5 saylı xəstəxananın yanıq şöbəsində etirazlar başlayıb

Pul yığılır, işdən çıxarılanlar var, şöbə müdiri isə bunu normal qarşılayır




Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də rüşvətxorluq və korrupsiya baş alıb gedir. Ölkə başçısı korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə sərəncam imzalasa da, dövlət xəstəxanaları bu sərəncama məhəl qoymur və bildiklərini edirlər. Mətbuatda dəfələrlə xəstəxanalardakı özbaşınalıqlardan və rüşvətdən yazılsa da, bunun müsbət bir nəticəsi olmayıb.

Ancaq bir çox dövlət xəstəxanalarında rüşvət qapıdan içəri daxil olan kimi başlanır. Paytaxtda rüşvətin, qanunsuzluğun tüğyan etdiyi xəstəxanalardan biri də 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsidir. İşçilər bu şöbənin, xüsusilə də şöbə müdirinin qanunsuz fəaliyyəti ilə əlaqədar redaksiyamıza müraciət edib. Sözügedən şöbənin əməkdaşları baş həkimi korrupsiyada, peşəkar kadrları uzaqlaşdırıb, səriştəsizlərə yer verməkdə günahlandırır.

Şikayətə qeyd olunub ki, yanıq şöbəsi 5 saylı Şəhər Klinik Xəstəxanasının tərkibindən çıxarılaraq, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının tərkibinə daxil edilib. Ancaq iki ay müddətində hələ də İnstitutun tərkibinə daxil edilməmişik. Bunun nəticəsi olaraq, əməkdaşlar iki aydır əməkhaqqı almadan işləyir: "Bu, azmış kimi, yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov fond adı ilə iyul və avqust ayları üçün həkimlərdən 300, tibb bacılarından 50, sarğı otaqlarından 100 manat tələb edir. Fond pulunu verməyəcəyimiz halda isə bizi işdən çıxaracağıyla hədələyir”.

Məktubda həmçinin bildirilib ki, Vüqar Ələkbərov əməkdaşlar məzuniyyətdə olarkən onları işdən çıxarır, əvəzlərinə gənc, təcrübəsiz tibb bacılarını işə qəbul edir: "Özün ərizəni yaz, çıx, yoxsa, mən biabırçılıqla çıxaracam. Buranı Ziya Əsədovun işə qəbul etdiyi işçilərdən təmizləyəcəm” kimi fikirlər səsləndirir. İşə kimi istəyir qəbul edir, kimi istəyir çıxarır. 20-30 il çalışan tibb bacılarını işdən heç bir səbəb olmadan çıxarıb, əvəzinə gənc işçiləri götürür, hansı ki, həmin gənclər şpris belə tuta bilmirlər, hətta heç bir tibbi savadı olmayan xadimələr tibb bacısı kimi fəaliyyət göstərir. İşçilərdən yığılan fond pulu azmış kimi, xəstələrdən də 30 manat alınır, ayrıca palatada yatmaq istəyirsə, yerpulu olaraq 20 manat alır”.

Uzun sözün qısası, şöbədə şıdırğı alver gedir. Şöbəni ata mülkü hesab edən V. Ələkbərov yanıq 2-nin böyük tibb bacısını vəzifədən qeyri-qanuni uzaqlaşdırıb, heç bir təhvil-təslim olmadan başqa tibb bacısını vəzifəyə gətirib: "Həmin tibb bacısı da heç bir səlahiyyəti olmadan dərman qəbul edir, dərman verir. Yanıq-1 şöbəsində isə tibb bacısı olaraq əmri verilməmiş birini böyük tibb bacısı vəzifəsinə təyin edib. Hətta Vüqar Ələkbərovun özü də məzuniyyətdə olarkən bu qərarı qəbul edib və təhvil-təslim olmadan kənar iki işçini əmrsiz vəzifəyə gətirib. Bu haqsızlığa etirazını bildirən işçilərə isə baş həkim "Get, kimə müraciət edirsən et, mənim arxam möhkəmdir, mən heç kimdən qorxmuram” deyib otaqdan qovur. Xəstənin müalicəsi ilə əlaqədar xəstənin yaxınlarından özünə yaxın hesab etdiyi 2 həkim vasitəsilə külli miqdarda məbləğ tələb edir. Şöbənin işçilərinə qarşı saymazyana davranır, onları hər an təhqir edib, kobud münasibət göstərir”.
Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov da açıqlamasında ona ünvanlanmış ittihamlara cavab verib. O, bütün ittihamların dedi-qodu, boş söhbətlər olduğunu bildirib: "Bu cür məsələləri açıb-ağartmaq ayıbdır. Mart ayından rəsmi olaraq həmin şöbədə işləyirəm. Bəzi tibb bacıları köhnədən yanlış işlər etməyə öyrəşiblər. Onlara bir neçə dəfə xəbərdarlıq ediləndən sonra işdən azad ediliblər. Bu da normaldır. Maaşlarını iki aydır ala bilməmələri də təbiidir, çünki biz 5 nömrəli xəstəxananın tərkibindən çıxıb, Həkimlərin Təkmilləşdirmə İnstitutunun tərkibinə keçdik. Sənədləşmə işləri tamamlanmadığına görə, mən də daxil olmaqla heç kim iki aydır maaş almır”.

