Təhsil Nazirliyindən telefon qadağası ilə bağlı AÇIQLAMA

Şagirdlərin mobil telefon işlətməsi tövsiyə olunmur



Təhsil Nazirliyi yeni tədris ilindən Azərbaycanın orta məktəblərində şagirdlərin mobil telefondan istifadə etməsinə qadağa qoyulması barədə xəbərlərə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, tədris prosesinə mane olduğu üçün orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi tövsiyə olunmur. Xüsusilə də dərs zamanı bu mövqe birmənalıdır.
Sorğuya cavab olaraq həmçinin qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulması ilə bağlı heç bir təlimat verilməyib.
*****
10:50
Orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyulub. Lent.az xəbər verir ki, bu barədə azvision.az məlumat yayıb. Artıq məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.

Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amillərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.

Belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.