15 yaşlı Cavid girovluqdadır

Millət vəkili BQXK-nin fəaliyyətindən gileylənib




Bir neçə gün öncə 15 yaşlı Cavid Məmmədov erməni əsgərləri tərəfindən girov götürülüb. Hazırda yeniyetmə uşağın Xankəndində saxlandığı bildirilir. Beynəlxalq təşkilatlar və Azərbaycan ictimaiyyəti hadisəni pisləyir. Hətta azyaşlıların girov götürülməsi beynəlxalq hüquq normalarına da ziddir. Buna baxmayaraq ermənilər bu dəfə öz məkrli, dırnaqarası qəhrəmanlığını bir balaca uşaq üzərində göstərib.

Girovlarla bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova "Şərq”ə açıqlamasında sentyabrın 6-da Cavidə baş çəkildiyini və ondan alınan məlumatın ailəsinə çatdırıldığını bildirib. Qurum rəsmisi əlavə edib ki, uşağın qaytarılması yönündə BQXK tərəflər arasında dialoqu davam etdirir.

Qarabağdan seçilən millət vəkili Elman Məmmədov bu istiqamətdə ölkə prezidentinin tapşırığı ilə Xarici İşlər Nazirliyi səviyyəsində işlər aparıldığını bildirib: "Bununla yanaşı, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə danışıqlara başlayıb”.

Deputat həmçinin bir sıra böyük dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edib: "Onlar görsünlər ki, ərköyün kimi böyüdüb saxladıqları, havadarlıq etdikləri cinayətkar dövlət nə işlə məşğuldur. Hələ yeniyetməlik yaşına çatmamış uşağı girov götürərək, işgəncələr verir və gizlədir. Dünya birliyi bu qədər acizdir ki, cinayətkar, terrorçu dövlətin öhdəsindən gələ bilmirlər? Ermənilər bir müddət əvvəl kəlbəcərli soydaşlarımızı əsir götürürdülər, indi də uşağı girov götürüblər. İndiyə qədər neçə belə Azərbaycanın körpə uşaqları S.Sarkisyan başda olmaqla terrorçu qurum tərəfindən öldürülüb, işgəncələrə məruz qalıb, şikəst olublar. Ədalətdən, haqdan dərs keçən beynəlxalq təşkilatlar uzun illərdir başımızın altına sülh yastığı qoyub. Niyə indiyə qədər cinayətkarı yerində otuzdurub, müvafiq tədbirlər görmürlər?

Millət vəkili, BQXK-nin fəaliyyətindən də gileylənib: "Ermənilər BQXK-nin Yerevandakı nümayəndəliyinə nə deyirlərsə, onlar da həmin məlumatı Bakı ofisinə göndərirlər. Lakin orada girovların saxlanma şəraitinin necə olması ilə bağlı informasiya verilmir”.

Uşaq hüquqları üzrə ekspert Yusif Yəhyayev hesab edir ki, erməni hərbçilər tərəfindən 15 yaşlı uşağın girov götürülməsi BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının kobud şəkildə pozulması deməkdir: "Çünki "Uşaq Hüquqları haqqında” BMT-nin qəbul etdiyi konvensiyanın 38-ci maddəsinə əsasən 15 yaş və 15 yaşına çatmayan uşaqların silahlı münaqişələrə cəlb olunması, onların hər hansı bir hərbi əməliyyatlarda iştirak etməsi, silahlı qüvvələrdə xidmətə çağırılması qadağan edilir. Bu, həm də yerli qanunvericiliyə uyğun gəlmir. Ona görə ki, Azərbaycanın "Uşaq hüquqları haqqında” qanunun 37-ci maddəsində hərbi münaqişələr dövründən uşaqların müdafiəsi və onların hərbi əməliyyatlara cəlb olunması kimi bu tipli məsələlər öz əksini tapıb”.

Qeyd edək ki, 15 yaşlı Cavid II qrup əlildir və eyni zamanda Tərtər rayonunun 2 saylı orta məktəbinin şagirdidir. Erməni əsgərləri dəfələrlə cəbhə xəttinə yaxın kəndlərdə məktəbli uşaqları atəşə tutub. 2011-ci ilin martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 8 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən qətlə yetirilmişdi. Ötən ay isə ermənilər 2 məktəbliyə atəş açmışdılar. Nəticədə onlar xəstəxanaya yerləşdirilmişdi.

Vüqar Şahinoğlu