Pulların oğurlanması...

Toylarla bağlı sərt tədbirlər görülməlidir
Seyran Səxavət: “Mən kömək etməyə hazıram, istəyirlər, lap menyü da hazırlayım”



Çingiz Qənizadə: "İnzibati qaydalar mütləq olmalıdır. Çünki könüllü şəkildə heç kim hazırkı qaydalardan imtina etməyəcək”

"Bu toy ki, var, çox qəlizdi. Həm qəlizdi, həm də vacib...” Azərbaycan kinosunun klassik incisi - "Bəyin oğurlanması”ndan mərhum Səməndər Rzayevin bənzərsiz səsi ilə yadda qalan bu ifadə günümüzün gerçəyini necə də dəqiqliyi ilə əks etdirir. O filmdə nələr yoxdur?! "Necə oynayaq ee, səs bu tərəfdən gəlir, çalğıçılar o tərəfdədir”, "Əəə, bu yandan eşit, o yandan oyna!”, "5 min manat pul alıblar məndən, oynamaqlarına bax!..”. "Maşın, ev, cehiz. - Bəs axırı nə oldu? - Axırda boşandılar da!..” Əslində, bu film xalqımızın qədim adət-ənənələrinə yenilərini yamaq edənlərə bir üsyandır. Sonunda toy adət-ənənəmizə uyğun edilir. Hər şey qaydasına düşür.

Deməli, hələ o zaman, sovet illərində başbilənlər adət-ənənələrimizə yad elementlərin pərçimlənməsinin bizi fəlakətə aparıb çıxaracağını bilirdilər.

Gözlənilən də başa gəldi. Hazırkı toylarımızda nə Azərbaycan adına yaraşan bir hal qalıb, nə də müsəlmanlığa sığışan. Toy başlayandan uzaqbaşı 1-2 saat sonra ortalıq diskotekaya dönür. İşıqlar "göz vurur”, qocalı-cavanlı hamı ortalığa atılıb orasın-burasın burcudur. Arvad-kişi qarışır bir-birinə. Olur həftəbecər. Yeməklər kimi. Toy masasının üzəri hansı halda, hansı şəkildədirsə, rəqs meydançası da eynən o şəkli alır. Gəlinlər hər kəsdən öncə ortalıqda atlanıb-düşür; gəlinliklərinin yaxasını yuxarı darta-darta. Qadınlar kişi kimi oynayır, "kişilər” qadın kimi. "Bəyin oğurlanması”nda deyilən kimi, mahnının səsi bir tərəfdən gəlir, müğənni başqa tərəfdə ağzını açıb-yumur. Musiqiçilər də yalandan nağara vurur, özünü çalan kimi göstərir. Bu boyda vur-çatlasının sonunda toy sahibi borca düşür, qazanmaq yerinə, əksinə ziyana uğrayır. Bir aydan sonra qohum-əqrəba eşidir ki, bəs, filankəsin qızı və ya oğlu boşanıb. Bu da sizə toy!..

"Toya toy tutmaq istəyirlər”

Amma hökumət toyları da, yasları da nizama salmaqda qərarlı görünür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yas mərasimləri ilə bağlı tövsiyələrini verib artıq. Yas mərasimlərində israfçılığın qarşısını almaq, insanların lazımsız yerə əziyyət çəkməmələri, maddi sıxıntıya düşməmələri üçün masaya yalnız çay, qənd, limon və mümkündürsə, halva verilməsini tövsiyə edib. Hətta belə bir təkliflə də çıxış edilib ki, yemək formasında ehsan süfrəsi olsa da, ancaq bircə dəfə verilsin. Və bildirək ki, bu təklif əhalinin böyük əksəriyyətinin ürəyincədir və insanlar bu tövsiyələrə əməl etməyə başlayıblar. Çünki onsuz da camaat ehsan süfrəsi açmağa könüllü deyildi. Doğması, əzizi rəhmətə gedən adam bu itkinin acısını çəkməyə macal da tapmırdı. Başı qarışırdı, aşa, bozbaşa. Ona görə də yas mərasimləri ilə bağlı məlum tövsiyələrin irəli sürülməsi insanların əzab-əziyyətdən azad edilməsi kimi qəbul olunur. Di gəl ki, toy məclisləri ilə bağlı belə optimist olmaq mümkün deyil. Toy biznesi hələ də özünün pik nöqtəsindədir. Nə işdirsə, insanlarımız dini məsələlərlə bağlı tövsiyələri tez qəbul edirlər, amma o məsələdə ki, "müasirlik” var, ipə-sapa yatmırlar. Dinlə bağlı qayda-qanunlara itaətkar olmağı bacaran bizlər, dünyəvi məsələlərdə heç cür yola gəlmirik. Hərçənd, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq sarayları ilə bağlı təkliflər hazırladıqlarını və bunun gələcəkdə qanun şəklinə salına biləcəyini də açıqlayıb, əhaliyə bu, az inandırıcı görünür. Əksəriyyət bu fikirdədir ki, yaslara baxmayın, toy biznesini çökdürmək mümkün olmayacaq. Şadlıq saraylarının "arxasında” məmurlar dayanır, ona görə.

