Marşrutlarda gediş haqları artırıldı

Bu amil şəhərdən kənarda yaşayan insanların nəqliyyat xərclərinin artmasına gətirib çıxaracaq



Paytaxtda sərnişindaşıma sahəsində qayda-qanun yaratmaq üçün göstərilən səylər hələ də nəticə vermir. Nəqliyyat Nazirliyinin bəzi marşrut xətlərini ləğv etməsi, bəzi xətlərdə dəyişikliklər aparması, avtobuslara qarşı keçirilən reydlər də gözləntiləri doğrultmur. Milyonlarla xərc çəkmək hesabına tətbiq edilən Nəqliyyatın İntellektual İdarəetmə Sistemi ilə vahid kart sistemi də fiaskoya uğrayıb.

Marşrut avtobuslarının sürücüləri yenə də insan canı ilə "alver” edir. 20 qəpik üstündə biri-birləri ilə yarışırlar. Haqqını tələb edən sərnişinlərlə kobud davranır, onlara qarşı nalayiq sözlərdən istifadə edirlər. Aidiyyəti qurum isə hələ ki sadaladığımız problemlərin həllinə vaxt ayırmaq fikrində deyil. Başı gediş haqlarını artırmağa qarışıb. Nəhayət ki, ictimai nəqliyyatda qiymətlərin artacağı ilə bağlı yayılan söz-söhbətlər özünü doğrultdu. Dünəndən etibarən bəzi marşrut avtobuslarında gediş haqları artıb. Qeyd edək ki, avtobuslarda qiymət artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Tarif Şurası yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. Sadəcə, Tarif Şurası "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” 26 aprel, 2013-cü il tarixli, 1 saylı qərara dəyişiklik edib. Bakıətrafı qəsəbələrə işləyən marşrutlarda məsafənin dəyişməsi ilə əlaqədar da avtobuslarda qiymətlər dəyişib. Məsələn, Bakı ətrafında işləyən 195 nömrəli marşrut avtobusunda gediş haqqı əvvəllər 40 qəpik idisə, indi 80 qəpik olub. İqtisadçı-ekspert Vüqar Bayramovun qənaətincə isə Tarif Şurası qiymətlərin artırılması ilə bağlı qərar qəbul etməyib. Sadəcə, bəzi şəhərətrafı nəqliyyat xətlərinin genişləndirilməsinə uyğun olaraq, həmin nəqliyyat vasitələrində qiymətlərin müəyyən olunması ilə bağlı qərar qəbul edib: "Nəticədə Bakı ətrafına işləyən əksər sərnişin daşıyan nəqliyyat vasitələrində qiymət artımı olacaq. Bu qiymət artımı məqbul hesab olunmur. Amma bunun iqtisadiyyata ciddi ziyan vuracağını gözləmirik. Bakı ətrafından gətirilən kənd təsərrüfatı məhsulları əsasən digər maşınlarla daşınılır. Bu amil şəhərdən kənarda yaşayan insanların nəqliyyat xərclərinin artmasına gətirib çıxaracaq. Nəticədə bu, insanların sosial vəziyyətinə mənfi təsir edəcək. Ona görə də qiymət artımının olması məqsədəuyğun deyil. Biz qəbul edirik ki, qiymətlər aşağıdır. Aşağı qiymətlər nəqliyyatın rentabelli işləməsinə mane olur. Qiymət artımlarının mərhələli və az faizlə artırılması daha məqsədəuyğundur. Bir marşrutda qiymətin birdən-birə iki dəfə artması heç də doğru deyil”.

Azərbaycandakı gediş haqlarının insanların cibinə görə olmadığını vurğulayan V. Bayramov eyni zamanda Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının qiymətinin daha ucuz olduğunu da qeyd edib: "Azərbaycanda orta əmək haqqı alan azərbaycanlının qazancının ictimaii nəqliyyata çəkdiyi xərcin təxminən 28 faizini təşkil edir, orta təqaüdçünün aldığı təqaüdün təxminən 35 faizi ictimai nəqliyyat xərclərinə gedir, Avropa ölkələrində isə bu göstərici bütün hallarda birrəqəmli həddədir. Yəni avropalının aldığı əməkhaqqının heç 10 faizi ictimai nəqliyyat xərclərinə sərf olunmur. Avropada əsasən Mərkəzi və Şərqi Avropa ölkələrində bu göstərici ən yüksək həddədir. Onlarda əhalinin əməkhaqqlarının cəmi 12 faizi ictimai nəqliyyatda gediş haqlarına sərf edilir. Bütün bu deyilənləri nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının arırılmasına heç bir əsas yoxdu. Gediş haqlarının artırılması ictimai nəqliyyat xərclərinin əməkhaqqı və pensiyalardakı payının artmasına gətirib çıxaracaq ki, bu da vətəndaşlar üçün gözlənilməz xərclərin yaranmasına səbəb ola bilər. Digər bir məqam ondan ibarətdir ki, ictimai nəqliyyatda gediş haqlarının artırılmasının bütün hallarda psixoloji təsirləri olacaq. İctimai nəqliyyatda gediş haqlarının artırılması haqqında qərarın qəbul edilməsi digər məhsulların qiymətinin artımını sürətləndirəcək. Gediş haqlarının artımı Azərbaycan istehlak bazarına kifayət qədər neqativ təsir göstərəcək”.

Şəymən