Şagirdlər dərsə telefonla buraxılmayacaq

“Belə məsələləri qadağan eləsək, elektron təhsildən söhbət gedə bilməz”



Müasir texnologiyanın inkişafı müsbət meyillərlə yanaşı, neqativ tendensiyalara da yol açır. Son dönəmlər mobil telefonlardan kütləvi istifadə əksər şagirdlərin dərsdən yayınmasına gətirib çıxarıb. Telefonlar şagirdləri kitabdan qoparan başlıca təhlükə mənbəyinə çevrilib. Dəhşət burasındadır ki, əksər məktəblilər telefonu dərs zamanı da əllərindən düşürmürlər.

Müəllimlərin buna qarşı tədbir görməsi isə bəzi valideynlərin etirazına səbəb olur. Bəzən bu məsələyə görə valideynlərlə məktəb rəhbərliyi arasında qarşıdurmalar yaşanır. Bəzi valideynlər narazılıq ifadə edərək direktora "uşağım əcəb edib dərsdə telefon işlədib. Sən kimsən onu əlindən alırsan? Hüquq var. Qanun var” deməklə övladlarına daha da "dil verirlər”. Əslində isə həmin valideyn düşünmür ki, bununla da övladını "kor etmiş” olur. Üstəgəl, dərsdə hansısa şagirdin telefonla oynaması müəllimin işgüzar fəaliyyətinə mənfi təsir göstərir. Amma bu ildən etibarən məktəblərdə belə xoşagəlməz hadisələr yaşanmayacaq. Çünki Təhsil Nazirliyi orta məktəblərdə şagirdlərin mobil telefon işlətməsinə qadağa qoyub. Hətta adıçəkilən qurum tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildirək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.

Nazirliyin addımını dəyərləndirən Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsərt "Şərq”ə bildirib ki, bu qərar cəmiyyətin inkişafı üçündür. Onun sözlərinə görə, dövlət heç vaxt ziyanlı məsələləri gerçəkləşdirmir: "Ona görə də nazirliyin addımını dəstəkləməliyik”.

Ekspert hesab edir ki, məktəblərdə telefonların yığışdırılması üçün məntəqələr qurulmalıdır: "Məsələn, bütün mərtəbələrdə bir mərkəz yaradılsın. Hansısa şagird evə zəng etmək istəyərsə, həmin mərkəzdən istifadə etsin. Digər bir çıxış yolu da ondan ibarətdir ki, şagirdlər məktəbə daxil olanda telefonlarını sinif rəhbərlərinə və yaxud bu işə təhkim olunan məsul şəxsə təhvil versin. Belə olan halda dərsdə heç bir problem yaranmaz”.

Ekspertin qənaətincə, dərs müddəti hansısa şagird materialı mənimsəmək üçün telefondan istifadə edirsə, həmin şagird nəzərə alınmalıdır: "Belə məsələləri qadağan eləsək, elektron təhsildən söhbət gedə bilməz”.

Ayyət Əhməd