Bəs toyların əndazəyə salınması üçün qanunlara ehtiyac var, yoxsa inzibati metodlar belə məsələlərdə işə yaramır?

Rəyini soruşduğumuz tanınmışlar müxtəlif fikirlər səsləndirdi.

Yazıçı-dramaturq Seyran Səxavət sərt qanunların qəbul olunmasının tərəfdarı olduğunu dedi:

- Bunların hamısı dövlətin əlindədir. Dövlət şadlıq saraylarına cərimələr, sanksiyalar tətbiq etməlidir. Dünya balaca bir yerdir. Bütün bəşəriyyət bir yerdə yaşayır. Bunu niyə deyirəm; Bizim toylarda stola qoyulan yeməklərin 30 faizi ancaq yeyilə, ya yeyilməyə. O yeməklərin azı 70 faizi yeyilmir. Atılır. Amma dünyada 1 milyard 800 milyon insan aclıq həddindədir. Bəs bunu Allah götürər?! Dövlət bu məsələdə nə tədbir görsə, mən onunla razıyam. Amma bu şərtlə ki, qanunlar, qaydalar bütün şadlıq evlərinə aid olsun. Ayrı-seçkilik edilməsin. Elə məsələlər var ki, onları xalq özü tənzimləməlidir. "Ras” ki, xalq özü eləmir, gərək dövlət işə qarışsın. Son illərdə ən çox xoşuma gələn iş yaslarla, toylarla bağlı məsələ qaldırılmasıdır. Çünki yaslarımız da, toylarımız da çox həddini aşıb. Xüsusən də bu, şəhər toylarına aiddir. Rayon yerində kimdi 5-6 cür yemək bişirən, 17 cür soyuq qəlyanaltı verən. Bir cöngə kəsirlər, dana soyutması, bozartmadan bişirirlər, aşıq da çağırıb çalıb-oynayırlar. Həddin aşılması bizim möhtəşəm paytaxtımıza aiddir. Özü də sizə deyim ki, 2 cür yemək bişirilən o toyun bəylə gəlini daha

xoşbəxt olur, nəinki şəhərdəki 17 cür soyuq qəlyanaltı verilən şadlıq sarayında toyu olan bəylə gəlin. Mən sərt qanunların, qaydaların tərəfdarıyam. Həm də bu qaydalarda hər şey "çyotkı” göstərilməlidir. Elə kip qanun olmalıdır ki, daha arasına, türkün məsəli, heç nə girməsin. Yoxsa, tutalım, yazsalar ki, çox yemək olmaz, birisi yenə 5-6 yemək sifariş edib, deyəcək, "çox deyil ki, nə var burda!,,” Hər şey i dəqiq, yeməklərin növünə, kilosuna qədər göstərsinlər. Bu qaydaları pozanları da sərt şəkildə cəzalandırsınlar. Bizim adamları özbaşına qoymaq olmaz. Necə ki, ölünü özbaşına qoymurlar. Çünki təmtəraq, özünü göstərmək, təkəbbür bizim iliyimizdə, qanımızda, canımızda, bir sözlə, hər tərəfimizdədi. Özü də bu toya çağırılanlara hörmətdən irəli gəlmir. Ancaq təkəbbür, özünü göstərmək, kompleksdən irəli gəlir: "Qoy gedib desinlər ki, filankəsin toyunda stolda quş südü, can dərmanı vardı”. Budur, toylarımızı bu şəklə salan.

Bu məsələdə mən kömək etməyə hazıram. İndiyədək nə qədər toy məclislərində olmuşam. İstəyirlər, lap menyü də hazırlayım...

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev isə sərt inzibati metodların tətbiqinin o qədər də tərəfdarı deyil. Millət vəkili bu fikirdədir ki, əgər əlaqədar dövlət qurumları öz vəzifələrini yerinə yetirsələr, toy biabırçılığının qarşısı alınar:

