət kompleks addımlar atmalıdır”.

Ayyət Əhməd