“Bu insanın cəzalanması vacibdir”

Fazil Mustafa: “Əgər onu tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə ehtiyac yoxdur”
Aqil Ələsgər: “Geri addım atmaq fikrim yoxdur. Məni ittiham edənlər gedib öz keçmişlərinə baxsınlar”


"Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər Türkiyənin "A haber” kanalında yayımlanan "Deşifrə” proqramında millət vəkili Fazil Mustafanı Fətullah Gülən örgütünün yaratdığı "paralel dövlətə” dəstək verməkdə və bu şəbəkənin Azərbaycan qolunun üzvü olmaqda ittiham edib. A.Ələsgərin "Gülən camaatı”nın təmsilçisi adlandırdığı deputat Fazil Mustafa "paralel dövlət”lə bağlı efirə gedən verilişlərdə adının hallanmasına sərt reaksiya verib.

Millət vəkili jurnalist Aqil Ələsgərin çıxışının qərəzli və böhtan xarakterli olduğunu deyib: "Mənə qarşı yüzlərlə belə ittihamlar səslənir. Onların qarşısında duracaq qədər güclüyəm. Burda əsas məsələ situasiyadan istifadə edib Azərbaycan gənclərini, savadlı lisey kadrlarını Türkiyə cəmiyyətinə düşmən gözü ilə təqdim etməkdir. A.Ələsgər liseyləri qurtaran uşaqları Azərbaycan dövlətinin düşməni kimi təqdim edir. Bu çıxış Azərbaycan dövlətçiliyinə qarşı hörmətsizlikdir. O deyir ki, ölkədə bir qrup var ki, bütün postları tutub. Bəyəm Azərbaycan dövlətinin kəşfiyyatı, hüquq-mühafizə orqanları bu qədər qabiliyyətsizdir? Bu, Türkiyə ictimaiyyətində Azərbaycanı alçaltmaqdır. Kiməsə yaltaqlanmaq istəyirsən yaltaqlan, fürsətdən istifadə edib nəsə qazanmaq istəyirsən qazan amma vətənini, xalqın övladlarını alçaldaraq buna nail olmaq yaxşı yol deyil. Faktı varsa, qoysun ortaya”. F.Mustafa əlavə edib ki, onun türk məktəblərini müdafiə etməyini Türkiyənin daxilində hansısa qüvvəni dəstəkləmək kimi qiymətləndirmək sadəcə axmaqlıqdır: "Biz Türkiyəni yaxşı tanıyırıq və onun daxilində olan qüvvələrə bərabər məsafədə dururuq. Ona görə də bu insanın cəzalanması vacibdir. Əgər onu tanıyan varsa, söyləsin ki, Türkiyə kanallarını gəzib işverənlik etməyə ehtiyac yoxdur. Bizim içimizdə Türkiyə sevgisi doğulanda, meydanda

AKP yox idi”. Deputat ittihamlarla bağlı görəcəyi işlərdən də danışıb: "Məsləhətləşəndən sonra müəyyən tədbirlər görəcəm. Çünki ortada bir böhtan var. Bu böhtanın məhkəmə perspektivlərinə baxıb ona görə də addım atacağam. Hər böhtana görə məhkəmədə işin udulması kimi bir nəticə gözləmək olmur. Sənədləşmələr elə aparılmalıdır ki, bir problem olmasın. Hər halda televiziyanın rəhbərliyinə də müraciət olunacaq ki, təkzib verilsin. Təkzib verilmədiyi təqdirdə, o zaman məhkəmə müraciəti üsuluna gediləcək. Çıxış edənin də təkzib verməsi bu proseduru dayandıra bilər. Bizim üçün kiminsə cəzalandırılması önəmli deyil. Əsas odur ki, insanlar öz səhvlərini başa düşsün”. Millət vəkili həmin ilahiyyatçını sadəcə tədbirlərdə gördüyünü və ittihamlarla bağlı kənardan məlumatlandırıldığını söyləyib: "Mənə kənardan dedilər ki, belə bir veriliş olub. Sonra Aqil Ələsgər özü videosunu göndərdi ki, mənim haqqımda təhqir yazmısınız, videonu izləyin, sonra fikrinizi yazın. Mən də videonu izlədim və fikrimin dəyişmədiyini dedim. O özü də bilir ki, böhtan atır. Özü də təkcə mənə yox, bir neçə millət vəkilinə. Onun söylədikləri bütövlükdə Azərbaycan haqqında mənfi rəy yaradır. Sanki Azərbaycanda heç bir dövlət gücü yoxdur və istənilən adam burda istənilən quruplaşma, dövlət çevrilişi hazırlaya bilər”.

Qeyd edək ki, hazırda Türkiyədə olan jurnalist Aqil Ələsgər F.Mustafanın dediklərinin bir qisminə cavab verib: "Allaha şükür ki, 10 il bundan əvvəl hansı mövqedə idimsə, yenə də eyni dəyərləri müdafiə edirəm. Geri addım atmaq fikrim yoxdur. Məni ittiham edənlər gedib öz keçmişlərinə baxsınlar. Mən bütün lisey məzunlarını xain adlandırmamışam. Bunu deyən yalan deyir. Bu barədə məqalə yazmışam. Açsın oxusun. Mən sadəcə olaraq dövləti ələ keçirəcəyini gizlətməyib, buna çalışanları adları ilə ifşa etmişəm və liseylərin bağlanmasını faciəyə çevirənlərə etirazımı bildirmişəm. Çünki bu gün o liseyləri Azərbaycan təhsilinin nicatı adlandıranlar əslində Azərbaycan təhsilini təhqir edirlər. Bəyəm bu qədər görkəmli xadimləri Azərbaycan təhsili yetişdirməyib? Fazil Qəzənfəroğlu həmkar olduğu deputat rektorların üzünə necə baxır ki, açıq şəkildə onları təhqir edir və Qafqaz Universitetini rüşvətsiz tək universitet sayır?”.

İsmayıl