- Adət-ənənələr qanunla tənzimlənmir. Bunların çoxu tarixdən keçib gələn, daşlaşmış ənənələrdir. Sadəcə, sovetlərin dağılması, müstəqillik, bazar iqtisadiyyatı fonunda bəzi adətlərimiz də olduqca çirkin şəkildə formasını dəyişdi. Bazar iqtisadiyyatı dedikdə, bəziləri belə başa düşdü ki, nə istəsələr edə bilərlər. Sahibkarlar müəyyən monopoliyalar yaratdılar. Hesab edirəm ki, dövlətin inzibati resursları yetərincədir. Dövlət orqanları öz funksiyalarını, üzərlərinə düşən işi yerinə yetirsələr, şadlıq evləri ilə bağlı bu biabırçılığın qarşısı alınar. Vergilər Nazirliyi şadlıq saraylarına, iaşə obyektlərinə konkret vergi təyin etməlidir. Niyə bir müğənni bir toydan 10 min manat qazanmalıdır, amma dövlətə vergi ödəməməlidir? Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də öz işini yaxşılaşdırmalıdır. Məsələn, səsləndirmə ilə bağlı Nazirlər Kabinetinin məlum qərarı var və orda qaydalar dəqiq göstərilib. Azərbaycandakı şadlıq saraylarının bəlkə də 90 faizində akstika sistemi ümumiyyətlə, yoxdur. Bu məsələni yoluna qoymaq üçün həm MM-in qəbul etdiyi qanuna, həm də NK-nin müvafiq qərarına istinad etmək olar. Dövlət Əmək Müfəttişliyi şadlıq saraylarında uşaq əməyinin istismarına göz yummamalıdır. İşçilərin əmək müqaviləsiz çalışmasını üzə çıxarmalıdır. Hamımız bilirik ki, bir toyda 50 nəfər, bəzən 100 nəfər ofisiant çalışır. Onların heç biri ilə əmək müqaviləsi bağlanmır. Vergidən yayınma halları baş verir. Qidalarla bağlı vəziyyət dəhşətlidir. Mayonezli salatlar məclis başlanmazdan azca əvvəl hazırlanmalıdır. Çünki mayonez vurulmuş salat açıq havada 1 saat sonra artıq xarab olur. Amma o salatlar nə zaman hazırlanır? Səhər vaxtı! Masaya verilən balıqlar çindən gətirilmiş qondarma balıqlardı. Qida gigiyenasına önəm verilmir. Bu da Gigiyena və Epidemiologiya Mərkəzinin işidir. Görürsünüz, dövlətin bu qədər inzibati resursları var. Bununla belə düşünürəm ki, Nazirlər Kabineti səviyyəsində toylarla, şadlıq sarayları ilə bağlı müəyyən tənzimləmə işləri aparmaq olar.

Şadlıq saraylarının sifarişçiyə menyü diktə etməsi ilə bağlı isə M.Quliyev fərqli fikir bildirdi:

- Bütün şadlıq sarayları belə etmir. Məsələn, mən yaxın dostumun qızının toyunda iştirak etmişəm, orada əvvəldən menyü tərtib etmişdilər, 2 cür isti yemək, 2 cür də soyuq yemək təklif edirdilər. Amma bəli, elə şadlıq sarayları var ki, öz istədiyini diktə edir. Məncə, burada tələb-təklif reallığı da var. Tələb təklifi üstələdiyindən şadlıq sarayları qaydalar diktə edir. Biz də Türkiyə modelinə keçə bilsək, o zaman bu problem həllini tapar. Dünyanın heç bir yerində toya 1000 nəfər adam çağırmırlar. Toyda ancaq yaxın qohumlar, dostlar iştirak edir. Nəyə lazımdı, 1000 nəfərlik toy?! Məncə, bu müzakirələr hələ uzun müddət davam edəcək. Sonda yekun nəticəyə gəlinəcək.

Millət vəkili Çingiz Qənizadə isə deputat həmkarının təriflədiyi şadlıq sarayının harada olduğunu soruşdu:

- Mən bu yaşa çatmışam, belə şey görməmişəm. Musa müəllim o şadlıq sarayının adını desin, gedim ora. Bu birmənalıdır ki, bütün şadlıq sarayları sifarişçiyə qaydaları diktə edir. İnsanlar şadlıq saraylarının əlində girov qalır. İnzibati qaydalar mütləq olmalıdır. Çünki könüllü şəkildə heç kim hazırkı qaydalardan imtina etməyəcək. Bu gün 3 toya dəvətnamə almışam. Bu toyları yola vermək üçün gərək müğləq borca girəsən. Mən buna dözə bilmirəmsə, başqaları necə dözsün? Hamı fikirləşir ki, kiminsə toyuna getmişəm, o da mənim toyuma gəlməlidir. Daha düşünmürlər ki, bu "adətlərdən” imtina etməklə, övladlarının rahat gələcəyini təmin etmiş olarlar. Toylarda israfçılıq baş alıb gedir. Kimsə gedib menyünü dəyişmək, azaltmaq istəyirsə, onu qapıdan qovurlar. Toylarla bağlı mütləq sərt qaydalar tətbiq edilməlidir. Maksimum 100 nəfərlik məclis olmalıdır. Mən "isveç masası” modelini təklif edərdim. "İsveç masası”nda kim nə qədər yeyəcəksə, o qədər götürür. Daha bizim toylardakı kimi yemək ortalıqda tökülüb qalmır. Bilirsiz, gərək aşağıdan etiraz olsun ki, yuxarılar da buna müvafiq qərarlar qəbul etsin. Bir də ki, bu elə bir məsələdir ki, hər kəs özü tənzimləyə bilər. Deputat da, ziyalı da, gərək birinci növbədə özü bu əcaib qaydaları dəyişsin. Hesab edirəm ki, Milli Məclisin payız iclasında millət vəkilləri bununla bağlı öz fikirlərini deyəcəklər.

Məlahət Rzayeva