Böyük Plan: ali məktəblər bölgələrə köçürülsün!

Bu işin reallaşması çətin görünür, ancaq xeyli problemləri həll edə bilər




Azərbaycan ictimaiyyətində etiraz doğuran məsələlərdən biri də əksər ali təhsil müəssisələrinin Bakının mərkəzində yerləşdirilməsidir. Uzun müddətli müzakirələrə səbəb olan bu hal paytaxtda tıxaclar yaranmasına və təhsilin keyfiyyətinin aşağı salınmasına yol açır. Bu barədə müəyyən tənqidi yanaşmalar və təkliflər irəli sürülsə də, problem həll olunmamış qalır. Görünür, əlaqədar qurumlar problemə əncam çəkmək fikrində deyil. Ona görə də ictimai xadimlər bunu zaman-zaman gündəmə gətirirlər.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev də ali təhsil ocaqlarının şəhər ətrafına çıxarılmasından danışıb. "Bu təklif "Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə daxil olan Məxsusi Bakının baş planında nəzərdə tutulub. Şəhərin mərkəzində mövcud olan ali təhsil müəssisələri Böyükşor gölünün yaxınlığına, Qaradağ

rayonunda dəmir yolu xətti boyunca Xocahəsən və Zığ qəsəbələrinə doğru ərazilərə köçürülə bilər. Təbii ki, köçürmə işi bizə aid deyil. Lakin bu addım şəhərdəki tıxacın və digər neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq. Bəzi ali təhsil müəssisələrinin şəhərin mərkəzində fəaliyyət göstərməsinə heç bir gərək yoxdur. Gözəl nümunələrdən biri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kompleksidir. Bildiyiniz kimi, həmin ali təhsil ocağı Xocahəsən qəsəbəsində yerləşir. Bununla yanaşı, Qafqaz Universitetini də misal gətirmək olar”.

Məlumat üçün bildirək ki, bir müddət öncə Bakının mərkəzindəki ali təhsil ocaqlarının Qəbələyə köçürüləcəyi bildirilirdi. Amma hələ ki, heç bir səs-soraq yoxdur.

Məsələni təhsil sahəsi üçün məqsədəuyğun sayan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, dünya təcrübəsində çoxdan mövcuddur: "Əslində şəhər kənarına çıxarıldıqdan sonra hər bir universitetə məxsus yataqxanalar inşa edilməlidir. Xaricdə də belədir. Həm dərs keçilir, təcrübələr reallaşdırılır, həm də tələbələr orada məskunlaşırlar. Təhsilə aid bütün proseslər orada baş tutur. Amma bu, hələ layihə şəklindədir. İnşallah, gələcəkdə həyata keçirilsə, təhsil üçün müsbət töhfələr verə bilər”.

Köçürmənin paytaxtdakı sıxlığı aradan qaldırmasına gəlincə, ekspert bildirib ki, bu, tıxac probleminin həllinə də müsbət təsir göstərəcək: "Sovet dövründən bəri Bakıda olan ali məktəblərin əksəriyyəti şəhər mərkəzində yerləşir. Şəhərdən kənara köçürülərsə, hər gün şəhərə gedib-gələn kütlə azalar. Nəticədə tıxac problemi müəyyən qədər ortadan qalxar. Köçürmənin tıxacların azalmasına çox təsiri olacaq. Tıxac probleminin yaranmasında tələbələrin mühüm rolu var”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü də vurğulayıb ki, yeni inşa ediləcək universitetlər maddi-texniki təchizat baxımından müasir tələblərə cavab verəcəksə, kifayət qədər müsbət addım olacaq. Onun fikrincə, "kitabxana və yataqxananın universitetlə bir çatı altında olması təqdirəlayiq haldır: "Bu cür şərait tələbələrin təhsil keyfiyyətinin artırılmasına da ciddi şəkildə təsir göstərəcək. Tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Lakin mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək”.

Mütəxəssisin qənaətincə, şəhər mərkəzindəki universitetlər paytaxtın yükünü ciddi şəkildə artırıb: "Nəticədə şəhər əhalisinin gediş-gəlişi, istirahəti və nəqliyyatın gediş-gəlişi ilə ağlı problemlər yaranıb. Yeni sistem reallaşarsa, problemlərin hamısının qarşısı alınacaq”.

Təhsil eksperti Əjdər Ağayev hazırda Azərbaycanın ayrı-ayrı region və şəhərlərində ali təhsil müəssisələrinin yaradılmasının mümkün olmadığını deyib: "İndiki halda, regionlarda ali təhsil müəssisələrinin açılmasına nə imkan var, nə də buna ehtiyac duyulur. Bölgələrdə ali təhsil ocaqlarının yaradılması üçün təhsil elmi və texniki inkişaf nəzərə alınmalıdır”.

Açılacaq olan yeni universitetlərdə tətbiqi imkan olmadığını söyləyən ekspert bölgələrdəki ali təhsil ocaqlarında dərs deyən müəllimlərin lazım olan tələbi ödəyəcək savadının olmadığı qənaətindədir: "Universitetdə fəaliyyət göstərən kadr tədqiqatçı, geniş dünyagörüşə malik araşdırmalar aparan ustad ali məktəb müəllimi olmalıdır”.

