ABŞ Qarabağla bağlı taktikanı dəyişir

Sülh sazişinin ortaya atılması, Ukraynada baş verən hadisələrdən qaynaqlanır



Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Uelsdə keçirilən görüşdə ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı böyük sülh sazişi üzərində işləməyi təklif edib. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, görüşdə Con Kerri danışıqlar prosesi ilə tanış olub və yeni addımların mümkünlüyünü öyrənib. Yaxın müddətdə sülh sazişi üzərində işə başlayacaqlarını ifadə edən E.Məmmədyarov bildirib ki, sentyabrın sonunda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək. Bu görüşə hazırlaşmaq üçün ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ayın sonunadək regiona səfər edəcək.

Sülh sazişinin təklif olunmasına münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, ABŞ əvvəlkindən fərqli olaraq Qarabağ məsələsinə daha aktiv formada təşəbbüskarlıq göstərərək prosesə müdaxilə etməyə çalışır: "Qərb dairələri ilk dövrlər Rusiyanın mövqeyinə meydan tanıyır və bununla hesablaşırdılar. Lakin indi, yəni Ukrayna ətrafında məlum beynəlxalq konfrontasiya fonunda Cənubi Qafqazdan revanş götürmək üçün hansısa planlar hazırlayırlar. Con Kerrinin israrla iki dövlət başçısının görüşünü təşkil etməsi, böyük sülh sazişi ilə bağlı bəyanat səsləndirməsi və "müharibəyə yox” çağırışları sübut edir ki, "Ağ Ev” Qarabağla bağlı taktikanı dəyişir. ABŞ dövlət rəhbərliyinin dəvəti və vasitəçiliyi ilə ölkəmiz çox yaxın zamanda bu görüşlərin şahidi olacaq. Barak Obama çox yaxşı bilir ki, Prezident Medvedyevin dövründən, yəni 2008-ci ildən bu yana Rusiyanın birinci şəxslərinin iştirakı və münsifliyi ilə Azərbaycan-Ermənistan rəhbərlərinin 12 dəfə nəticəsiz görüşü keçirilib. Son Kazan raundunda proses yenə də uğursuzluğa düçar olub. ABŞ prosesi öz nəzarətinə almaq və Rusiya ilə məlum siyasi müharibəni davam etmək üçün Qarabağ məsələsini mühüm hesab edir. Böyük ehtimalla yaxın günlərdə ABŞ öz neytrallıq, gözləmə, balansı qorumaq, siyasi sövdələşmə və bazarlıq kimi yanaşma mövqeyinə baxmayaraq, məsələni irəli apararaq bu yolda səylərini artıracaq. BMT Baş Assambleyasının nazirlər səviyyəsində baş tutacaq görüşü də sübut edir ki, danışıqlar prosesi davamlı olacaq”.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən böyük sülh sazişinin perspektivini şərh edərkən bildirib ki, ABŞ-ın sülh sazişi Azərbaycanın mövqeyini müdafiə edir: "Azərbaycan tərəfi deyir ki, müəyyən məqamlarla razılaşmırıqsa, onda "böyük sülh sazişi”ni bağlayaq və ondan sonra başqa məsələləri də razılaşdıraq. Tərəflər də təklif edirlər ki, sülh sazişi imzalansın və onun tərkibi tədricən doldurulmağa başlansın. Yəni indiyə qədər razılaşdırılmış məsələlər sazişin mətninə daxil edilir. Əsas diqqət isə razılaşdırılmamış məsələlərə yönəldilir. Nəzərə alsaq ki, Uelsdə də ərazi bütövlüyü məsələmiz ön plana çıxarıldı, gələcəkdə böyük sülh sazişinin imzalanmasına nail olmaq olar. Amma təbii ki, Ermənistan Rusiya ilə birlikdə buna qarşı çıxacaq. Rəsmi İrəvan üçün Dağlıq Qarabağın statusu ön plandadır. Ona görə də böyük sülh sazişini gerçəkləşdirmək məsələsində ciddi çətinliklər yarana bilər. Bu çətinlikləri dəf etmək üçün ciddi diplomatik səylər lazımdır. Əslində ideya yaxşıdır. Ancaq onu razılaşdırmaq, reallaşdırmaq o qədər də asan məsələ deyil”.

Politoloqun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa səylərini birləşdirsələr və bu işdə BMT-də aktivlik göstərsə, o zaman nəyəsə nail oluna bilər: "Artıq Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərin 80 faizdən çoxu razılaşdırılıb. Lakin 2 məsələ ətrafında problemlər ortaya çıxır. Bunlar Dağlıq Qarabağın statusu və Azərbaycanın ərazi
bütövlüyü məsələsidir. Bu iki prinsipial məsələ ətrafında Ermənistan qeyri-konstruktiv və işğalçı mövqe nümayiş etdirir. Ona görə də dialoqların davam etdirilməsi məqsədəuyğun görülür. Böyük sülh sazişini hazırlayanlar güman edir ki, tərəflər ortaq məxrəcə gələ biləcəklər”.

İsmayıl