500 manat cərimə azdır

Bakıda itin amansız öldürülməsi etirazlara səbəb oldu



Yer üzünün ən vəhşi məxluqunun insan olması fikri çoxlarında qıcıq yaradır. Lakin son vaxtlar insanlar tərəfindən dilsiz-ağızsız heyvanlara edilən vəhşiliklər bu fikri bir daha təsdiqləyir. Alman filosofu Artur Şopenhauerin təbirincə desək, heyvanlara mərhəmətlə yanaşmaq xeyirxahlıqla sıx bağlıdır. Heyvanlara qarşı edilən işgəncələr fonunda isə əminliklə demək olar ki, heyvanlarla sərt davranan şəxs rəhmdil ola bilməz. Eyni ilə Doqqiyə işgəncə verən naməlum azərbaycanlı kimi...

Qeyd edək ki, paytaxt Bakıda növbəti dəfə itə qarşı insanlığa yaraşmayan vəhşilik edilib. Heyvansevərlərdən birinin sosial şəbəkədə yaydığı fotoda bir itə qarşı edilən qəddarlıq tam çılpaqlığı ilə əks olunub. Şəkli paylaşan şəxs fotoya aydınlıq da gətirib: "Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakinləri bir neçə gün öncə həyətlərində ağaca bağlı it tapıblar. Könüllü heyvansevərlər dərhal onu veterinara aparıb, müalicə etdiriblər. İtə baxacaq birini axtaran sakinlər onu könüllü istəyən gənc bir oğlana veriblər. Könüllülərə itə yaxşı baxacağını deyən oğlan daha sonra iti apararaq ona vəhşilik edib.

O, Doqqi sortundan olan iti bıçaqla kəsib və daha sonra onun şəkillərini "gedin, nə istəyirsiniz eləyin” deyərək sakinlərə göndərib”.

Hadisə ciddi etirazlara, narazılıqlara səbəb olub. Sosial şəbəkələrdə gedən müzakirələrdə bu qeyri-insani əməli törədən şəxslərin cəzalandırılmasını, hətta onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlər də var. Heyvanların müdafiəsi ilə məşğul olan təşkilatlar da bu cür olayları pisləyir, heyvanlarla qəddar davrananların məsuliyyətə cəlb edilməsini istəyirlər.

Təəssüf ki, qanunlar heç də həmişə cinayətə adekvat cəzanı nəzərdə tutmur. Bu da qəddar adamların əl-qol açmasına, cəzadan yayınmasına səbəb olur. Çünki bu tip insanlar heyvana qarşı törətdikləri vəhşilik müqabilində heç bir cəza almayacaqlarına, bəzən isə yüngül cərimə ilə, (hələ o da ələ keçəcəyi təqdirdə) yaxalarını qurtaracaqlarına əmindirlər.

Əslində, insanlara qarşı heyvancasına davranılan hazırkı dünyamızda bəşər övladından heyvanlara insani münasibət gözləməyə bəlkə heç dəyməz də.

Sadəcə maraqlıdır, insanların heyvanlarla bu cür rəftarında problem cəmiyyətdədir, yoxsa...?

"Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birliyinin sədri Mənsurə Rəsulzadənin qənaətincə, cəmiyyətdə heç bir problem yoxdur: "Belə davranışın kökündə insan beyninin düzgün inkişaf etməməsi durur. Hər bir insan fərd olaraq düşünür. Düşüncə tərzi dəyişmir, sadəcə, formalaşır. Bu videolentləri görəndən sonra belə qənaətə gəldim ki, əgər bir insan heyvanlara qarşı belə hərəkət edirsə, onun problemi özündədir. Cəmiyyətdə yox. Azərbaycanda vəziyyət o həddə çatıb ki, bu cür əməllər artıq inzibati yox, cinayət məsuliyyəti kimi xarakterizə olunmalıdır. Çünki köməksiz heyvanla bu cür rəftar əsl cinayətdir”.

M. Rəsulzadə heyvanlara qarşı işgəncənin aradan qaldırılması üçün ictimai qınağın da vacib olduğunu söyləyib: "Bizdə qanunvericilikdə belə bir maddə var ki, heyvanı öldürəni 500 manat məbləğində cərimələyirlər. Hesab edirəm ki, cəmiyyət, ictimaiyyət tərəfindən də belə halların ciddi şəkildə qınanmasına ehtiyac var. Bu gün bölgələrdə heyvanların başına elə oyunlar açırlar ki, çoxlarının bundan xəbəri yoxdur”.

Təşkilat rəhbərinin fikrincə, iti amansızlıqla öldürən insanların hərəkətləri onların hansı ailədə böyüdüklərinin göstəricisidir: "Burada məsuliyyət daha çox valideynlərin, ailələrin üzərinə düşür. Təsəvvür edin, itlə belə rəftar edən insanların əlinə hansısa zəif insan, başqa varlıq düşsə, nələr edərlər?! Bu, onların hansı ruhda böyüməsinin göstəricisidir”.

Heyvanlara qarşı bu cür vəhşilik faktlarının sayının günü-gündən artdığını vurğulayan M.Rəsulzadənin sözlərinə görə, mütləq ölkədə belə hadisələrin qarşısını alan qanunlar tətbiq edilməlidir: "Sivil ölkələrdə istənilən canlıya qarşı vətəndaş tərəfindən edilmiş vəhşilik hökmən cəzalandırılır. Çox təəssüf ki, Azərbaycanda bu kimi qəddarlıqlar cəzasız qalır. Müəyyən sanksiyalar var ki, əksər hallarda o da tətbiq olunmur”.
M.Rəsulzadənin sözlərinə görə, bizim cəmiyyətdə heyvanı öldürənə yaxşı, amma ona qayğı göstərənə anormal kimi baxırlar: "Bir dəfə özüm şahidi olmuşam. Uşaq atasının yanında pişiyi qorxudurdu. Ona etmə dedikdə, atası mənə etirazını bildirdi. O insan başa düşmür ki, övladını pis tərbiyə edir. Bu gün heyvanı vuraraq o uşaq təcrübə yığır. Gələcəkdə daha pis işlər görəcək. Hər valideyn uşağına düzgün tərbiyə versə, cəmiyyət də düzələr. Ümumiyyətlə heyvanlara qarşı amansız davranmaq, həm günahdır, həm də cinayət”.
Birlik sədri onu da bildirib ki, Azərbaycanda heyvanları öldürməyə görə, cinayət məsuliyyəti tətbiq edilsə, insanlar belə hərəkətlər etməkdən daha çox çəkinərlər. Əks halda kimlərsə tərəfindən həyata keçirilən bu cür hərəkətlər cəmiyyətdə də mənfi tendensiya formalaşdırır, vandalizm hərəkətlərinin təbliğinə rəvac vermiş olur”.

Şəymən