NATO-nun sammiti gecikib

Qərb Ukrayna və Gürcüstanın "yaralarını" sağaltmayacaq



Ötən günlərdə NATO-nun Uelsdə baş tutan sammitində müzakirəyə çıxarılan məsələlər sırasında Rusiya-Ukrayna və Rusiya-Gürcüstan münasibətləri də yer alıb. Əslində isə bu problemlərin müzakirə obyekti olacağı öncədən proqnozlaşdırılırdı. Çünki son zamanlar rəsmi Moskvanın bölgədə təşəbbüskar rolunda çıxış etməsi və nüfuzunun artması Amerika və bir sıra Avropa ölkələrini narahat etməyə başlayıb. Ona görə də ABŞ və müttəfiqləri Kremlin meydanını daraltmağa çalışır.

Yəni, Ukrayna, Gürcüstan və digər postsovet ölkələrinə böyük vədlər verərək, Avropaya inteqrasiya yoluna çağırırlar. Bu yolu tutan ölkələr Kremlin sərt küləkləri ilə üzləşdiyi halda Qərb onları meydanda tək buraxır. Misal olaraq, Gürcüstan və Ukraynadakı hadisələri göstərə bilərik. Bununla yanaşı, rəsmi Tiflis və rəsmi Kiyev Qərbin provakasiyalarına aldanmaqda davam edir. Hətta Gürcüstanın Xarici işlər nazirinin birinci müavini David Zalkaliani Uels sammitinin ölkələri üçün qələbə olduğunu deyib.

Məsələni şərh edən politoloq Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskva Gürcüstan və Ukraynadan aldığını alıb. Onun sözlərinə görə, Rusiya istəklərini artıq həyata keçirib: "Putin Abxaziya və Cənubi Osetiyanı defakto özünə birləşdirib. Ukraynadan Krımı qoparıb. Ukrayna ərazisinin əhəmiyyətli bir hissəsi bir subyekt kimi beynəlxalq danışıqlar prosesində iştirak edib. Belə olan halda bir sual ortaya çıxır. Bəs Qərb Ukrayna və Gürcüstana nə verib? Vədlərdən başqa heç nə. Kiyevdə baş qaldıran prosesləri Qərb stimullaşdırmışdı. Maydan hərəkatından sonra ortada olan nəticə göz qabağındadı. Qərb bu müddət ərzində rəsmi Kiyevə heç bir əməli dəstək verməyib. Yalnız qalaq-qalaq bəyanatlar səsləndirib. Rusiya-Ukrayna münasibətləri alovlananda, Ukraynanın ərazi bütövlüyünə təminatçı olan Amerika və Böyük Britaniya az qala neytral mövqe sərgiləyirdilər. Yüngülvari açıqlamalarla çıxış edirdilər. Baş verənlər Amerikanın və ya Qərbin etibarını bir daha sübut etdi”.

Ekspert hesab edir ki, NATO-nun sammiti gecikib: "Bu təşkilat baş verənlərlə bağlı zamanında qərar verib, görüşlər təşkil etsə idi, nəyəsə nail olmaq olardı. Amma indi hər şey gecdi. Bu baxımdan Uels görüşünü NATO-nun uğursuz cəhdi kimi dəyərləndirirəm. Çünki orda heç bir prinsipial qərar qəbul olunmadı”.

E.Mirzəbəylinin qənaətincə, təkcə Gürcüstanla Ukraynada deyil, bütövlükdə Qərbdə lider problemi yaşanır: "Təsadüfi deyil ki, "Forbes” jurnalı ABŞ lideri Barak Obamanın çox zəif rəhbər olduğunu açıqlayıb. Eyni fikirləri Britaniyanın baş naziri və Almaniyanın kansleri haqqında da söyləmək olar. Hazırda Qərbdə Putinin qabağında dayana biləcək xarizmatik bir lider yoxdur”.

Ayyət Əhməd