Ə.Ağayev diqqətə çatdırıb ki, ehtiyac olduğu təqdirdə orta məktəbin ən yaxşı müəllimini tədris keçməsi üçün dəvət etmək olur. Lakin ali təhsil müəssisələri üçün belə imkanlarımız yoxdur: "Mövcud olanların yüksək keyfiyyətlə işləməsinə nail oluruqsa, bunun özü nailiyyət hesab olunur”.

Əməkdar müəllimin sözlərinə görə, gələcəkdə dövlətin iqtisadi-strateji siyasəti olacaqsa, yeni təhsil ocaqlarının açılmasını doğru adlandırmaq olar: "Şimal bölgəsi istisna olmaqla digər yerlərdə olan ali təhsil müəssisələrini təkmilləşdirmək vacibdir”.

İqtisadçı-ekspert Zahid Məmmədov da universitetlərin şəhər kənarına köçürülməsi ideyasını dəstəkləyir. Bunu paytaxtdakı sıxlığı azaltmaq, həmçinin təhsil sahəsində Avropa standartlarına uyğunlaşmaq üçün vacib şərt sayır: "Əvvəllər də deyirdik ki, şəhəri sıxlıqdan qurtarmaq lazımdır. Nəinki universitetlər, bəzi nazirliklər, dövlət müəssisələri də şəhərdən kənara, hətta

regionlara köçürülməlidir. Bakıda hərəkət etmək mümkünsüzdür. Deyə bilərsiniz ki, tıxaclar bütün böyük şəhərlərin problemidir. Razıyam. Amma hər ölkə, hər bir şəhər bələdiyyəsi tıxacları minimuma endirməyin yollarını axtarıb-tapır. Təəssüf ki, paytaxtımızda belə deyil. Yaşayış binaları, idarə və müəssisələr, məktəblər, universitet binaları azalmaq əvəzinə çoxalır. Heç kim də şəhər kənarına getmək istəmir”.

Ekspert problemin çıxış yolunu da göstərib: "İlk növbədə infrastruktur formalaşmalıdır. İctimai nəqliyyat elə bir hala gətirilməlidir ki, şəhər kənarına gediş-gəliş çətin olmasın. Əksinə, insanlar könüllü surətdə şəhərdən kənara çıxmağa meyl etsinlər, həvəs göstərsinlər. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Amma həmin ölkələrdə tələbə və müəllimləri o kampuslara xüsusi avtobuslar daşıyır. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Buna ehtiyac görmür. Yeməyi də oradadır, yatağı da. Kitabları, dəftərləri də. Dərslərini də orada çalışır, elmi kitabxanalardan, təcrübə otaqlarından istifadə edir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Yoxsa, tələbə çörək almaq üçün kampus ərazisindən çıxıb marketə getməli olacaq? Bizdə nəqliyyat problemi hələ həll olunmayıb. Xırdalandan, Sumqayıtdan Bakıya gəlmək insanlar üçün işgəncədir. Xırdalana, Ceyranbatana köçürülən tələbələr, müəllimlər evlərinə necə gəlib gedəcək? Ona görə də ali məktəbləri şəhər kənarına köçürməzdən öncə, nəqliyyat problemini həll etmək lazımdır”.

İqtisadçı bəyan edib ki, ümumiyyətlə, Bakıda idarə və müəssisələrin yerləşməsi düzgün aparılmayıb: "Metronun "Elmlər Akademiyası” stansiyasının ətrafında nə qədər təhsil müəssisəsi var. BDU, Texniki Universitet, İnşaat və Memarlıq Universiteti, nə qədər orta məktəb, nəhəng Elmlər Akademiyası və onun institutları, hələ Milli Ensiklopediya Kitabxanası da yenicə inşa edildi. Bu ərazini bu qədər yükləməyin anlamı nədir? Təbii ki, iş və dərs saatları başlayanda və bitəndə burada böyük sıxlıq, tıxac olacaq. Həm də dərs saatları hamısı eyni vaxtda başlayıb, eyni vaxtda bitir. Eyni vaxtda minlərlə tələbə metroya, avtobuslara axın edir. Dəfələrlə təklif etmişəm ki, tıxacların qarşısını almağın bir yolu da dərs saatlarının başlanma vaxtını fərqli etməkdir. Dərs vaxtları arasında 15-20, yarım saat fərq olmalıdır ki, hamı birdən axın etməsin. Böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Amma bizdə əksinədir. Universitetlər də, institutlar da, nə qədər nazirlik, dövlət əhəmiyyətli obyektlər var, hamısı şəhərin mərkəzinə toplaşıb. Bunlar növbə-növbə şəhər kənarına çıxarılmalıdır ki, şəhər bir az nəfəs alsın, insanlar bir qədər sərbəst hərəkət edə bilsin”.

Ayyət Əhməd