Aktrisa xarici görünüşünə görə tamaşadan uzaqlaşdırıldı

Telli Hüseynova başına gələnlərdən danışdı



 "Kök olduğum üçün tamaşadan kənarlaşdırıldım."
Azərbaycan Dövlət Musiqili Teatrının xor artisti Telli Hüseynova ANS PRESS-ə müsahibəsində, artıq çəkisi üzündən teatrda yaşadığı problemlərlərdən söz açdı.
Telli xanım xarici görünüşünə görə hətta tamaşadan uzaqlaşdırıldığını bildirdi: "Teatrımızın mart ayında baş tutan açılışı münasibətilə "Arşın mal alan" tamaşası səhnəyə qoyuldu. Tamaşanı başqa teatrdan dəvət edilmiş rejissor İrana Tağızadə hazırlayırdı. "Arşın malçı mal göstər" səhnəsində oxuya-oxuya rəqs etməli idik. Bu xanım məni və daha iki xor artistini kök olduğumuz üçün səhnəyə buraxmadı, bizi rəqsdən azad etdi. O səhnəni xorun arıq qızları ifa etdi.

İrad bildirdim ki, bura xoreaoqrafiya deyil axı. Yenə də razılaşmadılar. Bu mənə həddindən artıq çox pis təsir etdi. Mənə dedilər ki, bir tamaşalıqdı, ürəyinə salma. Amma bacarmadım... 21 il işləyəsən, sonda səni lazımsız biri kimi kənara atsınlar. Əsəbiləşdim, stress keçirdim. Evə gedəndən sonra halım pisləşdi. Bəlkə də o vaxt yüngül infarkt keçirdim. Neçə gün özümə gələ bilmədim və o gündən şəkər xəstəsiyəm..."