Həkim, tibb bacıları, xəstələrdən pul alınmasına gəldikdə, V.Ələkbərov bunun yanlış ittiham olduğunu deyib: "Kim pul veribsə, çıxsın qabağa. Xəstəxanada bəzi abadlıq işləri görülüb və bunun üçün də işçilər öz aramızda müəyyən qədər vəsait toplamışıq. Özüm də pul qoymuşam, 100 yataq dəsti almışıq, kameralar yerləşdirilib, həyətə yeni gül və ağaclar əkmişik. Bunun üçün də həkim və tibb bacıları, hamımız pul qoyub almışıq. Pulları mən yox, tibb bacıları özləri yığıb”.

Xəstəxanada təmir və abadlıq işlərinə dövlət vəsait ayırırsa, bunu tibb işçilərinin etməsinin hansı ehtiyacdan yaranmasına gəldikdə, V.Ələkbərov bunun bir çox iş yerlərində tətbiq edilən qayda olduğunu iddia edib: "Dövlətin etdiyindən əlavə, özümüz də pul yığıb şəraiti daha da yaxşılaşdırmaq istəmişik. Ora bizim iş yerimizdir, nəsə almaq, abadlıq etmək ehtiyacı olanda bunları təmin etmək borcumuzdur”.

20-30 ilin tibb bacılarının yeniləri ilə əvəzlənməsinə gəlincə, V.Ələkbərov yeni işçilərin vakansiyalar əsasında qəbul edildiyini deyib: "Kimisə çıxarıb, yerinə yeni işçi qəbul etməyimiz yalan məlumatdır. Yeni tibb bacıları vakansiya əsasında qəbul edilir. Yeni işçi qəbul edərkən gənc kadrlara üstünlük veririk. Çünki onları kurslara göndərib yeni üsulları öyrətmək daha asan olur. 20 ilin tibb bacısına yeni üsulu göstərəndə deyir ki, "illərdir bu üsulla işləyirəm”.

Bir neçə işçi töhmət və xəbərdarlıqdan sonra işdən çıxarılıb. Tibb bacısı bir yaşlı uşağın əlinə termometri verib, o da sındırıb, civə uşağın qulağının içinə tökülüb. Halbuki, uşağın temperaturunu tibb bacısı özü ölçməli idi, lakin valideynə tapşırıb ki, özün ölç, vərəqə yaz. Bundan başqa, sabah başqası gəlib edər deyə, gecə açıq yanıqla gəlmiş xəstəyə sarğı etməyib, xəstə səhərə qədər inildəyərək qalıb. Belə şəxslər tibb bacısı işləyə bilməz. Onları bağışlamaq olmaz. Danışmağa qalsa, çox şey danışa bilərik. Məni bu vəzifəyə yanıq mərkəzini düzəltmək üçün, əhaliyə xidmət göstərmək üçün qoyublar. Nəyin bahasına olursa-olsun, oranı düzəltmək borcumdur”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə Yanıq şöbəsindən şikayətçi olan işçilərin mətbuata yox, məhz nazirliyə müraciət etmələrinin daha məqsədəuyğun olduğunu vurğulayıb: "Hesab edirəm ki, narazı həkimlər və tibb bacıları mətbuatdan əvvəl Səhiyyə Nazirliyinə və ya Bakı Baş Səhiyyə İdarəsinə müraciət edərdilər. Səhiyyə Nazirliyinin müvafiq şöbələri də bu məsələ ilə bağlı araşdırmalar aparıb, həqiqəti üzə çıxarardı. Doğrudan da, mərkəzdə korrupsiya və rüşvət hallarına rast gəlindiyi zaman da lazımi tədbirlər görülərdi. Bildiyim qədəri bir neçə şikayətçi şəxs var. Yaxşı olar ki, onlar nazirliyə müraciət eləsin. Nazirliyə və ya Bakı baş səhiyyə idarəsinə müraciət etmədən məsələni birbaşa mətbuata çıxarmaq yaxşı hal deyil. Onların hər biri dövlət işçiləridir və problemləri barədə nəzdində çalışdıqları orqanı xəbərdar etməlidirlər. Öz etirazları ilə bağlı bizə müraciət edib, cavab ala bilməsələr, məsələni ictimailəşdirərdilər. Ən azından mətbuatla eyni vaxtda aidiyyəti qurumlara da müraciət edə bilərdilər. Bizə heç bir müraciət daxil olmadığı üçün bu barədə araşdırma aparılmayıb. Yanıq şöbəsi ilə bağlı yayılan məlumatların nə dərəcə həqiqətə uyğun olub- olmadığını deyə bilmərəm”.

Şəymən