“Elman Türkoğlunu fikrindən daşındıra bilmədim”

Mirmahmud Mirəlioğlu istefa qərarında adının çəkilməsini doğru saymır



Tanınmış bayraqdar Elman Türkoğlu Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) istefa verib. Bu barədə o, özünün "facebook” səhifəsində məlumat yayıb. E.Türkoğlu bildirib ki, müxalifəti tənqid etdiyi üçün partiya rəhbərliyinə çoxlu müraciətlər, şikayətlər daxil olurmuş. Elə buna görə də partiyaya və şəxsən KXCP sədrinə hər hansı söz gəlməməsi üçün istefa verərək müstəqil fəaliyyət göstərməyə, daha doğrusu, müxalifəti rahat şəkildə tənqid etməyə qərar verib.

İstefası barədə açıqlama verən E.Türkoğlu bəzi saxta müxalifətçilərin cavabını vermək üçün partiyada təmsil olunmaqdan imtina etdiyini bildirib. O deyib ki, KXCP üzvü kimi AXCP sədri Əli Kərimlini və ətrafını tənqid etməsi təmsil olunduğu partiyaya zərər verə bilərdi: "Mən Ə.Kərimli haqqında bir söz deyən kimi onun adamları dərhal Mirmahmud ağanın üstünə şikayətə qaçırdılar. Ona görə də məcbur oldum ki, istefa verim və irəli sürdüyüm ittihamları təkbaşına səsləndirim”.

E.Türkoğlunun istefasına münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu "Şərq”ə verdiyi açıqlamada bayraqdarın qərarından məyus olduğunu deyib: "Elman bəyin istefa niyyətindən çox narahat oldum. Dərhal ona telefon edərək fikrindən daşındırmağa çalışdım. Amma təəssüflər olsun ki, bayraqdarı bu fikrindən daşındıra bilmədim. Nə etmək olar? Özü bilər, seçiminə hörmətlə yanaşıram. Düzdü, istefa etməməliydi, yəni etməsə yaxşı olardı”.

M.Mirəlioğlu istefa qərarında adının çəkilməsini doğru saymır: "Düzdür, Elmanın fikirləri ilə bağlı mənə müraciətlər olurdu. Yəni xahiş edirdilər ki, ona təsir edim, danışmağa qoymayım və s. Hətta çox vaxt elə bilirdilər ki, onun tənqidlərinin arxasında mən dururam. Əslində mənə olunan müraciətlərdən, şikayətlərdən heç bir narahatlıq duymurdum. Sadəcə, müraciət edən şəxslərin narahatlığını başa düşmürdüm və bunu onlara açıq formada deyirdim”.

KXCP sədri bildirir ki, Elman Türkoğluna təsir göstərmək, söz demək mümkün deyildi: "Dəfələrlə ona demişdim ki, əgər kimlərsə səni təhqir edirsə, söyürsə, sən də hökmən həmin adama eyni şəkildə cavab verməli deyilsən. Hətta ümumiyyətlə, cavab verməsən daha yaxşı olar. Ancaq görünür, sözlərim Elman bəyə təsir etmirmiş”.

M.Mirəlioğlu bayraqdarın sosial şəbəkədə müxalifət nümayəndələri ilə söz davasına çıxdığını vurğulayıb: "Bilirsiz, dünyanın inkişaf etmiş ölkələri sosial şəbəkələrdən müsbət mənada faydalanırlar. Amma bizdə sosial şəbəkələrdən bir-birinə söyüş yazmaq üçün istifadə edirlər. Təəssüflər olsun ki, vəziyyət indi bu cürdür. Bəziləri saxta profillərdən istifadə edərək, istədiklərini edirlər. Əlbəttə, mən bunun əleyhinəyəm. Lakin məsələ burasındadır ki, mənim məsələyə münasibətim problemi həll etmir”.

İsmayıl